Bu günlərdə “Yeni qurulan ailələrə hökumətimiz ev versin!!!” adlı bir Facebook tədbirinə dəvət aldım.  Maraqlı tələbdir.  İlk baxışdan adi sosial tələb təəssüratı bağışlayır.  Amma eyni zamanda hökumətin funksiyası haqda fəlsəfi sual qaldırır.  Görəsən Azərbaycan vətəndaşları “cavabdeh hökumət” anlayışını necə qavrayır?  Yaxud Azərbaycanda “demokratik hökumət” deyiləndə nə başa düşülür?

Əslində bu suallara konkret cavab tapılacağını gözləmirəm.  Belə ki, demokratiyanın beşiyi sayılan Amerikada da indinin özünə qədər bu sual üzərində qızğın debat gedir.  Respublikaçılarla Demokratların arasında cərəyan edən siyasi rəqabətin özəyində məhz elə hökumətin hüdudları barədə fikir ayrılığı dayanır.  Mərkəz-solda qərar tutan Demokratlar hesab edirlər ki, hökumət vətəndaşların qeydinə qalmalı, onların rifah halını yüksəltmək üçün sosial proqramlara pul xərcləməlidir.  Bu xüsusda Demokratlar varlı təbəqəyə tətbiq edilən vergilərin artırılmasına, sosial qeyri-bərabərliyi aradan qaldırmağa çalışırlar.  Respublikaçılar isə hökumətin funksiyasını yalnız Konstitutsiyada təsbit edilən imtiyazlar çərçivəsində görürlər.  Onların fikrincə hökumət müdafiə və xarici siyasət kimi ümummilli əhəmiyyət kəsb edən məsələlərlə məşğul olmalı, və insanlara öz iqtisadi potensiallaını həyata keçirmək üçün maksimum azadlıq verməlidir.  Prezident Ronald Reyqannın “Ən yaxşı hökumət ən az idarə edən edən hökumətdir” deyimi bu düşüncəni dolğun əks etdirir.

Nə qədər qəribə görünsə də, fəlsəfi cərəyanda ədalət və azadlıq anlayışları bir-biri ilə ixtilafda olublar.  Sosial bərabərlik bərabərləşdirici qüvvə tələb edir.  Həmin qüvvə isə kimdənsə alıb kiməsə verməklə insanların fərdi azadlıqlarını tapdamalı olur.  Azadlıq olmayan yerdə isə əvvəl-axır ədalət də buxarlanır.  İnsanları arbitrar şəkildə bərabər tutaraq Karl Marksın “Hər kəsdən bacarığına görə, hər kəsə ehtiyacına görə” utopik prinsipinə riayət etmək cəmiyyətin ən bacarıqlı adamlarını cəzalandırmış olur, uzaq dönəmdə cəmiyyəti geriyə aparır.  Bir anlığa təsəvvür edin ki, Bill Gates və ya Mark Zuckerberg kimi adamların milyoner olmaq azadlığı olmayaydı.  Onda nə internet, nə də Facebook olardı.

Dünyanın inkişaf etmiş ölkələrində hökumətin var-dövləti təbii sərvətlərdən yox, təşəbbüskar, riskgötürən və innovativ vətəndaşların qabiliyyətindən və bu vətəndaşlardan toplanılan vergidən qaynaqlanır.  Bir sözlə, dövlət büdcəsi vətəndaşlardan toplanmış puldur və onun necə bölüşdürülməsi həqiqətən də ciddi debat mövzusu olmalıdır.  Vətəndaşlar hökumətə nə qədər vergi verməlidirlər?  Niyə görə Həsənin qazandığı pulla Hüseynə ev verilməlidir?  Sosial müavinətin hüdudları harada dayanır?  İnsanların fərdi qabiliyyətinə görə fərdi qazanc imkanları haradan başlayıb, harada tükənir?  Bu suallara tapılan cavablar millətlərin varlı yaxud yoxsul olacağını müəyyən edir, onları birinci və üçüncü dünya ölkələri kateqoriyalarına ayırır.  Bütün hallarda bu növ suallara cavablar üzərində müəyyən konsensus əldə etməyən cəmiyyətlər özlərini idarə etməkdə ciddi çətinliklərlə üzləşirlər.