İslam və Kapitalizm

Posted August 29th, 2011 at 1:13 pm (UTC-5)
Leave a comment

Başqa dinlərdən fərqli olaraq İslamın banisi Məhəmməd peyğəmbər tacir olub.  Amma bu gün əksər müsəlman ölkələrində kapitalizmlə bağlı ciddi problemlər yaşanır.  Elə Ərəb Baharının başlanğıc nöqtəsi sayılan Tunisdə də qığılcım küçə tacirinin hüquqlarının pozulması oldu.  Əcəba niyə görə müsəlman ölkələrində mülkiyyət hüquqları, sahibkarlıq, iqtisadi təşəbbüs bunca boğulur?

City Journal məcmuəsinin redaktoru Guy Sorman problemin kökünü Quranda deyil, peyğəmbərin vəfatından sonra qəbul edilən Şəriət qanunlarında və mədəni-siyasi quruluşda görür.  Şəriətin sahibkarlar üçün nəzərdə tutduğu hüquqi çərçivə zəif olduğuna görə 12-ci əsrdən bəri Qərb tacirləri müsəlman bizneslərini üstələməyə başladılar.   Birgə səhmdar şirkətlərə, sələm faizlərinə tətbiq edilən qadağalar, üstəgəl kollektiv iqtisadi təşəbbüslərin fəaliyyətinə din pərdəsi altında müdaxilələr uzun müddət müsəlman biznesmenlərin çiçəklənməsinə sipər rolunu oynadı.  Kafir damğası almaqdan qorxan sahibkarlar iştahlarını azaltmağa məcbur olurdular.   Əlbəttə, burada avtokratik idarəçiliyin də böyük rolu var idi.  Istər Osmanlı İmperiyasında, istər də başqa sultanlıqlarda, monarxlar alternativ iqtisadi güc mənbəyinin yaranmaması üçün əllərindən gələni edirdilər.  Beləliklə, Qərbdən fərqli olaraq müsəlman ölkələrində milli burjuaziya mükəmməl inkişaf edə bilmədi.

20-ci əsrdə Soviet sosializmi ideyalarının ərəb dünyasına yayılması acınacaqlı vəziyyəti bir qədər də pisləşdirdi.  Sosializm bir sistem olaraq ümumən iqtisadi resursları dövlətin əlində cəmləşdirməklə tiraniyaya qüdrətli stimul verir.  Misirdə Camal Əbdül Nasir, Suriyada Hafiz Əsəd, İraqda Səddam Hüseyn kimi lderlər də məhz sovet tipli sosialist sistemi qəbul etməklə avtoritar idarə üsulunu gücləndirdilər.  Sovet İttifaqı dağıldıqdan sonra etatizmdən imtina etmək məcburiyyəti qarşısında qalan avtoritar liderlər dövlət kapitalizmi modelinə keçid etdilər.  Bu anlama əsasən əvvəllər dövlətə məxsus olan mülkiyyət liderin qohumları və siyasi tərəfdarları arasında bölüşdürüldü və iqtisadi monopoliya bərqərar oldu.  Elə bu üzdən məşhur İslam tarixçisi Bernard Lewis müşahidə etmişdi ki, “Qərbdə insanlar puldan istifadə edib hakimiyyət qazanırlar, Şərqdə isə insanlar siyasi hakimiyyətdən istifadə edib pul.”

Guy Sorman müsəlman dünyasında cərəyan edən iqtisadi avtoritarizmi həm də mədəni dəyərlərlə əlaqələndirir.  Məsələn, Mərakeşdə şirkət rəhbərləri Qərbli tərəfdaşları ilə müqayisədə yanlarında daha çox əyan-əşrəf saxlayırlar.  Belə görünür ki, onlar üçün əsas amil pul qazanmaq yox, kiminsə üzərində hakimiyyət təsdiq etməkdir.  Yeganə Türkiyədə 1980-ci illərin ortalarından başlayaraq müasir düşüncəli Turqut Özalın rəhbərliyi altında iqtisadi liberalizasiya baş verdi.  Məhz bu strateji baxışın sayəsində Türkiyə hazırda məhsulunun 25 faizini xaricə ixrac edir və iqtisadiyyatı çiçəklənir.  Sormanın fikrincə siyasi azadlıqların arxasında mülkiyyət hüquqları və iqtisadi azadlıq dayanır.  Bir çox müsəlman ölkələrində sahibkarları əzməklə avtoritar rejimlər siyasi plüralizmin meydana çıxmasını əngəlləməyə çalışırlar.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Əsgər Möhsümoğlu

Əsgər Möhsümoğlu on ildən çoxdur ki, Amerikanın Səsində çalışır. Ali təhsilini Saint Olaf Kolleci, Stanford Universiteti və Maryland Universitetində alıb. Tarix elmləri doktorudur. "Vaşinqtonun Nəbzi" azərbaycanlı oxuyucuları siyasi, iqtisadi və sosial mövzularda Qərbdə cərəyan edən müxtəlif debatlarla, mətbuat icmalları ilə tanış edir.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories