Azadlıq Ağacı və Tiranın Qanı

Posted October 21st, 2011 at 11:36 am (UTC-5)
3 comments

“Azadlıq ağacı ara-sıra patriotların və tiranların qanı ilə suvarılmalıdır,” Amerika istiqlaliyyətinin müəlliflərindən olmuş Tomas Cefferson bəyan etmişdi. Dünən liviyalılar yenicə əkdikləri azadlıq ağacını 42 il ölkəyə diktatorluq etmiş Müəmmər Qəzzafinin qanı ilə suvardılar. Hamının şahidi olduğu dramatik səhnələr xalqına illərlə zülm etmiş tiranla cana doymuş xalq arasında mübarizənin məntiqi sonluğu idi. Qəzzafinin ölümünü bayram edən liviyalıların üzlərində hədsiz sevinc, eyni zamanda müəyyən qəzəb sezilirdi. Tirana qarşı mübarizədə on minlərlə liviyalı həyatını itirdi. Təkcə inqilab başlanandan bəri hakimiyyəti xoşluqla tərk etməyən Qəzzafi minlərlə adamın ölümünə bais oldu. Bir sözlə, bu xəmir çox su apardı. Amma əminliklə demək olar ki, azadlıqları üçün bunca qurbanlar vermiş Liviya xalqı yəqin ki, o azadlığın qədrini başqalarından daha çox biləcək. Ən azı bir də Qəzzafi kimisinin meydana çıxmasına imkan verməyəcək.

Zülmkarı ədalətli sonluğa çatdırmaqla azadlıq imtahanı vermiş liviyalılar bu şərəfli yolu keçə bilmiş millətlər sırasına qoşuldular. Müasir tarixdə ilk dəfə bu yola ingilislər qədəm qoyublar. 1642-ci ildə Kral I Çarlz-ın özbaşınalığından cana doymuş parlament monarxa qarşı üsyan etdi. Hətta döyüş meydanında uduzduqdan sonra da I Çarlz Allahdan siyasi mandat aldığını iddia edir və hansısa güzəştə getməkdən imtina edirdi. 1649-cu ildə inqilabçıların səbr kasası doldu. Kralın başını kəsdilər. Bu hadisədən təqribən əsr yarım sonra uzaq Amerikada xalq ayağa qalxdı. Kral III Corc-a əli çatmayan amerikalılar onun portretini Filadelfiya küçələri ilə sürüklədilər. Amerikalılardan ilham alan fransızlar 1793-cü ildə ekstravaqant həyat stilinə görə ad çıxarmış Kral XVI Lüdoviqi və xanımı Mari-Antuaneti edam etdilər. 20-ci əsrdə oxşar səhnələr İtaliyada Benito Mussolininin başıaşağı asılması və Rumıniyada Nikolae Çauşeskunun xanımı ilə birlikdə güllələnməsi ilə tarixə düşdü. Ən yaxın keçmişdə Səddam Hüseynin asılması da bu nümunələr kateqoriyasına şamil edilə bilər, hərçənd ki, diktatoru İraq xalqı deyil, amerikalılar devirmişdilər.

Əslində bəzi amerikalıların İraqdakı müharibəyə etirazları məhz ondan irəli gəlirdi ki, iraqlılar öz diktatorlarını devirmədiklırinə görə yeni qurulan siyasi sistemə yiyə durmaqda tərəddüd edirlər. “Xalq uğrunda vuruşmadığı azadlığın qədrini bilmir,” deyə Buş administrasiyasının əleyhdarları öz arqumentlərini əsaslandırırdı. Prezident Barak Obamanın Liviyadakı siyasəti də müəyyən mənada bu düşüncədən qidalanırdı: Azadlıq istəyən millət onun üçün vuruşmağa hazır olmalıdır. Prezident Obama inanırdı ki, sonda Liviya xalqı öz azadlığını özü əldə etməlidir. Əlbəttə, NATO təyyarələrinin sındırıcı zərbələri olmadan üsyançıların Qəzzafiyə qalib gəlməsi xeyli çətin olardı. Amma bu da faktdır ki, Benqazidə, Misratada, Əcdəbiyyədə, Breqada, Bəni Validdə və nəhayət Sirtdə vuruşub ölənlər amerikalılar yaxud fransızlar deyil, liviyalılar idi. Küçələrdə diktatorun süqutunu və azadlığın gəlişini bayram edən də. Onlar buna haqq etmişdilər.

3 responses to “Azadlıq Ağacı və Tiranın Qanı”

  1. Orkhan says:

    I liked it very much.Thank you !

  2. Parvin Kouliev says:

    “Xalq uğrunda vuruşmadığı azadlığın qədrini bilmir,” Bu bir cümlədə nə qədər məntiq vardır. Doğrudanda bizim öz azadlığımızı qiymətlindirə bilməməyimiz tanrının tarixdə iki dəfə bizə bəxş elədiyi istiqlaliyyəti asanlıqla təslim eləməyimizdən irəli gəlir.

    Rəvayətə görə eramızdan 480 il əvvəl 300 dənə Spartalının Fars Imperiyasının 7000-lik qoşununa qarşı döyüşü və müqaviməti tarixdə insanın öz azadlığını qorumaq üçün iradəsindən irəli gələn mübarizə dastanıdır. Ona görə bu gün xalqın sayından az olan hansısa qəbilələrin millətləri zəbt eləməyi və sadə insanlara zülm eləməyi inanılmaz həddə çatıb.

    Qaddafinin aqibəti bir daha göstərir ki, hətta xalq arasında müəyyən dəstəyi olan və müqavimət göstərən tiranın özünü əvvəl axır kanalizasiya borusundan çıxarılıb məhkəməsiz edam edilə bilər. Bir vaxtlar 2009-ci ildə Birləşmiş Millətlər Təşkilatında Səddam Hüseynin məhkəməsini ədalətsiz adlandıran Qaddafi özü daha çoz şərəfsizliyə məhkum oldu.

    Nəzərə alsaq ki, Azərbaycanda ki qeyri-leqitim ‘hakimiyyətin’ arxasinda, çirkin neft pulları ilə muzdla müvəqqəti kirayə olunmuş ‘təhlükəsizlik’ qoşunlarından başqa, heç bir xalq dəstəyi yoxdur, insanların özlərini buxovlardan azad edməsi çox uzun proses olmamalıdır. Sadəcə yuxarıdakı məxluqlar qaçıb gizlənəndə, fırıldaq yolu ilə xalqdan mənimsədikləri var-dövlətin doğrudanda sığınacaq tapmaq üçün etibarlı kanalizasiya sisteminə xərclənməsinə və mövcud olmasına əmindilərmi? Bəlkədə su basmış bu gür infrastruktura obyektləri onların axırıncı mənzilləri olacaq.

    Zülm üzərində qurulmuş rejimlərə zaval yoxdur deyənlər yanılırlar. 19-ci əsrdə quldarlığın axırıncı dövlət dəstəyi ilə vidalaşan Amerika və Rusiyadakı hadisələrdən artıq iki əsrə yaxın vaxt keçir və bu gün 21-ci əsrin başlanğıcında bizim hələdə quldarlığın başqa formalarına baş əyməyimiz qəbul edilməzdir.

    Artıq Birləşmiş Millətlər Təşkilatının və açıq cəmiyyətlərin öz Parlamentlərində xalqların iradəsi ilə azad və şəffaf seçkilərdə seçilməyən qeyri-leqitim hakimiyyətlərin taninmamasının və onlara qarşı məhdudiyyətlərin əzəldən qoyulması haqqında bəyənnamələr və qətnamələr qəbul olunmalıdır. Bu gür ictimai sənədlərin qəbul olunması və həyata keçirilməsi dünya ətrafında korrupsioner və despotik rejimlərə qarşı həmrəyliyi gügləndirəcək və beşiyində boğacaq.

    Bəşəri İnsan Hüquqları artıq hər hansı dövlətin daxili məsələsi deyildir və insana verilən bir ömür çərçivəsində onun Azadlıq dəyərlərinin tapdalayanlar ədalət məhkəməsi ilə müalicə olunmalıdırlar.

    • aasgarov says:

      Qeyd etdiyiniz kimi, insanı azad olmayan cəmiyyətlərin müstəqilliyi də formal xarakter daşıyır. Bir də ki, belə “müstəqilliyin” kimə faydası var?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Əsgər Möhsümoğlu

Əsgər Möhsümoğlu on ildən çoxdur ki, Amerikanın Səsində çalışır. Ali təhsilini Saint Olaf Kolleci, Stanford Universiteti və Maryland Universitetində alıb. Tarix elmləri doktorudur. "Vaşinqtonun Nəbzi" azərbaycanlı oxuyucuları siyasi, iqtisadi və sosial mövzularda Qərbdə cərəyan edən müxtəlif debatlarla, mətbuat icmalları ilə tanış edir.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories