Türkiyə Hara Gedir?

Posted January 18th, 2012 at 3:44 pm (UTC-5)
Leave a comment

Respublikaçı prezidentliyə iddialı Rik Perrinin Türkiyəni İran və Suriya ilə bir tərəziyə qoyması və AKP hökumətini “İslamçı terroristlərə” bənzətməsi xeyli ajiotaj doğurub.  Sən demə Türkiyə NATO-nun üzvüdür.  Sən demə Türkiyə Qərbin regionda müttəfiqidir.  Sən demə Türkiyədə demokratiya var.  Yaxşı, bəs Rik Perriyə nə olub?

Məsələ ondadır ki, Respublikaçı siyasətçinin ifadə etdiyi fikirlər ifrat dərəcədə də olsa amerikalıların Türkiyə haqda formalaşmaqda olan təsəvvürünü əks etdirir.  Rəcəb Təyyib Ərdoğan hökumətinin yüzlərlə hərbçini, jurnalisti və ictimai xadimi “Ergenekon”  hoqqası altında həbsə atması çoxlarını təşvişə salıb.  Hansı demokratik ölkədə silahlı qüvvələrin sabiq baş komandanı “çevriliş” ittihamı ilə həbs olunur?  Hansı demokratik ölkədə ana müxalifət partiyasının parlamentə seçilmiş lideri prokurorun tələbinə əsasən immunitetdən məhrum olunur?  Türkiyəyə qardaş sevgisi bəsləyən bir çoxları bu növ suallardan yayınır.  Amma uzun müddət Türkiyəni dayanıqlı Qərb müttəfiqi kimi görməyə öyrəşmiş, amma indi həmin ölkəyə qorxu kabusunun çökməsini izləyən xaricilər susmaq fikrində deyillər.

Amerikanın Türkiyə ilə ittifaqı Soyuq Müharibənin başlanğıcına təsadüf edir.  İkinci Dünya müharibəsindən qalib çıxmış Stalin Türkiyənin az qala yarısını ilhaq edib Sovetlər Birliyinə birləşdirmək istəyəndə, Vaşinqton var gücü ilə rusların qarşısına sipər çəkdi.  1947-ci ildə qəbul edilmiş Truman Doktrini Türkiyəni sovetlərin cənginə keçməkdən qorudu.  Sonrakı illərdə, ABŞ ən ağır dönəmlərdə Türkiyənin yanında durdu.  Bunun əvəzində isə Türkiyədən bircə şey tələb olunurdu:  Demokratik respublika kimi mahiyyətini qoruyub saxlamaq.  Əlbəttə, Türkiyə heç də həmişə bu tələbə ardıcıl şəkildə riayət edə bilmədi.  Orada çox sayda çevrilişlər oldu.  Hərbi diktaturalar meydana çıxdı.  Amma günün sonunda hakimiyyət xalqa qaytarıldı.  Demokratiya bərpa olundu.  Seçkilər keçirildi – o seçkilər ki, onların nəticəsində Rəcəb Təyyib Ərdoğanın İslam təmayüllü İnkişaf və Ədalət Partiyası hakimiyyətə gəldi.

Vladimir Lenin bir vaxtlar kapitalizm haqda deyirdi: “Biz kapitalistləri onların bizə satdığı iplə asacağıq.”  Ümid edək ki, türklər Respublikanın düşmənlərinə belə bir ip satmayıblar.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Əsgər Möhsümoğlu

Əsgər Möhsümoğlu on ildən çoxdur ki, Amerikanın Səsində çalışır. Ali təhsilini Saint Olaf Kolleci, Stanford Universiteti və Maryland Universitetində alıb. Tarix elmləri doktorudur. "Vaşinqtonun Nəbzi" azərbaycanlı oxuyucuları siyasi, iqtisadi və sosial mövzularda Qərbdə cərəyan edən müxtəlif debatlarla, mətbuat icmalları ilə tanış edir.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories