Avropa İttifaqını yaradanlar nə vaxtsa bu qurumun Amerika Birləşmiş Ştatlarına taraz qüvvə olacağını nəzərdə tutmuşdular.  Amma qurumun təsisatından hər ötən gün bu arzunun nə dərəcədə optimist olduğunu aydın edir.  “Avro–federalistlər ittifaqların mühümlüyünü və müvəffəqiyyətini vurğulamaq məqsədi ilə son günlər Amerikanın “Konfederasiya maddələrinə”ə istinad etməyə başlayıblar.  Amma bu müqayisə cəfəngdir,” deyə Charles Cooke öz yazısında qeyd edir.

Müəllifin sözlərinə görə əsrlərlə fərqli mədəniyyət, dil və başqa atributlara malik olmuş Avropa dövlətlərini Britaniya İmperiyasına qarşı müstəqillik mübarizəsindən sonra bir araya gəlmiş 13 koloniya ilə müqayisə etmək tarixi məlumatsızlıqdan qaynaqlanır.  “Amerika koloniyaları avroplalıların hətta yuxuda görmədikləri təbii birliyə malik olublar,” deyə Cooke yazır.  Istər dil, din, siyasi ənənə və irs baxımdan eyni köklərə malik Amerika koloniyaları lap əvvəldən ümumi siyasi baxışları və hədəfləri paylaşırdılar.  Əlbəttə, Cənubla Şimal arasındakı iqtisadi və fəlsəfi fikir ayrılıqları vətəndaş müharibəsi ilə nəticələndi.  Amma baş verən münaqişəni Avropa qitəsini əsrlərlə qana bələmiş saysız-hesabsız müharibələrlə müqayisə etmək yanlış olardı.

“Avropa, ABŞ-dan fərqli olaraq, coğrafiyanın qəzasıdır.  Onun tarixi konflikt, parçalanma və qeyri-harmoniya ilə yoğrulub.  Amerika koloniyalarından fərqli olaraq, Avropa millətləri dəfələrlə bir-birləri ilə müharibə ediblər.  Ələlxüsus Fransa və Almaniya daim bir-birinin torpağını qəsb etməyə can atıblar.  Onların boğuşmalarına məhz Amerikanın qlobal miqyasda artan gücü son qoyub,” deyə Cooke yazır.  Hazırda Avropada bir-birindən radikal şəkildə fərqlənən iqtisadi modellər fəaliyyət göstərir.  Qitədə 23 fərqli dil danışılır.  Onların hüquq sistemləri və mədəni irsləri arasındakı fərqlər nəhəngdir.  Elə bu fərqlər məşhur Britaniya lideri Vinston Çörçilli vadar etmişdi ki, Britaniyanın heç zaman Avropann tərkib hissəsi olmayacağı haqda bəyanat versin.  Çörçill Britaniyanın “öz arzuları və hədəfləri” olduğunu israr edirdi.  Bu sözləri hansısa ABŞ ştatı haqda demək mümkün deyil.

Nəhayət, Cooke hesab edir ki Avropa inteqrasiyası haqda ideya xalqların arzularından deyil, siyasi elitaların istəklərindən ilham alır.  Seçimlə üzləşəndə, Avropa xalqları Brüsselə səlahiyyət verməkdən çəkinirlər.  “Fərq bundan ibarətdir: Avropa federalizmi yuxarıdan tətbiq edilən qeyri-təbii siyasi düzəndir, amma ABŞ-da bu ideya ümumi prinsiplərdən qaynaqlanıb. 1787-ci ildə kolonistlər dövlət qurmaq amacında idilər.  Avropalıların çoxu isə belə düşünmür.  Onların artıq öz dövlətləri var.”