Liviyada hakimiyyət dəyişikliyi günün ən aktual mövzusudur. 42 il ölkəyə hökmranlıq edən tiran nəhayət yıxılmaq ərəfəsindədir. Xoşluqla getmədi, getdirirlər. Üstəlik belə görünür ki, ailə üzvlərinə də prosesdə ağır zərbələr dəyəcək. Yəqin ki, xalqa qarşı onilliklərlə yapılan zülmün qarşılığında ödəniləcək cüzi qiymətdir. Ələlxüsus xatırlayanda ki, Qəzzafinin yarım əsrlik hakimiyəti dönəmində minlərlə insan həyatı itirilib, bütöv bir nəsil qul kimi azadlıqdan məhrum olunub, həyatın bütün aspektlərində – təhsildə, mədəniyyətdə, iqtisadiyyatda nəhəng geriləmələr yaşanıb.

Ümid etmək olar ki, Liviyada bir diktator yenisi ilə əvəzlənməyəcək. Bunun üçün Milli Keçid Şurasının Qərb dövlətlərinin təcrübəsinə müraciət etməsi effektiv olardı. Məncə ən effektiv nümunə İkinci Dünya Müharibəsindən sonra Qərbi Almaniyada həyata keçirilən islahatlar olardı. Diktaturadan qurtulmuş Qərbi Almaniyada DeNatsifikasiya həyata keçirildi. Keçmiş rejimin bütün qalıqları büsbütün məhv edildi. Gələcəyə doğru irəliləmək üçün keçmişlə hesablaşmaq mühüm amildir. Xalqa qarşı törədilən cinayətlərdə iştirak etmiş və cəmiyyətdə kök atmış zümrənin ictimai həyatdan yığışdırılmaması demokratiyanın gələcyinə böyük təhlükə törədir.

Keçmiş Sovet məkanında baş verənlər inqilab dövrü yaşayan liviyalılar üçün bir ibrət dərsi olmaldır. Bu məkanda sabiq kommunistlərin ictimai-siyasi həyatdan yığışdırılmaması onlara siyasətə, az sonra isə hakimiyyətə qayıtmağa yardım etdi. Milli siyasi elita yenidən formalaşmayınca köhnə əllərin yeni hakimiyyətə qayıtması təhlükəsi kifayət qədər realdır. Bu mənada İraqda həyata keçirilən DeBəsifikasiya da optimal nümunədir. Qəzzafi hakimiyyətini təmsil edən zümrənin üzvləri qanuna müvafiq şəkildə siyasətdən tamamilə təcrid olunmayınca Liviyada diktaturanın bərpa olma şansları güclü olaraq qalacaq. Əlbəttə, bütün bunlardan öncə xalqa qarşı saysız-hesabsız cinayətlər törətmiş Qəzzafinin yaxın çevrəsi yeni demokratik hökumət tərəfindən sərt cəzalandırılmalıdır. Ağlıma Nürnberq məhkəməsi gəlir.