Amerika İmperiyadırmı?

Posted October 26th, 2011 at 2:48 pm (UTC-5)
9 comments

ABŞ imperialistləri. Amerika İmperiyası. Avtoritar rejimlərin mövcud olduğu məkanlarda və radikal solçular arasında bu ifadəyə tez-tez rast gəlinir. Prezident Barak Obamanın ABŞ qüvvələrini İraqdan çıxarması Jonah Goldberg-i bu ittiham barədə bir qədər ətraflı düşünməyə vadar edib. “Hansı imperiya tutduğu ərazidən könüllü şəkildə qoşunlarını çıxarır?” müəllif sual edir. “Tipik imperiyalar ölkələri zəbt edirlər ki, onların sərvətlərini ələ keçirsinlər, onları idarə etsinlər və ərazinin sakinlərindən vergi toplasınlar. Bu, qədim Romalılardan tutmuş Britaniya və Sovet İmperiyasınadək həqiqət idi.” Amma İraqda belə deyildi. Amerika istəsəydi, Səddam Hüseyn böyük məmnuniyyətlə neftini ona satar və hakimiyyətini qoruyub saxlayardı. Əslində ABŞ-ın neft lobbisi müharibə yox, sanksiyaların ləğvinə tərəfdar idi. Heç kəs deyə bilməz ki, Amerika İraqı öz maliyyə maraqlarına görə zəbt etmişdi. 2003-cü ildə başlanan hərbi müdaxilə ABŞ büdcəsinə 1 trilyon dollara başa gəlib. O biri tərəfdən, qoşunların İraqda saxlanması barədə Bağdadla aparılan danışıqların iflasa uğraması göstərir ki, ABŞ İraq hökumətinə nəzarət etmir, və Nuri əl-Maliki administrasiyası öz qərarlarında müstəqildir.

“Yaxın Şərqin bir çox guşələrində Terrora Qarşı Müharibə imperialistlərin səlib yürüşü kimi qələmə verilir. Bu cəfəngiyyat nəzərə almır ki, Amerika müsəlman həyatlarını xilas etmək üçün hər hansı müasir müsəlman dövlətindən daha çox iş görüb. İstər Demokrat, istərsə də Respublikaçıların idarəçiliyi altında ABŞ Somali, Kosovo, Bosniya, Küveyt, Əfqanıstan, İraq və indi Liviyada müsəlmanlara yardım edib. Küveyti çıxmaq şərtilə, heç bir xilas edilmiş millətə hesab təqdim olunmayıb. Bizdən xahiş edəndə də, çıxıb gedirik. Bütün bunları talan və qüdrət məqsədilə etdiyimiz deyənlər prosesdə həyatlarını itirmiş amerikalıların ruhlarına hörmətsizlik edirlər,” deyə Goldberg yazısını bitirir.

Hazırda ABŞ-ın nə vaxtsa azad etdiyi və hələ də qoşun saxladığı ölkələr sırasında Almaniya, Yaponiya və Cənubi Koreya dünyanın ən varlı ölkələridir. Bəzi hallarda bu ölkələr Amerikanı iqtisadi rəqabətdə üstələməyə nail olublar. Mən özüm bu fenomeni daha yaxından Yaponiyada müşahidə etmişdim. Həyat yoldaşımın babasının evində qalarkən divarda asılmış gənc əsgər portreti haqda soruşdum. Baba mənə dedi ki, bu, müharibə zamanı onun Filippində amerikalılar tərəfindən öldürülmüş qardaşının şəklidir. Maraqlı bu idi ki, bu adam həmişə öz uşaqlarına və müsafirlərə Amerikanın necə alicənab ölkə olduğunu danışar və yapon millətini ağ günə çıxarmasından danışardı. Onun sözlərinə görə məğlub etdiyi ölkədə demokratiya qurmaqla ABŞ Yaponiyanı militarizmin və səfalətin cəngindən qurtarmışdı. Divardakı şəkil haqda soruşanadək mən onun qardaşı haqda eşitməmişdim.

9 responses to “Amerika İmperiyadırmı?”

  1. Parvin Kouliev says:

    Əsgərin bu məqaləsində öz şəxsi təcrübəsindən gələn və olan faktları dəstəkləyən məntiqi mülahizə çox maraqlıdır. Sözsüz indiki dövrdə yaxşı olardı ki, hər Azadlığı istəyən xalq buna öz istəyi ilə nail olsun. Belə olan şəraitdə millət bunun qiymətini daha yaxşı bilir.

    Nadir hallarda sözsüz Amerikanın öz milli maraqlarına görə də, məsələn Sovet rejiminin dağılması, həmçinin xalqların istiqlaliyyətinə nail olursa, buna görə bu dövlətə ancaq təşəkkür eləmək olar. Əgər Azərbaycan xalqı ona verilən imkandan istifadə edib öz demokratik cəmiyyətini qura bilməyibsə və hər hansı hakimiyyəti zəbt eləmış qəbilə bundan istifadə eləyib zülm vasitəsi ilə xalqı talayırsa və buna göz yumulursa, Amerikanın sadəcə millətin müqaviməti olmadan müdaxilə etməsi sadəlövhlük olardı.

    Bu səbəbdən, bu gün Amerikan hökümətini diktatura rejimlərinnin qarşısını almaması və eyni vaxtda bu ölkənin hakimiyyətini işğalkı kimi təsvir eləmək artıq axırıncı bir ildə baş verən gerçəkliklərin fonunda mümkün olmayacaqdır. Ancaq bir məsələni nəzərə almalıyıq ki, bizim millətin öz torpağındakı tiraniyanın köləsi olub itaətkarlıq göstərməsi əvvəl axır insan faciəsinə gətirib çıxardanda, Amerikanın siyasətçiləri daha səbrlə buna yanaşacaqlar.

    Bəli, “Sonrakı peşmançılıq fayda verməz” deyə biz öz taleyimizi və suveren hüquqlarımızı çox ucuz qiymətə təslim eləməyimizin əzabını çox kəçəgəyik, üzdə biruzə verməsəkdə. Bu gün İrandakı Azərbaycanlıların müdafıəsinə qalxandada şimalda yaşayan az saylı millətin öz xoşbəxtliyini qura bilməməsi sözün düzünü desək bizim üçün bir paradoxa dönüb və açıq cəmiyyət qurmaq potensialımızı sual altında qoyur.

  2. Elnur says:

    ABŞ onun üçün zəbt etdiyi torpaqlarda çox qalmır ki, ona ehtiyac yoxdur. Kukla hakimiyyətini gətirir, sərvətini də özünün korporasiyalarına havalı edir. Borcu da yalanda yükləyir ona ki, bəs indi işlə borcumu ver. Hərdən də kuklalarına tapşırır ki, bəs hərdənbir mənə hür ki, deyim bu it mənimitim olsa idi mənə hürməzdi.
    Səlibyürüşünə gəldikdə isə onu Buş şəxsən etiraf edib. Sonra yazılıb ki:” İstər Demokrat, istərsə də Respublikaçıların idarəçiliyi altında ABŞ Somali, Kosovo, Bosniya, Küveyt, Əfqanıstan, İraq və indi Liviyada müsəlmanlara yardım edib. Küveyti çıxmaq şərtilə, heç bir xilas edilmiş millətə hesab təqdim olunmayıb. “- Somalidə camaatı qırdı ki, bəs nə bilim onlar niyə islami-şəriət hoküməti qurmaq istəyirlər, hələ bir bizim diktəmizlə getmirlrə. Kosovoya isə Rusiyaya təsir etmək və serbləri təkləmək. Bosniyada isə müsəlmanları serblərə qırdırdılar, sonra isə görəndə ki, bəs mücahidlər ora axın edib serblərin dədəsinə od qoyur və islam hakimiyyəti qorxusu var ondan sonra məsələyə xilaskar donu ilə gəldi. Əfqanıstan da məlim. Nəzarətdə olmayan “İslam təhlükəsindən” ötrü, Qalanları da ki, hamıya məlumdur ki, neft amili və bu diktatorların İsraili tanımaması və onu təhdid etməsi.
    Yaponiyaya qaldıqda isə onu necə sevdiyinə Xirosima və Naqasaki sübut. Belə demokratiya sevənsizsə niyə Azərbaycan, Səudiyyə, Ürdün, Bahreyndəki olanlara göz yumursuz

    • aasgarov says:

      Sizin mülahizələriniz bilgiyə və bəzi hallarda məntiqə əsaslanmır. Amerikanın hər addımını daim bəd niyyətlə izah etməyə tələsirsiz. Əvvəla, dediyim kimi, əgər İraq və Liviyada Amerikanın hərbi müdaxiləsini neft şərtləndirsəydi, istər Səddam istərsə də Qəzzafi bu nefti amerikalılara satmağa hazır idilər və sonuncusu bunu edirdi. Əgər bütün müdaxilələr neftə əsaslansaydı, onda Əfqanıstanda , Balkan və Somalidəki müdaxilələri necə əsaslandırırsız? Yaponiya, Amaniya və Cənubi Koreyada baş verənlər haqda isə belə görünür ki, məlumatınız azdır – köhnə Sovet propaqandasına istinad edirsiz. Azərbaycan, Səudiyyə, İordaniyada baş verənlərə heç kim göz yummur. Hamı nə baş verdiyini görür və anlayır. Amerika bütün dünyanın xilaskarı olmaq vəzifəsini öz üzərinə götürməyib və sizin tənqidləriniz göstərir ki, çoxları onsuz da bunu dəyərləndirmir. Bəlkə əgər Azərbaycanda yaxud Səudiyyə Ərəbistanında müdaxilə baş versə, bunu da neftlə əsaslandıracaqsız. Artıq indidən hər şeyə hazır cavabınız var.

      Heç kim ABŞ-ın öz maraqlarını nəzərə almadığını iddia etmir, amma fakt budur ki, əksər hallarda bu maraqlar zülmlə üzləşən millətlərin maraqları ilə üst-üstə düşür. Siz isə konstruktiv təklif vermək əvəzinə müsəlmanları bu qədər ölkələrdə tiraniyadan azad etmiş qüdrəti söyməklə məşğulsunuz. Söymək isə çox asandır – diktatorları devirməkdən, xalqları zülmdən qurtarmaqdan xeyli asan.

  3. individualist says:

    imperializm meger torpaq tutmaqlamı mehdudlaşan anlayışdır.Tam eksine son yüzillikde mehz iqtisadi anlamı ifade edib.Demeli amerikan imperializmi deyende dövlet yox şirketler nezerde tutulur hansı ki ABŞ sadece o maraqların temin olunmasına vasiteçilik edir.Bu menim iddia etdiyim görüş deyil,amma imperializm eleyhdarlarının müdafie etdiyi fikirlerdir.Meqale bu tezlere cavab vermeli idi hansı ki tamam uzağından keçib.Amerikalı esgerlerin ölümü ve hetta ABŞ dövlet büdcesinin xerce düşmesi şirketler üçün göze alına bilecek durumlardır,en azı bununçün vicdan ağrısı çekecek deyiller.Tekrar etmeliyem men müselman diktatordansa, imperializmin ixrac etdiyi demokratiyanı seçerem ancaq yuxarıdakı suallar olduğu kimi durur.

    • aasgarov says:

      Höcət etmək lazım deyil. Sovet İttifaqı klassik imperiya idi. Moskvada mərkəzləşmiş bu imperiya Azərbaycan kimi onlarla millətin torpaqlarını qəsb etmiş, sərvətlərini əlindən almış, xalqını idarə etmiş, və üstəlik, başqa klassik imperiyalardan fərqli olaraq, ruslaşdırmaq siyasəti yürütməklə mədəniyyətini məhv etməyə çalışmışdı. Sizin bir azəri olaraq bunu dərk etməməyiniz çox məyusedicidir.

      ABŞ hökumətinin şirkətlər üçün imperailist siyasəti yürütdüyünü iddia edənlər köhnə Marksist-Leninist düşüncəsini bir kənara qoyaraq vəziyyəti real təhlil etsələr daha yaxşı olar. Amerika korporasiyaları vahid cəbhə deyillər. Burada minlərlə korporasiya var və onların hərəsinin öz maraqları var, və onlar daim bir-birləri ilə rəqabət aparırlar. Siz gənc amerikalıların hansısa korporasiyanın maraqlarına görə qurban verildiyini düşünürsüzsə, onda Amerika cəmiyyəti və dövləti haqda çox az məlumatınız var.

      Konkret olaraq siz deyə bilərsinizmi ki, Kosovo, Bosniya, İraq, Əfqanıstan və Somali kimi yerlərdə Amerika şirkətləri nə kimi mənfəət götürüblər? Yaxud da Amerika qoşunlarının 50 il öncə daxil olduqları Almaniya, Yaponiya və Cənubi Koreyada. Sizcə BMW, Mercedes, Toyota, Honda, Sony, Hyundai, Samsung ABŞ şirkətləridir?

  4. individualist says:

    Ve elave etmeliyem ki “Sovetler”i imperiya adlandırmaq,bu tez tez edilen amma ciddi esasları olmayan olmayan iddiadır.

  5. Elnur says:

    Opponentlərinizi məntiqsiz və ya dəli, terrorist, kommunust, faşist və ya hər hansı bir adla dlandırmaq və ya o istiqamətə meyllilikdə günahlandırmaq ABŞ və umumiyyətlə bütün imperialist dövlətlərin metodudur. Onlar qəsb etmək istədikləri dövlətləri müxtəlif cür adlandırıb düşmən elan edirlər və sonra da həmin ölkələrə xilaskar imicində gəlib yuxarıdakı yazdığım metodlarla öz niyyətlərini həyata keçirirlər. Bunu bütün imperiyaların tarixindən öyrənə bilərsiz. Afrikanı vəhşilikdə, Yaxın Şərqi demortksizlikdə və islam terrorizmində, Amerikanı hindu vəhşiliyində və geridə qalmaqda, dinsizlikdə, Hind Çini dövlətlərinə hədədə və bura guya mədəniyyət ixrac etməkdə və s günahlandırırsız. Bir bir xarici ölkələrdə fəaliyyət göstərən şirkətlərinizin pay ortaqlarına bir baxın, sonra deyin ki, bəs biz sizə kömək etməyə gəlmişik. BP bizim ölkənin neftini talayır. Elə buna görə də Əliyevlərə sususr. Düzdür hərdənbir guya ki, nədənsə narazı kimi göstərir, amma içdən başqa cürdür. Sübut üçün 2003-il burada prezident seçkilərində ABŞ-ın tutduğu mövqe bəs edər. İsa Qəmbər neft kontraktlarına təəzdən baxmaq lazımdır deyəndən sonra sizin səfirlikdən bizim quldurlara: Şəhərdə sakitçilik yaradın – mesajı gəlməkilə məsələ aydın oldu.
    MKİ-nin latın Amerikasınd və Afrikada onların tələblərinə cavab verməyən diktatorların necə aradan götürülməsi heç kimə artıq sirr deyil. İstəsən linki verə bilərəm. Düzdür rus dilindədir.
    Sadaladığın ölkələrə müdaxiləni də artıq anlatmışdım. Müdaxilənin iqtisadi və idioloji səbəbləri də olur. Çox vaxt hər ikisi də eyni zamanda olur. Almaniya, Koreya və s. ideoloji idi ki, bir növ onların bir balaca bəxtləri gətirdi. Hələ bir bunda da onların iqtisadi çıkarları da olub. Səddam və ya qəddafiyi gəldikdə isə onlar barədə artıq hökm gəlmişdi və heç onlara inam da az idi. İndi təzə metoda keçiblər. İstədiyi iqtidarı demokratik don geydirib hakimiyyətə gətirirlər. Sərf eləməyəndə başqasını gətirəcəklər. Bu gün bizim ölkədə sizlərin üzünə “ağ” olan partiya görmədim. Səbəbbi qrant və sizədən başqa sığınacaq yer qoymamanızdadır. Dovşana qaç, tazıya tut deyirsiz. İndiki partiyalar siyasətlərini işə salıb xalqdan yox. ancaq sizdən mədəd umurlar. Heydər Əliyevin ölümünü gizlədib, İlhama şərait yaradan sizin ölkə deyildimi?
    BP şirkətinə bu gün qəbul olunanlara düz bir il ingilis dili öyrədirlər. Nədi-nədi bura gələn amerikalı və ingilis ağalar öz dilində danışsınlar Təbii ki, bu öyrənmə vaxtınd da az pul vermirlər Ən azı 800 dollar. Bu da ki, yenə ölkəmizin payından gedir. Hələ bir qəbul namizədlərinin arasında da kim ki, onlara xilaskar kimi baxmağını deyirsə onlar qəbul olunur.
    Bir də ki. bizə məlumdur ki, ABŞ-ın siyasətini müəyyənləşdirənlər elə korparasiyalardır. Yani onlar siyasətini bunlara görə qurur əsas. Sizin demokratik ölkədə də Buşun neə demokratik yolla seçilməsini də bilirik. Gedin öz güzünüzdəki tiri götürün, bizdəkində tük axtarmayın.
    P.S.İlanın ağına da lənət, qarasına da

  6. aasgarov says:

    Amerikanın səhvləri təkcə 2003-cü ildə Azərbaycanda baş verənlərlə məhdudlaşmır. ABŞ vaxtikən İranda Mossadeqin devrilməsinə yardım göstərməklə, və Soyuq Müharibə dönəmində avtoritar rejimlərə dəstək verməklə bir çox yerlərdə insan əziyyətinin artmasına yol açıb. Amerikanın özündə də bu həqiqət açıq şəkildə deyilir. Amma ABŞ-ın qlobal müstəvidə yürütdüyü siyasəti büsbütün ilan xisləti ilə izah edib onu Sovet İttifaqı və ya başqa totalitar dövlətlə müqayisə etmək ədalətsizlikdir. Əgər Amerikanın sayəsində bir-iki millət diktaturaya ürcah olubsa, onlarla başqa millətlər bu gün Amerikanın sayəsində asudə nəfəs alır. Kim deyə bilər ki, Kosovoda, Bosniyada, İraqda, Əfqanıstanda və yaxud Liviyada indiki siyasi durum əvvəlkindən pisdir? Siz Azərbaycanda avtoritar rejimin mövcud olduğunu deyirsiz. Amma İraqda Səddam, Əfqanıstanda Taliban və ya Liviyada Qəzzafi kimi diktatorların idarəçiliyinə normal baxırsız, və hesab edirsiz ki, Amerika bu rejimləri devirməklə səhv iş görüb. Mən burada məntiq görmürəm. Hər yanaşmada bir ölçü hissi olmalıdır. Mən güman etmirəm ki, Amerikasız dünya daha yaxşı yer olardı.

    Hesab etmirəm ki, siz kommunist yaxud faşistsiniz. Azərbaycanda sizin kimi düşünən adamlar çoxdur. Bu düşüncələrdə böyük həqiqət, eyni zamanda hədəfinə sərrast ünvanlanmamış qəzəb var. Azərbaycan xalqının düşmənləri Amerikada yaxud Avropada deyil.

    • Elnur says:

      ABŞ Sovetlərdən də betər imperialistdir. Daha doğrusu zalımdır. Heç bir millət ABŞ sayəsində rhat nəfəs almır. ABŞ quzu donu geymiş canavardır. əgər bu gün İraqa guya Səddam üçün girəblərsə onda soruşan lazım ondan ki, niyə nüvə silahı bhanəsi ilə girdin. orda nüə silahı tapdınmı? Əgər desə yox mən demokratiya və ya azadlıq öçün girdim. onda deyən lazım Əbu Qreybdə olanlar kimə lazım, hər an tökülən qanlar kimə lazım? Təbii deyəcək ki, belə şeylər olur biz istəməsək də və ya əsayiş qurbanlr tələb edir və yaxud bu zəruri halıdır. Elə isə Səddam da eyni fikirləri deyirdi. Ölkəni parçalamağın qarşısını alırdı və yaxud İranla əlaqəsini kəsirdi və minlərlə bahanə. Hamıya sirr deyil ki, məhz neft amıli olub Liviya və ya İraqda. Ondan da öncəsi İsraili qorumaq olub. ABŞ bu gün təkcə İsrailə etdiyi yardımların dəyəri qədər başqa ölkələrə “yardım” etmir. Terroroist İsrailə etdiyi dəsdək hamıya məlumdur. Hələ təcavüzkar Ermənistana bə seperatçı DQ etdiyi yardımları demirəm. Sizin ölkədə bərk qışqırmağa gücü çatan və bunu eşitdirməyə çalışan lobbilər əsas yer tutur.
      Liviyad Qəzzafiyə diktator deyirsiz. O da ki, məlum nə üçün. Qərbin talançı korparasiya və dövlətlərinin əllərini kəsdiyi üçün. Talibanı pisləyirsiz. Daha demirsiz ki, Taliban vaxtında narkotiklərin demək olar ki, kökü kəsilmişdi, amma indi sizin sayənizdə beynəlxalq arenaya çıxıb narkobiznes Əfqanıstanda. Siz girdiyiniz ölkələrə ölüm, xaos, əxlaqsızlıq və mənəviyyatsızlıq gətirirsiz. Sovetlər sizdən qat-qat gözöl idilər. Təkcə səhvləri dinsizliy idi ki, onu da sizin kimi gizlində edə bilmirdilər.
      Azərbaycan xalqının düşməni ilk öncə özləridir ki, qul xisləti getməyib onlardan. Avropa və ABŞ-ı isə bizdə ancaq neft-qaz və əxlaqsızların (cinsi azlıqların) taleyi düşündürür. Onun üçün də bu yaxınlarda bizim “dövlət2 BP şirkəti ilə qaz kontraktı və avropa ilə nabukko kontraktlarını bağladı ki aman-aman ərəb baharını bura ixrac etməsinlər. Sonra da hicab qadağası və dini və dindarları sıxışdırmaq kompaniyası parır ki, bəs mən də mənəvi cəhətdən sizinlə bərabərəm. Nə isə yazmaq çox vaxt az. Onsuz da özünüz məndən yaxşı bilirsiz. İnşallah Roma imperiyası dağıldığı kimi, onun davamçısı ABŞ – da süqut eləyər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Əsgər Möhsümoğlu

Əsgər Möhsümoğlu on ildən çoxdur ki, Amerikanın Səsində çalışır. Ali təhsilini Saint Olaf Kolleci, Stanford Universiteti və Maryland Universitetində alıb. Tarix elmləri doktorudur. "Vaşinqtonun Nəbzi" azərbaycanlı oxuyucuları siyasi, iqtisadi və sosial mövzularda Qərbdə cərəyan edən müxtəlif debatlarla, mətbuat icmalları ilə tanış edir.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories