Zülmətlə Mübarizə

Posted December 19th, 2011 at 11:04 am (UTC-5)
Leave a comment

“Insanın ədalət istəyi demokratiyanı mümkün edir; amma insanın ədalətsizliyə nəfsi demokratiyanı vacib edir,” deyə amerikalı teoloq Reinhold Niebuhr “İşığın Övladları və Zülmətin Övladları” kitabında yazırdı. Ötən günlərdə Çex Respublikasının sabiq prezidenti Vatslav Havel və Şimali Koreya diktatoru Kim Conq İlin ölümləri mənə kollecdə oxuduğum bu kitabı xatırlatdı. Əslində, bu iki liderin arasındakı fərqləri, onların amallarını və əməllərini Xeyirlə Şər arasındakı təzad kimi səciyyələndirmək olar. Birincisi xalqına azadlıq, firavanlıq bəxş etdi, o birisi isə minlərlə adamı acından qırdı, milyonları qula çevirdi.

1944-cü ildə yazdığı əsərdə Niebuhr demokratiya ilə totalitarizm arasındakı mübarizənin faciəvi özəlliyinə diqqət çəkirdi. İncilin mülkədar və onun fəndgir mühasibi haqda hekayəsini (Luke 16:1-9) əsas götürən Niebuhr Şər qüvvələrin Xeyirdən adətən daha hiyləgər və bu səbəbdən daha effektiv olduğunu vurğulayırdı. Totalitar zülməti əks etidrən Nasizm və Kommunizm ideologiyalarının meydan suladığı bir məqamda Niebuhr demokratiya tərəfdarlarını “işığın övladları” adlandırırdı. Bunlar cəmiyyətin şərdən büsbütün xilas edilməsinə və toplumun sağlam idrakla idarə olunacağına bəzən sadəlövhcəsinə inanan adamlardır. Niebuhr hesab edirdi ki, işığın övladları müvəffəq olmaq üçün amansızlığı, riyakarlığı, korrupsionerliyi və anti-demokratik mahiyyəti ilə tanınan “zülmət övladlarının” bəzi güclü və fəndgir xüsusiyyətlərini əxz etməlidirlər. O, demokratları cəmiyyətin daxili dinamikası haqda həqiqətləri dərk etməyə çağırır, insanın əsasən öz maraqlarından çıxış edən məxluq olduğunu nəzərə alaraq hakimiyyətin hüdudlarına dair realistik baxış formalaşdırmağı təşviq edirdi. Niebuhr işığın övladlarını “ilan kimi ağıllı, göyərçin kimi xeyirxah” olmağa səsləyirdi.

Reinhold Niebuhr-un zülmət və işıq haqda siyasi fəlsəfəsini nümayiş etdirmək üçün Koreya yarımadasının gecə vaxtı kosmosdan çəkilmiş fotosundan daha mükəmməl nümunə tapmaq mümkün deyil. Bir milləti ikiyə bölən demarkasiya xətti zülmətlə işıq arasındakı fərqi tam mənada əks etdirir. Şimalda Stalin və Mao Zedunqun birgə əməyinin nəticəsi – səfalət və zülm məngənəsində qaranlığa qərq olmuş Kommunist diktaturası; cənubda kapitalizmin və demokratiyanın çil-çırağban etdiyi, dünyanın aparıcı iqtisadi qüdrətlərindən sayılan Cənubi Koreya Respublikası. Necə deyərlər, “Bir millət, iki dövlət.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Əsgər Möhsümoğlu

Əsgər Möhsümoğlu on ildən çoxdur ki, Amerikanın Səsində çalışır. Ali təhsilini Saint Olaf Kolleci, Stanford Universiteti və Maryland Universitetində alıb. Tarix elmləri doktorudur. "Vaşinqtonun Nəbzi" azərbaycanlı oxuyucuları siyasi, iqtisadi və sosial mövzularda Qərbdə cərəyan edən müxtəlif debatlarla, mətbuat icmalları ilə tanış edir.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories