11 Sentyabr… On İl Sonra

Posted September 11th, 2011 at 8:14 am (UTC-5)
Leave a comment

Osama bin Laden Qərb mediasına verdiyi nadir müsahibədə Birləşmiş Ştatları və onun əsgərini “kağız pələng” adlandırmışdı. İndi bin Laden Hind Okeanının dibində balıqlarla birgə uyuyur. Terror dəstəbaşı və onun silahdaşlarının böyük əksəriyyəti ya öldürülüb, ya da Quantanamoda hərbi tribunal gözləyirlər. Bunların sırasında bin Ladenin qudası Məhəmməd Atef, əl-Qaida sözçüsü Əbu Layt əl Libi, 11 sentyabr hücumlarının əsas müəllifləri Xalid Şeyx Məhəmməd və Rəmzi bin əl-Şibh var. 11 sentyabr terror hücumlarından on il keçmiş müəyyən əminliklə demək olar ki, Amerika erkən payız səhərində həlak olan vətəndaşlarının qanını yerdə qoymadı.

Vaşinqtonda onu da anlayırlar ki, Əl-Qaida fenomeni müsəlman dünyasını bürümüş tiraniya, cəhalət və səfalətin simptomudur. Normal həyatını yaşayan adamlar səmada pilotun boğazını kəsib, sərnişin təyyarəsini binaya çırpmırlar. Normal cəmiyyətin üzvləri bədənlərinə bomba sarıyıb, izdihamlı bazarda özlərini partlatmırlar. Bu üzdən ABŞ-ın radikal İslama qarşı mübarizəsinin başqa strateji qolu müsəlman ölkələrində demokratiyanın yayılmasına yardım missiyası olub. ABŞ bu missiyanı Əfqanıstan və İraqda birbaşa hərbi müdaxilə, Livan, Tunis, Misir, Liviya və Suriya kimi ölkələrdə isə irticaya qarşı mübarizə aparan qüvvələrə yardım etməklə həyata keçirir.

Politologiya elminin banisi sayılan Fukidid “Peloponnes Müharibələri” kitabında antaqonist qüvvələrin düşməni səhv səciyyələndirməsinə geniş yer ayırır. Onun yazdığına görə Afina şəhərinə kənardan baxan müsafir bu dövlətin nə qədər güclü olduğunu təsəvvür edə bilmirdi, çünki o əzəməti demokratik cəmiyyətin gücündə, azad insanlarının cəsarətində deyil, qul əməyi ilə inşa olunmuş piramidalarda axtarırdı. Amerika respublikasının və amerikalıların intiqam potensialını qiymətləndirə bilməyənlər sırasında bin Laden tənha deyil. Qərb cəmiyyətinin plüralizmini tənəzzüllə səhv salan totalitar təfəkkürlü qoluzorlular çox olub. Ancaq yaxın keçmişin Daraları heç zaman anlamayıblar ki, azadlığı uğrunda vuruşan cəmiyyətin gözünü qorxutmaq qul halına salınmış toplumu ram etmək qədər sadə iş deyil.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Əsgər Möhsümoğlu

Əsgər Möhsümoğlu on ildən çoxdur ki, Amerikanın Səsində çalışır. Ali təhsilini Saint Olaf Kolleci, Stanford Universiteti və Maryland Universitetində alıb. Tarix elmləri doktorudur. "Vaşinqtonun Nəbzi" azərbaycanlı oxuyucuları siyasi, iqtisadi və sosial mövzularda Qərbdə cərəyan edən müxtəlif debatlarla, mətbuat icmalları ilə tanış edir.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories