2050-ci ildən başlayaraq Çin hər beş ildə 20 milyon adam itirməyə başlayacaq.  2020-ci ildə hər beş kişidən birinə qadın çatışmayacaq.  2005-ci ildə ölkədə orta yaş həddi 32 idi.  2050-ci ildə bu rəqəm 45 olacaq, və əhalinin dörddə biri 65 yaşdan yuxarı olacaq.  Bu isə o deməkdir ki, 330 milyon ahıla baxası gənc ailə üzvləri olmayacaq.

Weekly Standard məcmuəsində yazan Jonathan Last hesab edir ki, Çin kommunistlərinin həyata keçirdiyi “Bir Uşaq” siyasəti saatlı bomba kimi hər ötən dəqiqə partlamağa yaxınlaşır.  1980-ci il, sentyabrın 25-də qüvvəyə mindikdən bəri “Bir Uşaq” siyasətinin 400 milyon doğuşun qarşısını aldığı deyilir.  Çin hökuməti buna əhaliyə nəzarət sahəsində böyük bir nailiyyət kimi baxır.  Amma hökumətin qadın bətninə bunca müdaxiləsi ölkədə cinsi balansı büsbütün pozub.  Normalda, doğulan hər 100 qıza 105 oğlan düşür.  Çində isə hər 100 qıza 123 oğlan düşür.  Çünki bir Şərq cəmiyyəti olaraq valideynlər varis kimi dünyaya oğul yetirməyə üstünlük veriblər və uşağın qız olacağını bilən kimi ya onu qabaqcadan abort etdiriblər, ya da sonradan tələf ediblər.  “Bir Uşaq” siyasəti habelə Çini qocalar ölkəsinə çevrilməyə məhkum edib.  Bu, isə o deməkdir ki, pensiyaya çıxacaq adamların sayı, onları saxlayacaq adamların sayından ikiqat artıq olacaq.  Bundan əlavə, demoqrafik qeyri-balans kişilərin çoxluq təşkil etdiyi cəmiyyətdə aqressivliyi artıracaq.  Təsəvvür edin ki, ölkədə milyonlarla gənc oğlan özünə qadın tapmır.  Nə edəsidirlər?  Şəxsən mən müharibə edərdim.  Yəqin elə onlar da onu edəcəklər.

Kommunistlərin 20-ci əsr boyu təbiətə qarşı soyqırım xarakterli münasibəti tarixçilər tərəfindən mükəmməl sənədləşdirilib.  Bu mənada Çin kommunistlərinin öz xalqlarının başına gətirdikləri “İrəliyə Doğru Nəhəng Addım”, “Mədəni İnqilab” dönəmində milyonlarla çinlinin qırğına verilməsi kampaniyalarından çox elə fərqlənmir.  Paradoks ondadır ki, Çini bədbəxt günə qoymuş Marksizm kimi, “Bir Uşaq” siyasəti də Qərbdən qaynaqlanır.  1970-ci illərin sonunda demoqrafik siyasət işlərinə baxan Sonq Cian hollandiyalı riyaziyyatçı Geert Van Olsderlə görüşdükdən və onunla riyazi oyun nəzəriyyələrini müzakirə etdikdən sonra xalqın başında dəlləklik öyənmək iddiasına düşür.  Əlbəttə, əhaliyə nəzarət fərziyyələrinin Qəbrdə də aşiqləri çox olub.  Amma diktaturadan fərqli olaraq açıq cəmiyyətlərdə sosial əhəmiyyət kəsb edən siyasət hansısa sarsaq bürokratın fantaziyalarına deyil, toplumun konsensusuna, ətraflı müzakirələrə əsaslanır.  Bu baxımdan heç bir demokratik cəmiyyətin vətəndaşı hökumətə ona nə qədər uşaq yaratmaq ixtiyarını həvalə etməyi özünə sığışdırmaz.  Çində isə…   Bu da sənə Asiya pələngi.