Doymazlığın Faydası

Posted January 12th, 2012 at 12:39 pm (UTC-5)
Leave a comment

İngiliscə bu söz “greed” adlanır. Azəri türkcəsində təqribən “doymazlıq”, “hərislik”, “tamahkarlıq”, hətta “acgözlük” anlamına gəlir. İngiliscə olduğu kimi azəricə də mənfi məna ehtiva edir. Kimisə “greedy” yaxud “həris” adlandırmaq onu təhqir etməkdir. Amma Washington Examiner qəzetinin yazarı Valter Vilyams bu anlama başqa cür yanaşır. Əslində bəlkə də köhnə. Çünki hələ azad bazar ideyasının atası Adam Smit cəmiyyətdə iqtisadi rifahın bünövrəsini insanların dünya malına tamah salmasında görürdü. “Biz öz naharımızı qəssabın, pivəçinin, yaxud çörəkbişirənin xeyirxahlığı sayəsində yox, onların öz maraqlarını güdməsi sayəsində əldə edirik,” deyə Smit 1776-cı ildə nəşr edilmiş “Millətlərin Var-Dövlətinin Əsaslarına dair Sorğu” əsərində yazırdı.

Kapitalizmin və sahibkarların demaqoq tənqidlərə məruz qaldığı bir məqamda Valter Vilyams müasir zəmanənin bəxş etdiyi nemətləri – Facebook-dan tutmuş İpod, Smartphone-dan tutmuş və bu yazını oxuduğunuz kompüterədək – kapitalizmin adına çıxarır. Əgər kimsə pul qazanmaq məqsədilə bunları ixtira etməsəydi, təkmilləşdirməsəydi… “Kapitalizm insana başqalarına xidmət etməklə varlanmağa imkan yaradıb. Kapitalistlər insanların istədikləri şeyləri kəşf edir və həmin şeyləri kifayət qədər səmərəli qaydada istehsal edirlər.” Kim hesab edir ki, Texas rançerləri yaxud İdaho kartof fermerləri yayın istisində qan-tərə ona görə batırlar ki, Nyu Yorklular qarın dolusu ət-kartof yesinlər?

Əslində kifayət qədər sadə məntiqdir. Amma vaxt var idi ki, milyonlarla adam bu elementar məntiqin qulaqardına vurulması üzündən erkən ölümə məhkum oldular. Sovet Kommunizminin banisi Vladimir Lenin şəhərlə kənd arasında nifaq salaraq fermer əhlini zor gücünə şəhər sakinlərini yedirtdirməyə çalışırdı. Sovet hakimiyyətinin qurulmasının ilk 6 ilində sabiq Rus imperiyası əhalisinin az qala üçdə birini itirdi. Lenini əvəzləyən İosif Stalin isə kollektivizasiya təşəbbüsü ilə vəziyyəti daha da ağırlaşdırdı. Kulaklanıb Sibirə göndərilmək təhlükəsi qarşısında Əsgər babam kimi uğurlu fermerlər yüzlərlə mal-qarasını, iri təssərüfatlarını başlı-başına buraxıb şəhərə üz tutdular. Milyonlarla adam Ukraynada, Qazaxıstanda, Qafqazda acından öldü. Sovet liderlərinin atdığı bütün addımlar insanın daxilində şəxsi maraq hisslərini öldürməyə yönəlmişdi. Əvəzində onlar şəxsləri öldürürdülər.

Bu düşüncə də Valter Vilyamsın diqqətindən yayınmır. Azad bazarın düşmənləri sırasında Vilyams solçu intellektualları və siyasi tiranları görür. “Onlar inanırlar ki, qara camaatdan xeyli müdrikdirlər və Allah onları bizə ağıl öyrətmək üçün göndərib. Onlar daim bizim azadlığımızı məhdudlaşdırmaq üçün bir səbəb axtarıb tapırlar. Tiranın agendası bazarın məhvini və onun özü ilə gətirdiyi könüllü mal mübadiləsinin ləğvini tələb edir. Tiranlar xalqa öz istədiklərini etməyə etibar etmirlər. Onlar bazarı iqtisadi planlaşdırma və nizamlamalarla əvəzləməyə çalışırlar.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Əsgər Möhsümoğlu

Əsgər Möhsümoğlu on ildən çoxdur ki, Amerikanın Səsində çalışır. Ali təhsilini Saint Olaf Kolleci, Stanford Universiteti və Maryland Universitetində alıb. Tarix elmləri doktorudur. "Vaşinqtonun Nəbzi" azərbaycanlı oxuyucuları siyasi, iqtisadi və sosial mövzularda Qərbdə cərəyan edən müxtəlif debatlarla, mətbuat icmalları ilə tanış edir.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories