ABŞ imperialistləri. Amerika İmperiyası. Avtoritar rejimlərin mövcud olduğu məkanlarda və radikal solçular arasında bu ifadəyə tez-tez rast gəlinir. Prezident Barak Obamanın ABŞ qüvvələrini İraqdan çıxarması Jonah Goldberg-i bu ittiham barədə bir qədər ətraflı düşünməyə vadar edib. “Hansı imperiya tutduğu ərazidən könüllü şəkildə qoşunlarını çıxarır?” müəllif sual edir. “Tipik imperiyalar ölkələri zəbt edirlər ki, onların sərvətlərini ələ keçirsinlər, onları idarə etsinlər və ərazinin sakinlərindən vergi toplasınlar. Bu, qədim Romalılardan tutmuş Britaniya və Sovet İmperiyasınadək həqiqət idi.” Amma İraqda belə deyildi. Amerika istəsəydi, Səddam Hüseyn böyük məmnuniyyətlə neftini ona satar və hakimiyyətini qoruyub saxlayardı. Əslində ABŞ-ın neft lobbisi müharibə yox, sanksiyaların ləğvinə tərəfdar idi. Heç kəs deyə bilməz ki, Amerika İraqı öz maliyyə maraqlarına görə zəbt etmişdi. 2003-cü ildə başlanan hərbi müdaxilə ABŞ büdcəsinə 1 trilyon dollara başa gəlib. O biri tərəfdən, qoşunların İraqda saxlanması barədə Bağdadla aparılan danışıqların iflasa uğraması göstərir ki, ABŞ İraq hökumətinə nəzarət etmir, və Nuri əl-Maliki administrasiyası öz qərarlarında müstəqildir.

“Yaxın Şərqin bir çox guşələrində Terrora Qarşı Müharibə imperialistlərin səlib yürüşü kimi qələmə verilir. Bu cəfəngiyyat nəzərə almır ki, Amerika müsəlman həyatlarını xilas etmək üçün hər hansı müasir müsəlman dövlətindən daha çox iş görüb. İstər Demokrat, istərsə də Respublikaçıların idarəçiliyi altında ABŞ Somali, Kosovo, Bosniya, Küveyt, Əfqanıstan, İraq və indi Liviyada müsəlmanlara yardım edib. Küveyti çıxmaq şərtilə, heç bir xilas edilmiş millətə hesab təqdim olunmayıb. Bizdən xahiş edəndə də, çıxıb gedirik. Bütün bunları talan və qüdrət məqsədilə etdiyimiz deyənlər prosesdə həyatlarını itirmiş amerikalıların ruhlarına hörmətsizlik edirlər,” deyə Goldberg yazısını bitirir.

Hazırda ABŞ-ın nə vaxtsa azad etdiyi və hələ də qoşun saxladığı ölkələr sırasında Almaniya, Yaponiya və Cənubi Koreya dünyanın ən varlı ölkələridir. Bəzi hallarda bu ölkələr Amerikanı iqtisadi rəqabətdə üstələməyə nail olublar. Mən özüm bu fenomeni daha yaxından Yaponiyada müşahidə etmişdim. Həyat yoldaşımın babasının evində qalarkən divarda asılmış gənc əsgər portreti haqda soruşdum. Baba mənə dedi ki, bu, müharibə zamanı onun Filippində amerikalılar tərəfindən öldürülmüş qardaşının şəklidir. Maraqlı bu idi ki, bu adam həmişə öz uşaqlarına və müsafirlərə Amerikanın necə alicənab ölkə olduğunu danışar və yapon millətini ağ günə çıxarmasından danışardı. Onun sözlərinə görə məğlub etdiyi ölkədə demokratiya qurmaqla ABŞ Yaponiyanı militarizmin və səfalətin cəngindən qurtarmışdı. Divardakı şəkil haqda soruşanadək mən onun qardaşı haqda eşitməmişdim.