Çadralı qızlar nə istəyir?

Posted August 31st, 2011 at 12:16 pm (UTC-5)
Leave a comment

Urmiyə gölünün quruduğu bir məqamda Tehran küçələrində su müharibəsi başlayıb.  Wall Street Journal-da verilən məlumata görə ötən gün Facebook-da yazışan 800 gənc oğlan və qız Tehran parkına su tapançaları ilə gəlmiş və şən əhval-ruhiyyədə bir-birini təqib edərək o ki var islatmışlar.  Sərt sosial qadağalarına görə tanınan İslam respublikasında bir çox gənclər üçün bu, bir azadlıq partlayışı olub.  İran rəsmiləri də gözləntilərə uyğun olaraq reaksiya veriblər.  Su parkına doluşan polislər dörd saat gənclərin dalınca qaçıb, yaxaladıqlarını həbs ediblər.  “Bu növ hadisələr bizim inqilabımızı biabır edir.  Bizim təhlükəsizlik qüvvələrimiz bu cür mənəviyyatsızlığı dayandırmalıdırlar,” deyə mühafizəkar parlament üzvü Hüseyn İbrahimi hiddətlə bildirib.

Dövlətə məxsus (başqa kimə?) Fars xəbər agentliyi gənclərin əyləncəsini yenə də amerikalıların və sionistlərin ayağına yazıb.  Sən demə dünyada bütün baş verən hadisələr kimi Tehranda gənclərin bir-birini islatmasını da Qərb casusları təşkil ediblər.  “Bu necə ölkədir ki, onun bünövrəsini su döyüşləri silkələyir?” birisi soruşur.  Hazırda Faebook-da Su Müharibələri Səhifəsinin 19 000-ə yaxın üzvü var.  Üzvlər gələcəkdə yenidən bu növ əyləncə aksiyası keçirəcəklərini bildiriblər.

Tehranda su parkında hökumətin qızların başına zorla çadra geyindirmək istədiyi halda, Amerikada bir qrup çadralı qız əyləncə parkında polislə əlbəyaxa olub.  Ramazan bayramını əyləncə parkında qeyd etməyə gələn müsəlman gənclər baş örtüyünü çıxarmaqdan imtina etdiklərinə görə parka buraxılmayıblar.  Park işçiləri onlara xatırladıb ki, 3 il öncə qəbul edilmiş qaydalara əsasən papaq və başqa növ baş örtükləri maşınlarda qəzaya səbəb ola bilər.  Çadralı qızlar isə bunu azadlıq pozuntusu kimi qiymətləndirərək, uca səslə etiraz ediblər.

Paradoksal durumdur:  Bir tərəfdə müsəlman qızlar çadranı çıxarmaq üçün polislə əlbəyaxa olur, dünyanın o biri tayında saxlamaq üçün.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Əsgər Möhsümoğlu

Əsgər Möhsümoğlu on ildən çoxdur ki, Amerikanın Səsində çalışır. Ali təhsilini Saint Olaf Kolleci, Stanford Universiteti və Maryland Universitetində alıb. Tarix elmləri doktorudur. "Vaşinqtonun Nəbzi" azərbaycanlı oxuyucuları siyasi, iqtisadi və sosial mövzularda Qərbdə cərəyan edən müxtəlif debatlarla, mətbuat icmalları ilə tanış edir.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories