Hər qazanda bir toyuq, yaxud demokratiya nə deməkdir?

Posted September 23rd, 2011 at 1:05 pm (UTC-5)
6 comments

Bu günlərdə “Yeni qurulan ailələrə hökumətimiz ev versin!!!” adlı bir Facebook tədbirinə dəvət aldım.  Maraqlı tələbdir.  İlk baxışdan adi sosial tələb təəssüratı bağışlayır.  Amma eyni zamanda hökumətin funksiyası haqda fəlsəfi sual qaldırır.  Görəsən Azərbaycan vətəndaşları “cavabdeh hökumət” anlayışını necə qavrayır?  Yaxud Azərbaycanda “demokratik hökumət” deyiləndə nə başa düşülür?

Əslində bu suallara konkret cavab tapılacağını gözləmirəm.  Belə ki, demokratiyanın beşiyi sayılan Amerikada da indinin özünə qədər bu sual üzərində qızğın debat gedir.  Respublikaçılarla Demokratların arasında cərəyan edən siyasi rəqabətin özəyində məhz elə hökumətin hüdudları barədə fikir ayrılığı dayanır.  Mərkəz-solda qərar tutan Demokratlar hesab edirlər ki, hökumət vətəndaşların qeydinə qalmalı, onların rifah halını yüksəltmək üçün sosial proqramlara pul xərcləməlidir.  Bu xüsusda Demokratlar varlı təbəqəyə tətbiq edilən vergilərin artırılmasına, sosial qeyri-bərabərliyi aradan qaldırmağa çalışırlar.  Respublikaçılar isə hökumətin funksiyasını yalnız Konstitutsiyada təsbit edilən imtiyazlar çərçivəsində görürlər.  Onların fikrincə hökumət müdafiə və xarici siyasət kimi ümummilli əhəmiyyət kəsb edən məsələlərlə məşğul olmalı, və insanlara öz iqtisadi potensiallaını həyata keçirmək üçün maksimum azadlıq verməlidir.  Prezident Ronald Reyqannın “Ən yaxşı hökumət ən az idarə edən edən hökumətdir” deyimi bu düşüncəni dolğun əks etdirir.

Nə qədər qəribə görünsə də, fəlsəfi cərəyanda ədalət və azadlıq anlayışları bir-biri ilə ixtilafda olublar.  Sosial bərabərlik bərabərləşdirici qüvvə tələb edir.  Həmin qüvvə isə kimdənsə alıb kiməsə verməklə insanların fərdi azadlıqlarını tapdamalı olur.  Azadlıq olmayan yerdə isə əvvəl-axır ədalət də buxarlanır.  İnsanları arbitrar şəkildə bərabər tutaraq Karl Marksın “Hər kəsdən bacarığına görə, hər kəsə ehtiyacına görə” utopik prinsipinə riayət etmək cəmiyyətin ən bacarıqlı adamlarını cəzalandırmış olur, uzaq dönəmdə cəmiyyəti geriyə aparır.  Bir anlığa təsəvvür edin ki, Bill Gates və ya Mark Zuckerberg kimi adamların milyoner olmaq azadlığı olmayaydı.  Onda nə internet, nə də Facebook olardı.

Dünyanın inkişaf etmiş ölkələrində hökumətin var-dövləti təbii sərvətlərdən yox, təşəbbüskar, riskgötürən və innovativ vətəndaşların qabiliyyətindən və bu vətəndaşlardan toplanılan vergidən qaynaqlanır.  Bir sözlə, dövlət büdcəsi vətəndaşlardan toplanmış puldur və onun necə bölüşdürülməsi həqiqətən də ciddi debat mövzusu olmalıdır.  Vətəndaşlar hökumətə nə qədər vergi verməlidirlər?  Niyə görə Həsənin qazandığı pulla Hüseynə ev verilməlidir?  Sosial müavinətin hüdudları harada dayanır?  İnsanların fərdi qabiliyyətinə görə fərdi qazanc imkanları haradan başlayıb, harada tükənir?  Bu suallara tapılan cavablar millətlərin varlı yaxud yoxsul olacağını müəyyən edir, onları birinci və üçüncü dünya ölkələri kateqoriyalarına ayırır.  Bütün hallarda bu növ suallara cavablar üzərində müəyyən konsensus əldə etməyən cəmiyyətlər özlərini idarə etməkdə ciddi çətinliklərlə üzləşirlər.

6 responses to “Hər qazanda bir toyuq, yaxud demokratiya nə deməkdir?”

  1. leyla rasim says:

    Mənə elə gəlir ki, Azərbayacanda sizn nümunə gətirdiyiniz heç bir şey işləmir. Bu ölkədə “Həsən” “Hüseynin” haqq etdiyini də mənimsəyərək qazanır. Sadəcə vətəndaşlar öz haqqlarını heç bir şəkildə tələb edə bilmirlər. Bəlkə sizin bu məqaləniz bir yabancı üçün çox əla araşdırmaçı işi hesab oluna bilər. Amma biz axı bu ölkədə yaşayan hər şeyi görən, bilən qorxaq adamlarıq (söhbət özümdən gedir). Əgər bu monoploiyada hər kəsin “pul qazanmaq” azadlığının olduğunu deyirsizsə, təklifim var ki, AZƏRBAYCANA GERİ DÖNƏSİNİZ… regards :))

    • aasgarov says:

      Dediklərinizlə razıyam. Yazdıqlarımın hazırkı Azərbaycan reallıqlarına aidiyyatı azdır. Sadəcə, demokratiya haqda gözləntilərə dair bəzi fikirlər səsləndirdim.

  2. KamilHamidov says:

    Mən də facedə buna bənzər səhifə yaratmışdım. Və niyyətim heç də Həsən qazndığı və ya ödədiyi vergi ilə Hüseynə ev vermək və ya tikdirmək deyildi. 1cisi bizim büdcə əsasən insanlardan toplanan vergi ilə deyil, təbii sərvətlərin satışından qaznılan gəlirlərlə formalaşır. Və bu gəlirlədən evsiz Hüseynin də ev əldə etmək niyyəti tam sağlam və məntiqlidir.
    2-cisi büdcə vətəndaşlardan toplansa belə yenə də dövlət evsiz kasıb vətəndaşını evlə təmin etməlidir. Necə ki, dövlət Həsənin ödədiyi vergi ilə cinayətkarı EV ilə (dam və ya həbsxana ilə) təmin edir, nədən heç bir cinayət törətməyən kasıb Hüseyn evsiz qalmalıdır?! Üstəlik Həsən həmin pullarla Ayı ətinən kabab qonaqlığı verməlidir və ya öz 100 000 lik Hummer və Lexusları ilə tıxac yaradaraq, yazıq Hüseyinin 11 nömərisini yağışda, qarda 4-5 saat gözəltməklə ona dəhşətli problem yaratmalıdır?!

  3. leyla rasim says:

    Demokrtiya haqqinda insanlarin gozlentisinin bu cur olmasinin bir sebebi var: vetendashlar hele de demokratiyanin eslinde ne oldugunu bilmirler. mene sorsaniz, demokratiya bosh bash kutleni bashli bashina buraxmaq demekdir. Azerbaycanda bu kutle adindan da gorunduyu kimi, kutlevi suretde kut oldugunu biruze vermeye davam ederek birteher yashayir. Xalq adlandirdigimiz bu bashi bosh insan kutlesi sadece olaraq, onlar ucun calinan avaza oynayir. ona gore de bizim olkde demokratiya olsa da olmasa da bir ferqi yoxdur. insan oz azadligini ozu mehdudlasdira bilmelidir, ya da oz azadligini ozu qazanmag bacarmalidir. eger bir insan yashamaq huququnu kimdense gozleyirse, mence o yashamamalidir. belke de bu bir diktator reyine oxsadi :)) tesekkurler

  4. aasgarov says:

    Leyla xanım, bu fikrinizlə razıyam ki, cəmiyyətdə demokratiyanın bərqərar olması üçün insanlar mübariz və fəal olmalıdırlar. Amerikada belə bir deyim var: “Demokratiya sönməkdən cəmi bir nəsil aralıdır.” Yəni daimi sayıqlıq olmadan demokratiyanı, əgər varsa da, qoruyub saxlamaq mümkün deyil. Ola bilsin ki, Azərbaycan kimi bir çox ölkələrdə siyasi fəallıq Qərb ölkələri ilə müqayisədə azdır. Amma bu rəqəm sabit qalmır. Bəzən dəyişə bilir.

    Kamil bəyin dediklərinə gəldikdə, mən kriminal yolla cəmiyyəti talamış adamları müdafiə etməkdən xeyli uzağam. Dövlət orqanlarında çalışan adamların varlanması fəlsəfi debat yox, istintaq mövzusu olmalıdır.

  5. Facebookdakı şüarı çıxmaq şərti ilə maraqlı mövzudur. Eyni zamandada bu müzakirəni əksinədə yönəltmək olar. Əgər tarixdə olan hər hansı inqılabı götürsək Əsgərin dediyi kimi insanların sosial ədalət axtarması durur.

    Məsələn, Amerikan inqılabında vercilərin okeanın o tayında yerləşən və Amerikada yaşayanların orda nümayəndəsi olmayan parlament tərəfindən qaldırılması nəticədə 13 koloniyada məskən salmış xalqın etirazını cəmiyyətin qaymağı salınan zədəcanlar tərəfindən əvvəl yerli idarəçilik şəklində və sonradan İngilis ordusunun fiziki müdaxiləsindən görə Azadlıq bəyannəməsini verməklə müharibəyə başladılar.

    Bu gür inqilab əksinə hakimiyyətin öz gügündən sui-istifadə eləməsinə qarşı yönəlmışdir və onun əsasında heç də monarxiya ilə vidalaşmaq durmamışdır, çünki artıq 17-ci əsr İncilis inqilabında artıq şah ailəsinin imtiyazları rəmzi səviyyəyə endirməklə konstitusiyalı monarxiya ilə əvəz olunmuşdur. Bu misalda biz əslində ədalətlə azadlığın eyni hadisələrdən cərayan eləməsini görürük.

    Ədalətin indiki dövrdə baş verən inqilablarda bərpa olunmasının yenidən mərkəzləşdirilmış hakimiyyətin səxavətliyinə gətirib çıxartması bir növ bir-birinə əks enercilərin tətbiq olunmasına oxşayır. Elə bil biz öz maşınımızla ‘azadlıq’ şosesinə çıxmışıq və böyük sürətlə gedərək düşünürük ki nə yaxşı olardıkı hər hansı qüvvə maşının tormozlarını bizim yerimizə basmaqla həyatımızı təhlükədə olmamasını təmin edərdi. Bu gür ədalət üçün biz bu qüvvəyə öz azadlığımızın bir hissəsini bac xərac şəklində verməyə hazırıqmı?

    Facebookdakı şüarında mücərrədliyi hakimiyyətin rüşvət yığmaqla xalqın gündəlik həyatına qarışmaması təcrübəsinin bilməməzliyindən irəli gəlir. Əgər yenidən istiqlaliyyət əldə etmış millət asanlıqla öz hüquqlarının qorunmasını mütləq hakimə etibar edirsə, sonradan bu gür “ev verilsin” kimi tələblər dilənçi payı alması üçün mərhəmət çağırışı ilə üst üstə düşür. Sosial ədalət arzusunda olan insanlar üçün Azadlıq müvəqqəti varlanmış adamların əmlakını xalq arasında bölüşdürülməsi yox, ölkədəki sağlam mühütdə əksəriyyətin varlanmasıdır. Xalqın böyük hissəsinin varlanması dövlətin təməlinin möhkəm olması üçün mühüm amillərdəndir. Bu gür durumda artıq hakimiyyətin böyük olmasına ehtiyac qalmır, çünki öz zəhməti ilə pul qazanan insanlar həmçinin xeyirxahlıqda bir növ yarışa girirlər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Əsgər Möhsümoğlu

Əsgər Möhsümoğlu on ildən çoxdur ki, Amerikanın Səsində çalışır. Ali təhsilini Saint Olaf Kolleci, Stanford Universiteti və Maryland Universitetində alıb. Tarix elmləri doktorudur. "Vaşinqtonun Nəbzi" azərbaycanlı oxuyucuları siyasi, iqtisadi və sosial mövzularda Qərbdə cərəyan edən müxtəlif debatlarla, mətbuat icmalları ilə tanış edir.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories