Yaxın Şərq üzrə tarixçi Bernard Luis müşahidə etmişdi ki, “Qərbdə insanlar pul xərcləyib hakimiyyətə gəlirlər, Şərqdə isə adamlar hakimiyyətə gəlib pul toplayırlar.”  Bu üzdən əsrlər boyu hakimiyyətlə var-dövlət anlayışını eyniləşdirən xalqlar üçün kapitalizm, lobbiçilik, siyasi pul toplama kampaniyası anlamlarını həzm etmək çətin olur.  Siyasi fəaliyyətə ağ-qara prizmasından baxan adamların gözündə pul korrupsiya təzahürüdür və onun siyasətə qarışması sonuncunu da çirkaba bulaşdırır.  Əlbəttə, bu düşüncələrdə müəyyən həqiqət var.  Amma demokratiyanın oturuşduğu Amerikada artıq çoxdan müəyyən edilib ki, ictimai dəstəyin qazanılması sistematik vəsait təchizatı və səy tələb edir – ev tikmək kimi.  Pulsuz toyuq hini də tikmək mümkün olmadığı kimi, siyasi kampaniya keçirmək, ictimaiyyətlə iş aparıb onun dəstəyini qazanmaq da müşkül məsələdir.

Ötən həftə ABŞ prezident seçkilərində meyl göstərdiyim prezidentliyə iddialılardan birindən məktub aldım.  Məktubda namizədin məramlarından, qələbə əzmindən danışılır, və sonda məndən ianə istənilirdi.  Əlbəttə, bu, kampaniya işçiləri tərəfindən yazılıb minlərlə adama göndərilən standart məktub idi, həmin siyasətçi şəxsən o məktubu mənə oturub yazmamışdı.  Amma buna lüzum yoxdur.  Kişi prezident olmaq istəyir, və tərəfdarlarından siyasi kampaniyasına maliyyə dəstəyi istəyir.  Nəyə gücün çatır onu da ver: $25, $50, $75, $100+.  İdeya təkcə prezidentlik, və ya başqa seçki kampaniyalarına şamil olunmur.  İstənilən ictimai, siyasi, dini, və ya tibbi qurum öz kampaniyasına dəstək əldə etmək məqsədilə vətəndaşlara maliyyə yardımı üçün müraciət edir.  Burada heç bir qəbahət yoxdur.  Mənim qapı-qapı düşüb siyasi namizədə dəstək aramağa vaxtım yoxdur.  Amma vaxtı olanlara, bu işi görənlərə maaş verilməsi üçün maliyyə yardımı göstərə bilərəm.  Verilən ianə ən passiv, amma eyni zamanda xeyli effektiv ictimai fəallıq növüdür.  Siyasi kampaniyaya $100 vermək, bir fəalın bütün gün ərzində qapı-qapı gəzib istədiyin siyasi namizədin təşviq edilməsi deməkdir.  Siyasi ifadə hüququ təkcə seçki günü səs verməklə məhdudlaşmır.  Siyasi fəaliyyət, təşviqat, kampaniyaya pul vermək ABŞ Konstitutsiyası tərəfindən tam şəkildə qorunan hüquqlardır.

Üçüncü dünya ölkələrində tiranlar təkcə ona görə varlanmırlar ki, onlar patoloji acgözdürlər, hərçənd ki, mütləq hakimiyyət əksər patologiyalar üçün münbit zəmindir.  Avtoritar rejimlər pullanmış xalqı hakimiyyətə təhlükə kimi dəyərləndirirlər.  Xalqın ac-yalavac saxlanılması diktatura rejimlərinin məqsədyönlü siyasətidir.  Səhərdən axşamadək bir tikə çörəyin dalınca qaçan adamın siyasətlə məşğul olmağa vaxtı yoxdur, halbuki, onun ehtiyac içində vurnuxmasına başlıca səbəblərdən biri də elə siyasi hakimiyyətdir.  Zənnimcə, Karl Marks kommunizm nəzəriyyəsini irəli sürməklə, filosof olaraq tarixi dəyişməyə cəhd etməklə büsbütün qatığlamışdı.  Amma onun kapitalizm və burjuaziya haqda dedikləri siyasi düzənin iqtisadi əsasları haqda mükəmməl izahdır.  Feodalizmin Avropada çöküşünün hərəkətverici qüvvəsi nisbətən varlanmış, əli çörəyə çatmış tacir sinfi idi, yoxsul-bisavad kəndlilər yox.  Hansısa məqamda iqtisadi maraqlarını qorumaq və genişləndirmək əzmində olan adamlar bu qənaətə gəldilər ki, mütləqiyyət və onun doğurduğu dərəbəylik onların maraqlarına uyğun gəlmir və getməlidir.  Əslində Liviyada cərəyan edənlər də Marksın burjuaziya nəzəriyyəsinin tezislərini qismən əks etdirirdi.  Orada feodal idarəçilik sisteminə qarşı çıxan müxalifət hərəkatının arxasında həm xaricdə, həm də daxildə qərar tutmuş milli burjuaziyanın maliyyə dəstəyi dayanırdı.  İstər Amerikada, istərsə də Liviyada siyasi məqsədə nail olmaq üçünsə təkcə pul kifayət etmir.  Bunun üçün siyasi ideologiya və bu ideologiya uğrunda qapı-qapı gəzməyə, və bəzən qapı-qapı vuruşmağa hazır olan insanlar lazımdır.