Üsyan

Posted September 13th, 2011 at 1:08 pm (UTC-5)
Leave a comment

Kortəbii sosial partlayış – yəni üsyan fenomeni Yaxın Şərqə yad deyil. Müsəlman dünyasının tarixində nadir nəzərə çarpan fenomen təşkilatlanmış siyasi hərəkatın hakimiyyəti əvəzləməsidir. Qeyri-liberal mühitdə siyasi assosiasiyaya imkan verilmədiyinə və sivil cəmiyyət təşəkkül tapmadığına görə toplumun zülmə qarşı ardıcıl və konstruktiv müqaviməti də qeyri-mümkün olur. Ona görə də Yaxın Şərqdə inqilablar yox, üsyanlar baş verir. Tunis, Misir və Suriyada cərəyan edənlər məhz üsyan kateqoriyasına mənsubdur. Elə bəlkə də bu səbəbdən üsyanın müvəffəq olduğu iki ölkədə köhnə qvardiya hələ də hakimiyyətdə qalır, üçüncüdə isə onun necə və nə ilə əvəzlənəcəyi qaranlıq qalır.

Alman sosioloq Maks Veber Şərq idarəçilik metodunu sultanizm kimi səciyyələndirirdi. Bu nəzəriyyə xeyli sadədir: Dövlət başçısı məmləkətə öz mülkiyyəti kimi baxır. Bu baxışa əsasən məmləkətdə nə və kim varsa ona məxsusdur. Sultanın anlamında, insanlar yedikləri çörəyə, içdikləri suya, nəfəs aldıqları havaya və hətta öz varlıqlarna görə də ona minnətdar olmalıdırlar… çünki o, Sultandır. Demokratik ölkələrdə vətəndaşlar hökuməti tənqid edir, mütəmadi qaydada dəyişir, hökumət rəsmiləri öz növbələrində xalqın dəstəyini saxlamağa çalışırlar. Avtoritar rejimlərdə isə xalq daim hökumətə minnətdarlıq edir. Burada hökumət xalqa yox, xalq hökumətə qulluq edir.

Mülkiyyət və Azadlıq kitabının müəllifi Richard Pipes hesab edir ki, avtoritarizmin mahiyyəti monopoliyaya əsaslanır. İqtisadi resursların bir əldə cəmləşməsi bütün başqa səlahiyyətlərin bir əldə cəmləşməsinə yol açır. Belə olan şəraitdə alternativ siyasi qüvvələrin formalaşması xeyli çətinləşir. “Analoqu olmayan” hakimiyyətlər hər vəchlə analoqları söndürməyə, əzməyə çalışırlar. Əlbəttə, Misirdə və Tunisdə olduğu kimi bu, onları qanlı üsyan ssenarisindən sığortalamır. Amma ən azı hakimiyyətin nizamlı şəkildə başqa konstruktiv qüvvəyə ötürülməsinin qarşısını alır, və hakimiyyət çevrilişindən sonra ölkədə siyasi boşluq və hərc-mərcilik yaranır. Diktaturanın qəsdən təşviq etdiyi savadsızlıq, siyasi cəhalət və ictimai acizlik sonradan da balanslı idarəçilik sisteminin bərqərar olmasını əngəlləyir. Ta o vaxtadək ki, anarxiyadan bezən insanlar bir başqa qoluzorlunu taxta oturdub bir müddət sakitləşirlər. Beləliklə ictimai şüurda tiranın yoxluğu anarxiya, varlığı isə sabitliklə əlaqələndirilir. Şərqdə təşəkkül tapmış qarğış bu düşüncəni dolğun əks etdirir: “Görüm səni maraqlı vaxtlarda yaşayasan!” Söhbət üsyandan gedir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Əsgər Möhsümoğlu

Əsgər Möhsümoğlu on ildən çoxdur ki, Amerikanın Səsində çalışır. Ali təhsilini Saint Olaf Kolleci, Stanford Universiteti və Maryland Universitetində alıb. Tarix elmləri doktorudur. "Vaşinqtonun Nəbzi" azərbaycanlı oxuyucuları siyasi, iqtisadi və sosial mövzularda Qərbdə cərəyan edən müxtəlif debatlarla, mətbuat icmalları ilə tanış edir.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories