Maşını yenicə evin qarşısında saxlamışdım.  Tez evə qaçdım ki, bel çantamı göturub yola düşəm.  3-4 saatlıq yol getməli idim.  Elə bu an qulağıma tanış həyəcan siqnalı dəydi.  Eşiyə çıxdım, gördüm ki, birisi maşınımı icazə vəsiqəsi olmadığına görə evakuatora qoşub, aparmaq üzrədir.  Sakit tonla sürücüyə bildirdim ki, maşının yiyəsi mənəm, yol üstəyəm, və xahiş etdim ki, onu düşürsün.  Qayıtdı ki, $150 verməlisən, yoxsa aparıram.  Qızışan mübahisəmizə bəzi qonşlular eşiyə çıxdılar.  Oğlunu məktəbdən gətirən Klaudiya adlı qonşum hələ baş verənlərdən tam agah olmamış maşınını evakuatorun qarşısına verib yolu kəsdi.  Sakinlər bu şirkətin əlindən çoxdan bezmişdilər.  Müntəzəm qaydada ağacların dalında gizlənər, kimsə əlimyandıda maşını müvəqqəti evə yaxın yerdə saxlayan anda başının üstünə qonub, adətən maşını zədələyərək aparardılar.  Verəcəyin $250 bir tərəfə, o maşını geri alınca adamınkı adama gəlirdi.  Uzun sözün qısası, təngə gəlmiş qonşular mənə qoşulub, şirkətin əməkdaşını geri oturtmağa çalışdılar.  Mənsə eskalasiya istəmirdim.  Mübahisəni qapayıb $150 ödəməyə razı oldum.  Amma sözü bir yerə qoyduq ki, bu şirkət bir daha bizim yaşayış kompleksimizdə pul qazanmayacaq.  Növbəti 2-3 ay ərzində geniş imzalama və təşviqat kampaniyası başladı.  Məlum oldu ki, həmin şirkətin rəhbəri kompleks idarə heyətinin üzvünün qardaşıdır.  Amma xeyri olmadı.  Təqribən dörd ay sonra dayanacaq parkına nəzarət edən yeni şirkət diktə etdiyimiz yeni şərtlər altında fəaliyyətə başladı.  “Terrora” son qoyuldu.

Amerika individualizmindən söz düşəndə mən adətən bu epizodu xatırlayıram.  İstər Birləşmiş Ştatların özündə, istərsə də xaricdə belə bir təsəvvür var ki, amerikalılar fərdiçilik prinsiplərini hər şeydən üstün tuturlar və başqa məkanlardan fərqli olaraq kollektivist nəzəriyyələr burada ictimai dəstək tapmır.  Amma Amerikada bir qədər yaşamış adamlar real həyatda görür ki, əslində amerikalılar kifayət qədər kollektivist millətdirlər, lazım gələndə yumruq kimi birləşərək hədəfə doğru irəliləməyi hamıdan yaxşı bacarırlar.  Bu fenomeni fransız mütəfəkkir Alexis de Tocqueville hələ 19-cu əsrin ortalarında müşahidə etmişdi.  O, deyirdi ki, amerikalılarda müşahidə etdiyi ictimai təşəbbüs və həmrəylik ruhunu başqa heç yerdə görməyib.  “Fərdiçilik və Kollektivizmə Yeni Nəzərlərə Baxış” məqaləsində bir qrup psixoloq bu təzada xüsusi diqqət yetirir.  “İndividualizm anlayışı bir çoxlarının gözündə icmaya və kollektiv sosial struktura düşmən baxış əks etdirir… Bu xüsusda Avropa mənşəli amerikalılar qızıl standart hesab olunurlar.”  Belə ki, Amerikanın özündə populyar mədəniyyət daim amerikalıların başqa milliyətlərdən fərqini bu fərdiçiliyi göstərməklə insanlara aşılayır.  İstər filmlərdə, istər siyasi çıxışlarda, istərsə də ailə quruluşunda fərdçilik, müstəqil düşüncə ali dəyər kimi tanınır.  Amma psixoloqların apardıqları araşdırmalar müəyyən edib ki, ağdərili amerikalılar heç də qaradərili amerikalılar, latinolardan daha individualist, yaxud koreyalılardan və yaponlardan az kollektivist deyillər.

Nəzərə alanda ki, kommuna – yəni icma sözündən qaynaqlanan kommunizm ideyası ilk dəfə olaraq Rusiyada özünə dövlət səviyyəsində siyasi dəstək qazanıb, güman etmək olardı ki, ruslar amerikalılara nisbətən daha konformist, icma üzvü olmağa meyllidirlər.  Amma başqa bir tərəfdən vəhdət nümayiş etdirən toplumun əsrlər boyu bir hökmdarın zülmü altında inləməsi əzilməsi, tirana büsbütün müqavimət göstərə bilməməsi paradoksal görünür.  Əgər insanları doğurdan da bu dərəcədə icmaçıdırlarsa, onda xalq hakimiyyəti – demokratiya qurmaq Rusiya kimi cəmiyyətlərdə niyə bu qədər çətinliklərlə üzləşir?  Rusiya/Sovet məkanı üzrə Qərbli tarixçilər tez-tez vurğulayardılar ki, rus cəmiyyətinin diktaturaya mübtəla olmasına başlıca səbəblərdən biri cəmiyyətin atomlaşmasıdır – yəni, zərrələrə parçalanması.  O biri tərəfdən Amerikada istər iqtisadi, istərsə də siyasi sferada təşkilatlanma xeyli uğurlu alınır.  Bir anlığa təsəvvür edin ki, Boeing yaxud Pfizer kimi multi-milyard dollarlıq səhmdar şirkətlərin idarəçiliyi hansı səviyyədə kollektiv səy tələb edir.  Sosial araşdırmalar göstərir ki, insanların cəmiyyətə, bir-birinə etimadı baxımdan Amerika kommunizm təcrübəsi keçmiş Rusiyadan xeyli irəlidə gedir.  Əcəba fərdçliyin bu cür qol-budaq atdığı yerdə ictimai vəhdət, qarşılıqlı etimad hissi niyə bu qədər güclü olur?  Yaxud, daim kollektivist siyasi cərəyanları tərənnüm edən rus cəmiyyətində nədən insanların hökumətə, bir-birinə etimadı bu qədər aşağı səviyyədədir?  Bəlkə bizim kollektivizm və fərdiçilik haqda düşüncələrimiz baş-ayaqdır?