Millətini Azadlığa Aparan Lider – Corc Vaşinqton

Posted August 17th, 2011 at 1:03 pm (UTC-5)
2 comments

Qətiyyəti, cəsarəti, ardıcıllığı, dönməzliyi, eyni zamanda hədsiz təvazökarlığı və sükutu ilə ilə tarixi şəxsiyyətlər piramidasının zirvəsinə ucalmış Corc Vaşinqton haqda çox deyilib, çox yazılıb.  Hər il amerikalılar demokratiyanın beşiyi sayılan Respublikanın qurucusunun ad gününü federal bayram kimi anır.  Onun adına paytaxt, ştat və saysız-hesabsız qəsəbə və şəhərlər var.  Müəllif Ron Chernoun “Corc Vaşinqtonun Həyatı” adlı kitabını oxuyandan sonra siyasi xadimin ona verilən şərəfə büsbütün layiq olduğu bir daha əyan olur.

1776-cı ilin qışı.  Milad gecəsi ərəfəsi.  Özünü Kontinental Ordu adlandıran silahsız, ac-yalavac bir neçə min adam dünyanın ən qüdrətli imperiyası qarşısında silahı yerə qoymağa hazırlaşır.  Bir-birinin ardınca uğranılan biabırçı məğlubiyyətlərdən sonra çoxları Amerika inqilabını bitmiş illuziya hesab edir.  Vaxtikən Amerikanın ən varlı adamı olmuş, lakin bütün var-yoxunu xalqının azadlığı uğrunda riskə qoyaraq “radikal vətən xainləri” adlandırılan dağınıq müstəqillik tərəfdarlarının komandanlığını öz üzərinə götürmüş Vaşinqton da vəziyyətin ağırlığından agahdır.  Şam işığında dalğın oturmuş General ağ vərəqə nəsə yazır.  Sonradan yerə düşən vərəqi götürmüş müşaviri ağ kağızda yazılanı oxuyur: “Qələbə yaxud Ölüm!”

Dünyanın böyük hissəsinə nəzarət edən Britaniya krallığına qarşı çıxmaqla Vaşinqton və onun silahdaşları həyatlarını ağlasığmaz riskə qoymuşdular.  Ələ keçiriləcəkləri halda onları mütləq dar ağacı gözləyirdi.  Ancaq Çernoun yazdığında görə, “Vaşinqton ən parlaq anlarını məhz durumun çıxılmaz vəziyyətdə olduğu vaxt yaşayırdı.”  Konqresin tələm-tələsik general rütbəsi verdiyi bir neçə inqilabçı ilə  məşvərətlər keçirdikdən sonra qərar verilir.  Dekabrın 25-də, soyuq Milad günündə şəxsən Vaşinqtonun öz rəhbərliyi altında iki minə yaxın vətənpərvər Delavar çayını keçrək kralın muzdlu alman döyüşçülərinin Trentondakı düşərgəsinə hücum edir.  Onlara heç vaxt hörmət etməyən və bu səbəbdən də başlanan hücumdan təəccüblənən düşmən pərən-pərən düşür.  Var gücləri ilə vuruşan amerikalılar cəmi iki itki hesabına hessianları darmadağın edir.  Bu olaydan üç gün sonra hərbi momentumu  saxlayan amerikalılar Prinstona hücuma keçərək Britaniya kontingentini təslim olmağa məcbur edirlər.  Cəmi bir həftənin içində ümidsizliyə qapılmış amerikalıların qələbəyə inamı dönməz xarakter alır.  Sonrası, necə deyərlər, tarixdir.

Maraqlıdır ki, Vaşinqton heç də həmişə inqilabçı omamışdı.  Gənc yaşlarında o, şöhrəti Britaniya üçün fransızlara qarşı vuruşmaqla qazanmışdı.  Zəngin ərindən dul qalmış Marta ilə evləndikdən sonra Vaşinqton Amerikada ən iri torpaq sahələrinin mülkədarı olmuşdu.  Onun yüzlərlə qulu var idi. Vaşinqtonun yaxın çevrəsi Britaniya generalları və qubernatorlardan ibarət idi.  Amma Britaniyanın amerikalılara qarşı saymazyana siyasəti, onları ikinci dərəcəli təəbə statusuna şamil etməsi özünü şəxsiyyət kimi hiss etmək istəyən adamlar üçün seçim qoymurdu.  Londondan amiranə şəkildə tətbiq edilən vergilər və amerikalıların maraqlarını nəzərə almayan qanunlar Vaşinqtonu silaha sarılmağa və vuruşa-vuruşa respublikaçı inqilabçıya çevrilməyə vadar etdi.

Vaşinqtonun ingilis ierarxiyasından çıxması həm də o demək idi ki, Vaşinqton hakimiyyət anlayışına yad adam deyildi.  Fransa inqilabından fərqli oaraq Amerika inqilabını edən şəxslər geniş özünüidarəçilik təcrübəsinə malik idlər və utopik ideyaları rədd edirdilər.  Əslində Amerikanın qurucularını bütün başqa inqilabçılardan fərqləndirən başlıca cəhət onların insan təbiəti haqda pessimizmi idi ki, bu da onları nadanlığa meylli insanlardan ibarət cəmiyyətdə hakimiyyət bölgüsünü rəhbər tutan optimal – kamil yox – bir siyasi sistem qurmağa yönəltmişdi.  Bu mənada Vaşinqton və onun ətrafındakılar  Robespiyer və Leninin diametrik əksi idi.  Yəqin elə bu səbəbdən Amerka İnqilabının ardınca qan su yerinə axmadı, həyat büsbütün axarından çıxmadı.

Vaşinqtonun özü inqilabı yapdığı kimi, inqilab da Vaşinqtonu yapmışdı.  Öz ifadələrində aristokratiyaya, əsilzadəliyə ehtiramını ifadə edən Vaşinqton real siyasi fəaliyyətdə ətrafına çox vaxt əsil-nəcabəti olmayan talantlı adamları yığırdı.  Bunların sırasında Nathaniel Greene və Henry Knox kimi generallar var idi.  Bir də ki, krallıqla döyüşən Vaşinqton günü-gündən avtokratik idarəçilik sisteminin murdarlıqlarını əyani şəkildə görürdü.  Belə görünür ki, monarxiyaya nifrət hissini bəsləyən Vaşinqton qurulacaq Amerika dövlətinin tarixdə oyanaycağı universal rol haqda aydın təsəvvürə malik idi.  Döyüşlərdən biri ərəfəsində o, əsgərlərinə müraciət edərək “doğulmamış milyonların həyatının Amerikada baş verənlərdən asılı olacağını” söyləmişdi.  Sonradan ixtisar olunmuş inaqurasiya çıxışında da Vaşinqton Amerikada işıq üzü görən azadlıq ideallarının bir vaxt dünyanın dörd küncünə yayılacağına inam ifadə etmişdi.

Vaşinqtonun Amerika tarixindəki misilsiz rolu təkcə onun ingilislər üzərində qələbə çalmağı ilə ölçülmür.  Vaşinqtonun həm general həm də prezident olduğu müddətdə atdığı addımlar möhtəşəm bir demokratik ənənənin əsasını qoyurdu.  Onun hakimiyyət bölgüsünü tanıması, hərbi qüvvələri sivil hakimiyyətə tabe etməsi, siyasi rəqibləri ilə düşmən kimi davranmaması, o vaxt geniş yayılmış edam cəzalarından çəkinməsi, hakimiyyətdən ikiəlli yapışmaması, EYNİ ZAMANDA həqiqi düşmənlərə qarşı barışmazlığı, prinsipiallığı, qətiyyəti, qanun aliliyini rəhbər tutması Amerikanın bütün gələcək rəhbərləri üçün bir nümunə idi.  Bir çox amerikalıların nəzərində Vaşinqtonun Amerika xalqına ən böyük töhfəsi onun inqilabı yox, hakimiyyətdən könüllü şəkildə getməsi idi.  Topladığı nüfuza rəğmən Vaşinqton asanlıqla hakimiyyətdə qalıb kral ola bilərdi.  Amma ən güclü afrodiziak adlandırlan hakimiyyət ölüb getmiş yüzlərlə diktatordan fərqli olaraq Vaşinqtonu məst etmədi.  O, respublikaçı məfkurəyə sadiq qaldı.  1797-cı ildə Vaşinqton prezidentliyi vitse-prezident Con Adamsa təhvil verərək siyasətdən tamamilə çəkildi.  İki il sonra Vaşinqton öldü.  Ancaq onun qurduğu Respublika hələ də yaşayır.

2 responses to “Millətini Azadlığa Aparan Lider – Corc Vaşinqton”

  1. Parvin Kouliev says:

    Artıq 200 ildən çox keçsədə Amerikanlar Corc Vaşınqtonu şəxsiyyət pərəstışliyinin rəmzinə döndərməliyiblər. Biz Vaşınqtonun şəklini və yaxud heykəlini hər addımda ulu öndər kimi xalqın gözünə soxulmasını görmürük.

    Bir insan kimi, onun bizlərdən gündəlik həyatda elə böyük fərqi olmayıb. Öz karyerasında yaxşı yer qazanmaq istəyi, torpağını və biznesini genışləndirməyə çalışması, ailə xoşbəxtliyi və faciələri, və axırda yenədə öz ailəsinə qayıdıb Azadlığına qol kəçdiyi və uğrunda vuruşduğu ölkənin mənfəətini dövlət vəzifəsində yox öz şəxsi həyatında hiss eləməyə çalışması bunu isbat edir.

    Biz, Azərbaycanlılar və yerdə qalan başqa türk və digər müsəlman dövlətlərində millətə bir balaca idarə edənləri (zülm edənlər daxil olmaqla) qısa müddətdə, hətta diri ikən, bütləşdirməyımız və ulu öndər adlandırmağımız bizə haq qazandırmır.

    Vaşınqtonun geri kəkilməməsi və şahın qoşunlarına qarsı ənənəvi olmayan üsullarla mübarizə aparması qaha yaxşı silahlanmış dövlət qüvvələrinə qarşı partizan sayağı döyüşün əhəmiyyətini bir daha göstərdi. Indiki gün Azərbaycan xalqının ona zülm eləyən rejimə qarşı hər gür mübarizə vasitəsinə əl atmaması, düşmənin özümüzdən olmasını səbəb gətirməsi, sülh yolu ilə Azadlığını qazanacağını vurğulaması ancaq və ancaq zəifləyin nümunəsidir.

    Sözsüz Amerikan inqilabçılarının mübarizəsi okeanın o tayında olan İngilis şahlığıyla getməsini bəhanə gətirmək olar, amma nəzərə almaq lazımdır ki, bu Azadlıq müharibəsi iki eyni dildə danışan və kökə malik olan xalqın arasında, eyni imperiyanın təbəqələri arasında gedirdi. Həmçinin o vaxt Amerikada yaşayan ingilislərin hüquqları indi Azərbaycanda yaşayan insanlara verilən hüduqlardan çox idi. Sadəcə Böyük Britaniyanın parlamentində nümayəndiliyi olmadan Amerikanlar vergilərin artırılmasına qarşı üsyan edirdilər.

    Corc Vaşınqton təkcə tarixi şəxsiyyət olmaqla kitablarda qalmamalıdır. Onun şücaəti, düşünmə tərzi və döyüş üsulları bu gün kü gündə öyrənilməlidir və təslim olmayan tiraniya rejimlərə qarşı istifadə edilməlidir.

    • aasgarov says:

      Pərvin bəy,

      Dəyərli fikirlərinizi bölüşdüyünüzə görə sağ olun! Həqiqətən də Corc Vaşinqton tiraniyaya qarşı bir mübarizə nümunəsidir. Vaşinqtonun üzləşdiyi sınaqlar tiraniyaya qarşı indi və keçmişdə mübarizə aparan başqa demokratlarınkından asan olmayıb. Əksinə, vurğulandığı kimi, Vaşinqton və onun silahdaşlarını hər an dar ağacı gözləyirdi. Bir qədim Roma deyimi var: “Fortes fortuna adiuvat” – “Bəxt cəsurların üzünə gülür.” Cəsarət, mübarizlik olmayan yerdə tiraniya həmişə çiçək açır.

      Şərqdə “şəxsiyyə pərəstiş” ənənəsinə gəldikdə, zənnimcə bu, ilk öncə siyasi məqsəd daşıyır və bilavasitə tiraniyanın davamını əks etdirir. İnsanlara zülm etmiş rəhbərləri tərənnüm etməklə, onların portretlərini, heykəllərini addımbaşı gözə soxmaqla avtoritar rəhbərlik xalqa ümidsizlik, hakimiyyətinin mütləqiyyətini təlqin edir. Sivil cəmiyyətlərin zəif olduğu bütün avtoritar məkanlarda bir-birinə oxşar mənzərə nəzərə çarpır. Heykəllər fərqlidir, mahiyyət eyni.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Əsgər Möhsümoğlu

Əsgər Möhsümoğlu on ildən çoxdur ki, Amerikanın Səsində çalışır. Ali təhsilini Saint Olaf Kolleci, Stanford Universiteti və Maryland Universitetində alıb. Tarix elmləri doktorudur. "Vaşinqtonun Nəbzi" azərbaycanlı oxuyucuları siyasi, iqtisadi və sosial mövzularda Qərbdə cərəyan edən müxtəlif debatlarla, mətbuat icmalları ilə tanış edir.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories