Müstəqillik Məsələsi: Həm Qəliz, Həm Də Vacib

Posted October 17th, 2011 at 12:10 pm (UTC-5)
1 comment

Həftəsonu Amerika müstəqillik bəyannaməsinin müəllifi Tomas Ceffersonun ev muzeyinə getmişdim.  Virciniyanın səfalı guşəsində, meşələrlə əhatə olunmuş dağın başında yerləşən və Montiçello adı ilə tanınan plantasiya Vaşinqton şəhərindən təqribən 150 kilometr qərbdə yerləşir.  Əgər Corc Vaşinqton Amerika dövlətinin qurucusu sayılırsa, Tomas Cefferson Amerika demokratiyasının banisi kimi tarixə düşüb.  Hər ikisi prezident olub.  Vaşinqton birinci, Cefferson üçüncü.  Maraqlıdır ki, baş daşında Tomas Cefferson öz vəsiyyətinə əsasən müsafirlərə “Müstəqillik Bəyannaməsinin və Virciniya Din Azadlıqları Qanununun müəllifi və Virciniya Universitetinin atası” kimi təqdim olunur.  İki dönəm prezident olması (1801-1809) haqda bir kəlmə də deyilmir.  Halbuki Cefferson prezident olduğu dövrdə Amerikanın ərazisini ikiqat genişləndirmiş (Luiziana Alqısı, 1803) və ölkəsini Napoleon dövrünün dağıdıcı müharibələrindən hifz etmişdi.  Belə görününr ki, “insan təfəkkürü üzərində tiraniyanın istənilən formasına qarşı əbədi düşmənşçiliyə and içmiş” şəxsiyyət özünün ümumbəşəri nailiyyətlərinə məhz müasir tarixdə ilk konstitutsion dövlət yaratmaq, dini dövlətdən ayırmaq və dünyəvi universitet təsis etmək kimi baxıb.  Ceffersonun əsasını qoyduğu Virciniya Universiteti hazırda ABŞ-da ən iri universitetlərdən biridir və burada on minlərlə tələbə təhsil alır.

Ceffersonun evində diqqətimi cəlb edən siyasi liderin özündən əvvəlki ABŞ prezidentləri Corc Vaşinqton və Con Adamsın portret və büstləri idi.  Əslində Cefffersonun inqilab zamanı silahdaşlarına bu cür ehtiramla yanaşmasında təəccüblü heç nə olmamalıdır.  İntəhası, erkən Amerika tarixinin detallarına bələd olanlar bilirlər ki, inqilabın ardınca Tomas Ceffersonla onun mübarizə yoldaşları arasında münasibətlər xeyli pozulmuşdu.  Vaşinqtonun ikinci prezidentlik dönəmində kabineti tərk etdikdən sonra Ceffersonla ali baş komandan arasında bütün təmaslar kəsilmişdi.  Müxalifətə keçmiş Cefferson və onun tərəfdarları Vaşinqtonu o qədər sərt tənqidə məruz qoymuşdular ki, prezidentin həyat yoldaşı Marta virciniyalı siyasətçinin adını belə çəkmək istəmirdi.  Hakimiyyətin nisbətən mərkəzləşdirilməsinə tərəfdar olan Federalistlərə qarşı Amerikada ilk siyasi partiya – Respublikaçılar Partiyasını qurmuş Cefferson Con Adamsın ikinci dönəm prezident olmasına imkan vermədi və 1801-ci ildə prezidentliyi ələ aldı (əlbəttə ki, seçkili yolla).

Azərbaycanın müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümü çox sayda diskussiyalara yol açıb.  Əlbəttə, Amerika ilə Azərbaycanın müstəqillik tarixləri arasında nəhəng fərqlər olduğu kimi müəyyən oxşarlıqlar da var.  İstər 1917-18-ci illərdə, istərsə də 1988-1991-ci illərdə Azərbaycann ləyaqətli oğulları müstəqillik uğrunda ayağa qalxdılar, üçrəngli bayrağı ucaltdılar.  Bir parça torpağı vətənə çevirən Məhəmməd Əmin Rəsulzadə və Əbülfəz Elçibəy kimi şəxsiyyətlər milyonlar üçün mübarizə nümunəsinə çevrildilər.  Amerika İnqilabında olduğu kimi, bu mübarizə də bəhrəsini verdikdən sonra xəyanətlərə, intriqalara, dar düşüncəli çəkişmələrə səhnə oldu.  Vaxtikən Vaşinqtonun gözdən salınması üçün səylər göstərmiş Tomas Cefferson 1814-cü ildə geriyə baxaraq deyirdi: “İndi mən anlayıram ki, Amerikanın müstəqilliyini əldə etmək və onu qoruyub saxlamaq üçün Corc Vaşinqtondan bacarıqlı kimsə ola bilməzdi.  O, doğrudan da əvəzedilməz şəxsiyyət idi.”  Prezidentliyi tərk etdikdən sonra Tomas Cefferson və Con Adams möhkəm dostlaşdılar.  Ömürlərinin sonunadək onlar bir-birlərinə müntəzəm məktublar yazar, düşüncələrini paylaşardılar.  1826-cı ildə iyulun 4-də – Amerikanın müstəqilliyinin ildönümündə Con Adams günorta saat 2-də vəfat etməzdən əvvəl “Cefferson hələ də yaşayır” deyə özünə təskinlik vermişdi.  Virciniyadan təqribən min kilometr şimalda, Massaçusets ştatındakı evində dünyasını dəyişən Con Adams bilmirdi ki, onun mübarizə yoldaşı, siyasi rəqibi və sonradan ən yaxın dostu olmuş Tomas Cefferson eyni gündə, cəmi bir neçə saat öncə əbədiyyətə qovuşmuşdu.

One response to “Müstəqillik Məsələsi: Həm Qəliz, Həm Də Vacib”

  1. Parvin Kouliev says:

    Həqiqətən müstəqillik məsələsi həm qəliz və həmdə vacibdir. Bu yazında Amerikanın müstəqillik tarixi ilə Azərbaycanda baş verən milli azadlıq hərəkatını müqayisə etməyinin özüdə maraqlı mövzudur. Nəzərə alsaq ki, bu günün özündə Amerikanın vətəndaşları öz müstəqillik hüquqlarını dövlət və qeyri-dövlət qurumları vasitəsi ilə hələdə müdafiə eləyirlər. Axır zaman ABŞ-in siyasi arenasında rol oynayan “Tea Party” və “Occupy Wall Street” kimi xalq hərakatları insanların baxışlarından asılı olaraq alternativ müzakirə və dialoq mənbəsinə kevrilib.

    Amerikadaki 13 müstəmləkənin nümayəndələrinin İngiltərə yerləşən hakimiyyətdən ya bərabər təmsilçiliyin təmin olması yada vergilərin götürülməsinin tələbinin qoyulması ilə başlayan ixtilaflar Azadlıq bəyannaməsinin qəbul olunması ilə nəticələndi. Eyni dildə danışan və eyni dəyərləri qəbul eləmış millətin övladlarının bir-biri ilə müharibəsi hansısa milli azadlığın üzərində daha çox şəxsiyyətin azadlığının üzərində qurulmuşdur. Sonradan Amerikada baş vermış vətəndaş müharibəsi bunu bir daha təsdiq elədi.

    Azərbaycanın 20 il bundan əvvəl 1991-ci ildə müstəqillik alması isə insanların şəxsi azadlıqları prinsiplərinə yox, daha çox millətçilik ideyalarına söykənib. Bu səbəbdən Sovet rejiminin süquti ilə, daha doğrusu Rus xalqının 1991-ci ilin Avqust ayında Kommunist partiyasının hakimiyyəti çevriliş yolu ilə ələ keçirtməsinə qarşı çıxması, Azərbaycan xalqının indiyəcən öz insani müstəqilliyini qiymətləndirə bilməməsinə gətirib çıxartmayıb. Artıq 20-ci əsr tarixində Azərbaycan xalqına ikidə dəfə verilmış, brinci dəfə Çar Rusiyasından, istiqlaliyyətin həqiqi mənası və dəyərləri milli şüarlardan başqa fərdi təsiri olmayıb.

    Bu günlər Azərbaycan təqvimində artıq iki müstəqillik günümüz və bir dənədə həmrəylik günümüz var. Ancaq bu bayramların doğrudanda, süni formada yox, beyinlərimizdə qürur hissini doğururmu? Millətin əksər hissəsi vətəndən kənarda öz ailələrini dolandırmaq üçün artıq bu müstəqilliyin bəhrəsini yad ellərdə alır. Azərbaycan adlı zindanda yaşayan xalqın böyük hissəsi yoxsulluq və möhtac ikində yaşayır. Əgər nə vaxtsa bizim indiki korrupsioner və rüşvətxor despotik rejimdən yaxa qurtarmağımızı növbəti azadlıq günü ilə qeyd eləmək fikrimiz varsa, eyni məna daşıyan bu bayramları kolleksiya eləməyimizin nə mənası var. Əsl insani azadlığımızı, müstəqilliyimizi, istiqlaliyyətimizi, hürriyətimizi və suveren hüquqlarımızı bərpa eləməyənəcən bizim bayram xətrinə özümüzü aldatmağa əsas yoxdur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Əsgər Möhsümoğlu

Əsgər Möhsümoğlu on ildən çoxdur ki, Amerikanın Səsində çalışır. Ali təhsilini Saint Olaf Kolleci, Stanford Universiteti və Maryland Universitetində alıb. Tarix elmləri doktorudur. "Vaşinqtonun Nəbzi" azərbaycanlı oxuyucuları siyasi, iqtisadi və sosial mövzularda Qərbdə cərəyan edən müxtəlif debatlarla, mətbuat icmalları ilə tanış edir.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories