Amerikada “hurricane”, Azərbaycanda isə “qasırğa” adı ilə tanınan fenomen kontinental hava sistemi ilə yaxından tanış olmayan adamlar üçün çaşdırıcı ola bilər.  Bəlkə də “hurricane” sözünə ruslardakı “uraqan” kimi Azərbaycan türkcəsində müvafiq ifadə tapılsaydı, insanlarda bu unikal tufan haqda daha aydın təsəvvür yaranardı.  Konkret olaraq, “hurricane” Atlantik Okeanının cənubunda formalaşan intensiv hava sistemidir.  Təqribən 500 kilometr diametrə və saatda 119 kilometrdən artıq sürətə malik olur.  Nəhəng bulud toplumları saat əqrəbi istiqamətində burulduqca aldıqları sürətə əsasən beş kateqoriyaya bölünürlər.  Ən yüksək – beşinci kateqoriyalı “hurricane” saatda 250 kilometr sürətə malik küləklərlə müşayiət olunur.  Atlantik qasırğalarına vahimə verən də məhz bu küləklərin dağıdıcı qüdrətidir.

Avropalılar Yeni Dünyada məskunlaşdıqdan bəri tarixdə çox sayda dağıdıcı qasırğa qeydə alınıb.  1780-ci ildə baş verən San Calixto II qasırğası deylənə görə Karib Adalarında 25 000 adamın həyatına son qoymuşdu.  1998-ci ildə Mitch qasırğası Mərkəzi Amerikanı, ələlxüsus Hondurası viran qoyaraq 20 000-ə yaxın adamın ölümünə bais oldu.  Əsasən Karib Hövzəsini öz təsirinə məruz qoyan Atlantik qasırğaları Şimali Amerikada da ciddi təlafatlar törədib.  Bunlardan indiki nəsil üçün ən yadda qalanı yəqin ki, Katrina qasırğasıdır.  2005-ci ilin tufanı Yeni Orleanı suya qərq etmiş, yüz minlərlə adamın evakuasiyasına yol açmışdı.

Azərbaycan Avrasiya materikinin az qala ortasında yerləşdiyinə görə adətən radikal hava dəyişkənliyinə məruz qalmır.  Əsasən okeandan qaynaqlanan sərt hava cərəyanları dörd okeandan xeyli uzaqda yerləşən və hündür dağ sistemləri ilə əhatə olunan Azərbaycana təsir göstərmir.  Amma, məsələn, Avstraliya, Filippin, Yaponiya kimi yerlərdə okean qasırğaları baş verir.  İntəhası Sakit Okeanda baş verən kontinental qasırğaya tayfun, Cənubi Sakit Okeanındakına isə siklon deyilir.

Maraqlı trivia: İkinci Dünya Müharibəsinin sonlarında idarə etdikləri təyyarələri ABŞ hərbi gəmilərinə çırpan yapon pilotları “kamikaze” adlanırdı (sözün gürcülərə heç bir dəxli yoxdur – “kamikadze” yanlış tələffüzdür).  Sözün kökü “kami” yəni “ilahi”, “kaze” yəni “külək” 13-cü əsrdə monqolların Yaponiyanı uğursuz  işğal cəhdindən qaynaqlanır.  Belə ki, iki dəfə Yaponiya sahillərinə doğru irəliləyən monqol donanması tayfunlar nəticəsində darmadağın olmuşdu.  O vaxt yaponlar tayfunları Allahdan onlara göstərilən mərhəmətin əlaməti kimi qiymətləndirmişdilər.  Amma belə görünür, 1945-ci ildə amerikalılara qarşı ilahi küləyin aviasional replikasiyası tayfunların effektini vermədi.