Magna Carta – Konstitutsiyanın Ulu Babası

Posted September 27th, 2011 at 10:54 am (UTC-5)
3 comments

“Mütləq hakimiyyət mütləq korrupsiyaya uğrayır,” Lord Acton 1887-ci ildə yepiskop Mandell Creighton-a ünvanladığı məktubda yazırdı.  Yəqin təsadüfi deyil ki, tarixdə mütləqiyyətə qarşı ilk sistematik mübarizə Lord Acton-un vətəni İngiltərədə başlayıb.  1215-ci ildə üsyana qalxmış ingilis baronlarının birgə qüvvələrinə məğlub olan Kral John Magna Carta Libertatum – yəni Böyük Hürriyət Xartiyası adlanan sənədə imza atdı.  Həmin tarixi sənəddə ilk dəfə olaraq monarx özünün qanundan yüksəkdə durmadığını etiraf etdi və təəbələrinin bəzi fundamental hüquqlarını tanıdı.

Magna Carta-dan sonra kralın səlahiyyətlərinin hüdudlarını müəyyən etmək istiqamətində hələ çox qan töküləcəkdi.  Amma ilkin sənəd olaraq bu xartiya Anqlo-Sakson liberalizminin əsasını qoydu.

“Bu elə bir qanun idi ki, kraldan yüksəkdə idi və hətta o, da onu poza bilməzdi.  Ali qanunun təsdiqi və onun xartiyada öz ifadəsini tapması Magna Cartanın əsas töhfəsidir,” deyə Winston Churchill tarixi sənədi qiymətləndirmişdi.  1215-ci ildə kralın müflisləşdirici müharibələrindən, zülmündən və şiltaqlığından cana doymuş aristokratlar hərbi qüvvə cəmləşdirərək Londonu tutdular.  Müqavimətin mənasız olduğunu yəqin edən kral güzəştə getməyə məcbur oldu.  63 maddədən ibarət razılaşmada kral həbs, kilsə, feodal qanunlar, idarəçilik, meşələrə nəzarəti tənzimləyən qaydalar üzrə baronların diktəsini qəbul etdi.

Səlahiyyət bölgüsünü və məhdud hakimiyyət icrasını özündə təsbit edən bu razılaşmanın ən başlıca müddəasi “Habeas Corpus” idi.  Latınca “cəsədi gətirəcəksən” mənasını verən bu anlayış monarxa insanları səbəbsiz, dəlil-sübutsuz həbs etməyi qadağan edirdi.  Baronların amacı sadə idi:  Onlar kralın səlahiyyətlərinə məhdudiyyət təbiq etməklə dövlət aparatının başqa ölkələrdəki kimi ət maşınına çevrilməsinin qarşısını alırdılar.  Zadəganları narahat edən kəndlilərin güzəranı və ya bərabərlik anlayışı yox, öz taleləri, öz azadlıqları idi.

Vaşinqtonda yerləşən Amerika Milli Arxiv Muzeyində "Magna Carta"-nın əsli ən dəyərli eksponatlardan biri kimi sərgilənir.

Vaşinqtonda yerləşən Amerika Milli Arxiv Muzeyində “Magna Carta”-nın əsli ən dəyərli eksponatlardan biri kimi sərgilənir.

İngilislərin əsasını qoyduqları məhdud hakimiyyət və kollektiv idarəçilik prinsipləri pilqrimlərlə birlikdə Yeni Dünyaya ayaq açdı.  1787-cü ildə müasir tarixdə ilk konstitution hakimiyyət quran və söz, din azadlığı kimi inqilabi prinsipləri Hüquqlar Bəyannaməsində qanuna çevirən amerikalılar Magna Carta-nın təkan verdiyi liberal düzənin yetirmələri idilər.

“Təmsilçilik olmadan vergi olmamalıdır!” şüarı altında bir araya gələn Amerika kolonistləri kralın özbaşınalığına qarşı çıxmış ingilis baronlarından ruhən çox fərqlənmirdilər.  Vaşinqtonda yerləşən Milli Arxiv Muzeyində müsafirləri qarşılayan ilk sənəd də Magna Carta-dır.  Amerikalılar bu sənədə 229 yaşı olan konstitutsiyalarının sələfi kimi baxırlar.  Əslində isə Magna Carta dünya boyu hüquqi idarəçiliyi təsbit edən bütün konstitutsiyaların sələfidir.

3 responses to “Magna Carta – Konstitutsiyanın Ulu Babası”

  1. Magna Carta haqqında olan bu xülasə üçün təşəkkür edirəm. Londonda yerləşən Böyük Britaniya Parlamentinin binasındada xüsusi çərçivə arxasında saxlanılan bu tarixi sənədə xalq nümayəndələri özlərinə milli fəxr sayırlar.

    Yazıda olan bir fikir mənim diqqətimi cəlb elədi. “Zadəganları narahat edən kəndlilərin güzəranı və ya bərabərlik anlayışı yox, öz taleləri, öz azadlıqları idi.” Maraqlıdır kı, hətta bu günün özündə həm diktatura rejimləri və həmdə bəzi qərb siyasətçiləri və ziyalıları həmin bu səviyyədə yazılmış tarixi sənədlərə (Amerikan Azadlıq Bəyannəməsi və Konstitusiyası daxil olmaqla) qiymət verəndə onları düzgün olmayaraq indiki despotik rejimlərə haq qazandırmaq üçün o dövrdə insanların qul sahibləri olmalarını dəlil gətirirlər.

    Məsələn, Brzezinski, Amerikan siyasətçisi, Əfqanıstanı “Böyük Şaxmat Taxtasının”da Amerikanın Avrasiya maraqlarının bir hissəsini olmasını saymasına baxmayaraq, eyni zamanda o öz müsahibələrində bu talesiz xalqı orta əsrlərdə qalmış vəhşi kimi təsəvvür edir. Ümumiyyətlə, bu tipli ziyalı və alimlərin hansısa maraqlara görə tiraniya olan ölkələri idarə edən qeyri-leqitim qəbilələrin rejimlərini Amerika və başqa açıq cəmiyyətlərin tarixlərində 200 il bundan yaşayanlarınla münasibətdə daha mütərəqqi olmasını söyləməkləri bu xalqların tarixinə qarşı ədəbsizlikdir.

    Onlar sən dediyin kimi o vaxt tələb olunan hüquqların zamanın tələbi olduğunu bilsələrdə etiraf etmək istəmirlər. Hətta Roma İmperiyası bizə indiki dövrdən görzənən amansızlıqlarına baxmayaraq, dövlət quruluşu və 12 Cədvələ (Leges Duodecim Tabularum) əsaslanan Roma vətəndaşlarına verilən hüquqlara görə inkişaf eləmış sivil cəmiyyət sayılırdı.

    • aasgarov says:

      Pərvin bəy, mesajınızda Romadan misal gətirməyiniz diqqət cəlb edəndir. Həqiqətən burada paralellər mövcuddur. ABŞ-ı yaradanlar özlərinə qədim Roma Respublikaçılarının varisləri kimi baxırdılar və ABŞ hökumətinin siyasi quruluşu Roma Respublikasının quruluşundan ilham alır. Məşhur rəssamlar dəfələrlə Corc Vaşinqtonun portretini çəkəndə ondan Roma senatorlarının geydiyi toqa geyməyi xahiş edərdilər. (O, da bunu nəzakətlə rədd edərdi).

      Quldarlıq baxımdan da burada müəyyən paralellər var. Roma Respublikasının idarəçiləri kimi, ABŞ-ı yaradanların bəziləri (cənub ştatlarından gələnlər) quldar olublar. Amma romalılardan fərqli olaraq Corc Vaşinqton və Thomas Jefferson kimi şəxsiyyətlər quldarlıqla tərənnüm etdikləri hürriyət ideyası arasında təzadı görüblər, hərçənd ki, onlar 18-ci əsr düşüncəsinə uyğun olaraq irqi bərabərlik ideyasını rədd edirdilər. Elə bu səbəbdən də Vaşinqton vəsiyyət edərək ölümündən sonra öz qullarını azad etmişdi.

      Magna Carta kimi sənədlər göstərir ki, utopik bərabərlik və ideal cəmiyyət anlayışlarını, hakimiyyət bölgüsü ilə çaşdırmaq olmaz. 18-ci əsr Amerikasında qullar da var idi, azad adamlar da. Amma, məsələn, Rusiya İmperiyasından fərqli olaraq, monarxdan savayı hamı qul deyildi. Azad adamların fundamental siyasi hüquqları var idi və onlar tanınırdı. Yəni, cəmiyyətdə kollektiv və konsensual idarəçilik prinsipi, ağlar arasında olsa belə, bərqərar olmuşdu.

  2. […] təsvir edir,” deyə libertar təmayüllü Mark Steyn yazır. İnsan haqları anlayışını 1215-ci ildə İngiltərədə kralla zadəganlar arasında imzalanmış Magna Carta Libertatum sənədinə əsaslandıran Steyn deyir: “O vaxtlar, insan haqları insanların haqları idi – […]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Əsgər Möhsümoğlu

Əsgər Möhsümoğlu on ildən çoxdur ki, Amerikanın Səsində çalışır. Ali təhsilini Saint Olaf Kolleci, Stanford Universiteti və Maryland Universitetində alıb. Tarix elmləri doktorudur. "Vaşinqtonun Nəbzi" azərbaycanlı oxuyucuları siyasi, iqtisadi və sosial mövzularda Qərbdə cərəyan edən müxtəlif debatlarla, mətbuat icmalları ilə tanış edir.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories