Şənbə günü axşam Vaşinqtonun yenicə inşa edilmiş, göz oxşayan beysbol stadionuna getmişdim.  Vaşinqton Milliləri Nyu Yorkun Mets komandası ilə oynayırdılar.   Adətən ortabab keyfiyyətinə görə tanınan Millilər bu dəfə maraqlı oyun verdilər və qüdrətli rəqib üzərində layiqli qələbə çaldılar.  Kolleqim Emil Quliyevdən fərqli olaraq mən özüm elə də idman həvəskarı deyiləm.  Ən azı beysbolun həvəskarı.  Amma bir çox amerikalılar kimi səs-küylü şou və dörd saat fasiləsiz yeməyə azacıq meyl göstərirəm. Yaxşı, deyəsən “azacıq” təmiz söhbət olmadı.

Amerika təcrübəsini beş-on amillə ifadə etsək, heç şübhəsiz beysbol bu sırada yer alar.  Filosof Morris Rafael Cohen beysbolu Amerikanın milli dini adlandırmışdı.  Dünyanın başqa heç bir ölkəsində (ABŞ-ın öz mədəniyyətini ixrac etidyi Yaponiya istisna olmaqla) beysbol mədəniyyəti Amerikadakı kimi kök atmayıb.  Amerikalılar tes-tez həftəsonları, bəzən həftə günləri, stadiona gedib bu asta templi oyunu izləyir, pivə içir və o ki, var yeyirlər.  Beysbolu futbol və ya başqa oyundan fərqləndirən odur ki, bu oyuna əvvəldən axıradək diqqətlə göz dkib baxmağa ehiyac yoxdur.  Əgər futbol qısa məsafəli qaçışa bənzəyirsə, beysbol daha çox marafonu xatırladır.  Bu oyun idmandan daha çox, dost və ya ailə ilə gediləsi bir sosial əyləncədir.  Kimlə istəyrsən daniş, nə istəyirsən ye, iç, hərdən başını qaldır stadionda baş verənlərə nəzər sal, xal lövhəsinə bax, camaat qışqıranda qışqır, qışqırmayanda sus, vəssalam.

19-cu əsrin sonlarında formalaşmış Ümummilli Beysbol Liqasında ABŞ-ın bütün əsas bölgələri təmsil olunur və bu komandalara pərəstiş ənənəsi çox vaxt bir neçə nəsli əhatə edir.  Uşaqlar məşhur beysbol oyunçularının şəkilləri əks olunan qiymətli kartlar yığır, sevimli komandalarının köynəklərini geyirlər.  On illər ərzində gəlirli kommersial layihəyə çevrilmiş beysbol yarışları multi-milyard dollarlıq sənaye təşkil edir. 2011-ci ilin statistikasına görə Nyu York Yankilərinin oyunçusu Alex Rodriguez ilə 32 milyon dollar qazanır.  Los Ancelesin Mələklər komandasının üzvü Vernon Wells isə 26 milyon dollar.  Azad bazar məkanında oyunçular təklif olunan pulun həcminə müvafiq olaraq komandaları tez-tez dəyişirlər.  Sıralarında qüdrətli siyasətçilər, varlı biznesmenlərdən tutmuş minimum maaşlı fəhləyədək yer almış həvəskarlar ordusu isə öz loyallığını sonadək saxlayır.