Amerikanın İkili Standartları

Posted November 2nd, 2011 at 1:51 pm (UTC-5)
Leave a comment

Bu günlərdə dostum mənə maraqlı məqalə göndərib.  Ted Rall-ın Aljazeera.net-dəki yazısında ABŞ-ın Liviya və Özbəkistan siyasətləri müqayisə olunur.  Müəllif hesab edir ki, Vaşinqton İslam Kərimov kimi bəzi diktatorlarla əməkdaşlıq etdiyi halda, Müəmmər Qəzzafi kimi başqalarını hədəf almaqla ikiüzlülüyə yol verir.  ABŞ Dövlət Katibi Hillari Klintonun Özbəkistana son səfərini və İslam Kərimovla görüşünü işıqlandıran Rall yazır:  “Qəzzafi devrilən həftə ABŞ Liviya tiranına bənzər şəkildə dustaqlar və siyasi dissidentlərlə rəftar edən uzun dönəmli diktatora mehribanlıq göstərirdi… Belə görünür ki, Amerika başqa ölkələrlə davranışında iki növ standartlara riayət edir.  Düşmən ən sərt meyarlarla ölçülür.  Müttəfiqlərə isə güzəşt olunur.  Bu ikili standart dünyada anti-Amerikanizmin bir nömrəli səbəbidir.”  2005-ci ildə Əndican şəhərində mindən çox adamı qəddarcasına qırdqıdan sonra ABŞ özbək diktatoru ilə əlaqələri xeyli soyutmuşdu.  Lakin 2011-ci ilin sentyabrında, Özbəkistanın insan haqları sahəsində göstəriciləri yaxşılaşdırdığını əsas gətirərək ABŞ bəzi sanksiyaları ləğv edib.

CNN teleaparıcısı və siyasi təhlilçi Fərid Zəkəriyyə bu günlərdə İran və Səudiyyə Ərəbistanına səfərdən qayıdıb.  İki ölkə arasndakı fərqləri təhlil edən Zəkəriyyə də ABŞ-ın xarici siyasətində ikili standarta riayət olunduğuna eyham vurur.  “Səudiyyədə qadınlara maşın sürməyə icazə verilmir.  İranda isə verilir.  Səudiyyə qadınları səs vermək hüququndan məhrumdurlar.  Iranda isə bu hüquq 1963-cü ildən bəri mövcuddur.  2010-cu ildə İranda qadınlar nazir vəzifələrinin 3 faizini, parlamentdəki yerlərin isə 5 faizini tutublar.  Səudiyyə Ərəbistanında bu rəqəm sıfırdır.  Qadınlarla kişilərin fərqlərinə gəldikdə İran BMT hesablamalarına əsasən 123-cü yerdə qərar tutur.  Səudiyyə isə 129-cu yerdə gedir.”

2003-cü il, oktyabr prezident seçkilərində Azərbaycan xalqı da ikili standardların meyvəsindən dadmışdı.  ABŞ dövlət katibinin o zamankı müavini Riçard Armitac İlham Əliyevi prezident seçilməsi münasibətilə təbrik edirkən, küçələrdə yüzlərlə müxalifətçi həbs olunur və qəddarcasına döyülürdü.  Həmin seçkiləri Azərbaycan hökumətindən başqa heç bir mötəbər qurum azad, şəffaf yaxud ədalətli səsvermə kimi qiymətləndirməmişdi.  Sonradan bir sıra ABŞ rəsmiləri Armitacın telefon zəngini məyusedici adlandırdılar, və qəzetlər Azərbaycanın siyasi elitası ilə sıx əlaqələrə malik olan Armitacı tutduğu mövqeyə görə sərt tənqid etdilər.  Amma iş işdən keçmişdi.

Təkcə sadalanan faktları nəzərə alsaq, ABŞ-ın hansısa xarici siyasət məsələsində demokratiyanı öz maraqlarından həmişə üstün tutduğunu demək düzgün olmaz.  Amma ortada başqa faktorlar dar var.  Alexis de Tocqueville deyirdi: “Amerikanı qüdrətli edən onun yaxşı olmasıdır.  O zaman ki, Amerika yaxşı olmayacaq, onda o, qüdrətli də olmayacaq.”  Orası düzdür ki, Amerika bəzən Özbəkistan və Səudiyyə Ərəbistanında mövcud olan odioz rejimlərlə təmas qurur.  Amma bu, o demək deyil ki, ABŞ bu ölkələrdəki mövcud rejimləri demokratiyadan üstün tutur.  Allah şahiddir, yüzlərlə özbək və səudiyyə dissidenti elə ABŞ-da sığınacaq tapıb.  Əslində, Amerika Misir, Yəmən və Tunis hökmdarları ilə daha yaxın idi.  Amma bu yaxınlıq həmin rejimləri xalqın qəzəbindən xilas etmədi və Amerika bu ölkələrdə demokratik hərəkata dəstək verdi.  Fakt budur ki, Amerikaya düşmən olan rejimlərin demək olar ki, hamısında siyasi azadlıqlar bərbad durumdadır.  İranın 123-cü yerdə, Səudiyyənin isə 129-cu yerdə getdiyini xırdalamaqla İranın Səudiyyə Ərəbistanından daha proressiv olmasını sübut etmək cəhdi gülünc görünür.  Və ya, guya ki, 1963-cü ildə kağız üstündə qanun qəbul etmiş İranda səs verən qadının səsini saya alan var?  Sual budur ki, hansı qadın istər İran, istərsə də Səudiyyə Ərəbistanında yaşamaq istəyər?

İkili standartlar söhbətində həqiqəti əks etdirən bir sıra məqamlar var.  Amma, türkün məsəli, əfsuslar olsun ki, adətən vətəndaşlarına divan tutan rejimlər və yaxud status-kvo tərəfdarları bu arqumentdən istifadə edərək ABŞ-ın hər hansı ölkədə demokratiya mücadiləsinə dəstək verməsini gözdən salırlar, onu müdafiə pozasına otuzdurub müsbət fəaliyyətdən çəkindirməyə çalışırlar.  Əgər Amerika Səudiyyə Ərəbistanında rejimin devrilməsi üçün nəsə etmirsə, bu, o demək deyil ki, onda o, Suriya və ya İrana gəldikdə də əlini əlinin üstünə qoymalıdır.  Bundan kim nə qazanır?  İki səhvin cəmi düzgünə bərabər olmur.  Bir də ki, demokratiya məsələsində Amerikanın rolunu mərkəzi amilə çevirmək, yalnız Vaşinqtonu qınamaq acizliyin etirafıdır – ən azı, fəaliyyətsizliyə bəraət qazandırmaq taktikasıdır.  Amerika yarandığı gündən demokratiya uğrunda vuruşan heç bir xalqın qarşısında sipər olmayıb.  İstəsə də ola bilməz.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Əsgər Möhsümoğlu

Əsgər Möhsümoğlu on ildən çoxdur ki, Amerikanın Səsində çalışır. Ali təhsilini Saint Olaf Kolleci, Stanford Universiteti və Maryland Universitetində alıb. Tarix elmləri doktorudur. "Vaşinqtonun Nəbzi" azərbaycanlı oxuyucuları siyasi, iqtisadi və sosial mövzularda Qərbdə cərəyan edən müxtəlif debatlarla, mətbuat icmalları ilə tanış edir.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories