Xoşladığım köşə yazarlarından biri Con Stosselin son məqaləsi belə adlanır. Stossel Amerika siyasi arenasında libertar baxışlarına görə tanınır. Yazdığı bütün yazılarda, hazırladığı bütün proqramlarda daim kiçik hökumət ideyasını tərənnüm edir. Stossel bütün varlığı ilə inanır ki, hökumətin iqtisadiyyata müdaxiləsi nə qədər çox olursa cəmiyyətdə yoxsulluq o dərəcədə artır. Bu baxımdan Stossel Qərb dünyasının üzləşdiyi iqtisadi böhranın köklərini də məhz bürokratlatın vaxtikən tətbiq etdikləri boğucu nizamlamalarda və başıpozuq qaydalarda görür.

Stossel cəmiyyəti konkisürmə meydançasına bənzədir. Bu növ meydançalarda onlarla adam müxtəlif istiqamətlərdə konki sürür, amma nədənsə heç kəs bir-birinə toqquşmur, yaxud nadir hallarda belə olur. İnsanlar özləri sürüşdükləri meydançada təbii nizam-intizam yaratmağa nail olurlar – heç bir köməksiz, müdaxiləsiz. “Demokratların və Respublikaçıların birgə hakimiyyəti altında hazırda biz nizamlamalar içərisində batırıq. Təsəvvür edin ki, ABŞ-da 160,000 səhifəlik qayda-qanun var. Mikromenecment azadlığı öldürür,” deyə Stossel yazır. Müəllif təklif edir ki, Amerikada istifadə olunmayan ərazilərdə kiçik hökumətli, minimal qaydaların mövcud olduğu iqtisadi zonalar təsis olunsun.

Bu məsələni Stossel Azad Şəhərlər Layihəsinin rəhbərləri Maykl Stronq və Maqatte Veydlə müzakirə edib. Stronqun həyat yoldaşı Maqatte əslən seneqallı olaraq üçüncü dünya ölkələrinin yoxsulluğunu hökumətin həcmi ilə izah edir. “İnsanlar anlamırlar ki, səfalət girdabında üzən Afrika dünyanın ən çox qayda-qanunu olan qitəsidir. Konqoda nəyisə idxal etmək üçün 18 sənəd tələb olunur… Afrikada korrupsiya nəhəng nizamlama mühitinin simptomudur,” Maqatte bildirir. Hökumətlər bir qayda olaraq bürokratik süründürməçiliyin arxasında gizlənib cəmiyyətdə sahibkarlıq hissini boğurlar. Bu qaydalardan bəhrələnən yeganə qüvvələr nəhəng korporasiyalar yaxud hökumət rəsmilərinə yaxın şirkətlər olur.

Azad Şəhərlər Layihəsi Honq Konq və Sinqapur kimi nümunələrdən ilham alır. Bu şəhərlər dünyanın ən varlı məkanlarıdır, halbuki orada təbii sərvət yoxdur. Amma azadlıq var. “Bir Dubaya baxın,” Stronq deyir: “Onlar maliyyə sektoru yaratmaq istəyirdilər. Şəriət buna imkan vermirdi. Onlar gördülər ki, Honq Konq, Sinqapur, Nyu York, Sidney və London kimi yerlərdə sadə Britaniya qanunlarından istifadə olunur.” 110 akr sahəsi olan səhrada şəhər ucaldıldı. Britaniya qanunları tətbiq olundu, şəhərə də britaniyalı hakim təyin edildi. Nəticəsi? Cəmi səkkiz ilin içərisində heç kimin adını eşitmədiyi Dubay dünyanın 16-cı ən iri maliyyə mərkəzinə çevrildi. “Elə libertarlar da bunu deyirlər: Azadlıq işləyir, amma hökumət minimum çərçivəsindən kənara çıxırsa, insanları yoxsul saxlayır,” deyə Stossel yazısını bitirir.