Həftəsonu Nyu Yorkda dostumun toyuna getmişdim.  Şadlıq məclisinin keçirildiyi Baku Palace, yəni “Bakı Sarayı” restoranı Nyu Yorkun Brighton Beach –“Brayton Çimərliyi” adlanan rus məhəlləsində yerləşir.  Ümumiyyətlə şəhərin Bruklin dairəsində iri bir ərazini əhatə edən yerdə Azərbaycan mənşəli bizneslərə tez-tez rast gəlmək olar.  Burada Çinar və Nərgiz kimi adlar daşıyan bizneslərin sayı çoxdur.  Sovet İttifaqının dağılmasından sonra Amerikaya iqtisadi fürsət dalınca gələn mühacirlərin sayəsində bir vaxtlar solğun məhəllə indi keçmiş Sovet milliyətindən olanların metropolisinə çevrilib.

Küçə boyu getdikcə sankı adam vaxt maşınına oturub 20-30 il əvvələ səyahət etmişdi.  Kiril əlifbasında Дoм Kниги, Oбуви, Aптек sərlövhəli mağazalar adamda qəribə nostalji hissləri oyadırdı.  Bir-birinin ardınca düzülmüş ərzaq dükanlarında keçmiş Sovet məkanından gətirilmiş faraş ərzaq məmulatları – qara kürüdən tutmuş osetrin balığınadək, servalatdan tutmuş rijskiy smetana qədər, skazka tortundan tutmuş Bakı paxlavasınadək nə desən vardı.  Küçələrdə insanların böyük əksəriyyəti rusca danışırdı.  Çoxları Rusiyadakı kimi geyinmişdilər.  Dəri şubada qadınlar, andatra papaqlar, kosinka geymiş babuşkalar, idman kostuyumunda küçələri dolaşan gənc oğlanlar.  Birisi lap aerodrom papaq geymişdi.  Elə bil 60-cı illərin dağlı məhəlləsidir.

Brighton Beach-i arxada qoyub, Nyu Yorkun içi ilə cənub magistralına doğru irəlilədikcə Karib Məhəlləsi, Chinatown (Çin şəhərciyi) və Yeni İtaliyadan keçdim.  Rusların özləri üçün Brighton Beach-də qurduğu dünyanı başqa millətlərin nümayəndələri də köçdükləri məhəllələrdə qurmuşdular.  Nyu Yorka özünəməxsus çalar verən əsas xüsusiyyət onun multi-etnikliyi, mədəni rəngarəngliyidir.  Nyu Yorku buna görə təkcə mühacirlər deyil, elə amerikalılar özləri də sevir.  Hansısa ölkənin mədəniyyətinə ekskursiya etmək üçün bahalı təyyarə biletinə ehtiyac yoxdur.  Verrazano körpüsünü keçib Amerikanın bu qocaman şəhərinə daxil olmaq çox vaxt bəs edir.

Yolu qayıtdıqca gördüklərimi, müşahidə etdiklərimi beynimdə həzm etməyə çalışırdım.  Günəş batdıqca üfüqdə, yolun sağ tayında Azadliq heykəli ucalırdı.  Düşündüm ki, Nyu York təkcə mühacirlərin hekayəsini nəql etmir.  Bu, həm də tarixin ən qaranlıq məqamlarında azadlıqsevər bəşər övladının son istinadgahı olmuş Amerikanın hekayəsidir.  Bir vaxtlar gəmilərə doluşub vətənlərini adətən həmişəlik tərk edən adamları Amerika sahillərində ilk qarşılayan Azadlıq heykəlinin postamentində yazıldığı kimi: “Ver mənə yorğun, yoxsul, sıxılmış – asudə nəfəs almaq istəyən kütlələrini.  Ver mənə sahilinin binəva tullantılarını.  Göndər bunları, evsizləri, başıbəlalıları mənə.  Qızıl qapı yanında çırağımı ucaldıram.”