Yəhudi dövlətinin hərbi doktrinası “İsrail bir dəfə də olsun müharibəni uduza bilməz!” prinsipinə əsaslanır.  Bu baxımdan “İsrail gərək məhv ola!” şüarını deviz tutan İran İslam Respublikasının atom bombası əldə etməsi perspektivləri Tel Əvivi ciddi təşvişə salıb.  Son zamanlar müxtəlif mənbələrdən İsrailin İranı vuracağına dair çalınan həyəcan təbilinin səsi gücləndikcə İsrailin mümkün konfliktə hazırlığı əsas diskussiya mövzularındandır.

İsrailin başlıca güc mənbəyi onun elan edilməmiş atom bombası arsenalı hesab olunur.  Dimona şəhəri yaxınlığındakı Negev Nüvə Araşdırmaları Mərkəzində istehsal olunmuş atom bombalarının sayının 75-400 arasında olduğu təxmin edilir.  Termonüvə bombaları sırasında konvensional, taktiki atom bombaları ilə yanaşı neytron və hətta çemodan bombalarının olduğu da güman edilir.  İsrailin atom bombalarının çoxu yerin dərin qatlarında və sualtı qayıqlarda yerləşir ki, bu, atom hücumuna məruz qaldıqdan sonra da İsrailə ikinci cavab zərbəsi endirmək imkanı verir.

Yarandığı gündən düşmən dövlətlərin əhatəsində yerləşən İsrail dörd dəfə (1948, 1967, 1973 və 1982) iri müharibə edib.  İstiqlaliyyət (1948) müharibəsini çıxmaq şərtilə başqa bütün münaqişələrdə İsrail öz hərbi aviasiyasının gücünə arxalanıb.  500-ə yaxın bombardmançı və qırıcı təyyarəyə malik olan İsrail düşmənləri üzərində əzici konvensional üstünlüyə malikdir.  İsrail hərbçiləri anlayırlar ki, müasir aviasiya erasında başlıca amil səmalara nəzarət etməkdir.   Kim havaya nəzarət edir, o, da müharibəni udur.  Bunun üçün İsrail əsasən F-16 Netz və F-16 Barak markalı ABŞ istehsallı, amma İsrailin şəraitinə uyğunlaşdırılmış təyyarələrə arxalanır.  Yaxın vaxtlarda hərbi hava donanmasına 20 – sonradan 55 – F-35 markalı son model təyyarələr əlavə edəcək İsrail aviasiyasının perspektivləri parlaq qalır.

Parlaq olmayanı odur ki, İranın çoxşaxəli atom proqramını məhv etmək özünün varlığını qorumağa yönəlik kiçik dövlət üçün xeyli çətin missiyadır.  Düzdür, 1981-ci ildə yəhudilər İraqın Osirak atom stansiyasını məhv edərək Səddam Hüseynin atom bombasına sahib olmaq arzusunu gözündə qoymuşdular.  Amma İraqla İran, və bu dövlətlərin atom proqramları arasında böyük fərqlər var.  Əvvəla iranlılar Səddamın acı təcrübəsindən mühüm dərslər öyrəniblər və onların atom proqramı ölkə boyunca səpələnib, bir mərkəzdən idarə olunmur.  İraqdan fərqli olaraq İrana rəhbrəlik edən adamların qiyamət gününü tərənnüm edən ideologiyası Tehranı nədənsə çəkindirməyi müşkül edir.  Bir də ki, İsrail indiyədək 70 milyon əhalisi olan və ultra-radikal baxışlara əsaslanan rejimlə vuruşmayıb.

İsrailin strateji üstünlükləri onun mükəmməl hərbi qüdrəti, elan edilməmiş atom bombası arsenalı, demokratik quruluşu və ABŞ-la sarsılmaz müttəfiqliyidirsə, onun strateji zəifliyi ərazisinin kiçikliyində və əhalisinin azlığındadır.  Yetər ki, İran və onun qonşuluqdakı müttəfiqləri (Hezbullah və Həmas) İsraili raket atəşinə tutaraq ölkənin infrastrukturunu viran və çox sayda İsrail vətəndaşının həyatına son qoysunlar.  İsrail hərbi doktrinasının başqa prinsipi kifayət qədər az itkilərin verilməsinə çağırır.  İranla müharibə ssenarisi gerçəkləşərsə, itkilərin hansı miqyasda olacağına qabaqcadan zəmanət vermək olmaz.  İsrailə Pirr qələbəsi lazım deyil.

Əslində İsraili İranın nüvə proqramı ilə bağlı təşvişə salan başlıca faktor da məhz budur.  Əgər atom bombasına sahib olarsa, İran İsraili məhv etmək imkanı qazana bilər.  Yəhudi liderlər və ABŞ heç cür ikinci Holokosta icazə verməyəcəklərini bəyan ediblər.  Əlbəttə, İsraillə İran arasında konflikt qızışarsa, ABŞ-ın kənardan seyrçi mövqeyində durmayacağını ehtimal etmək olar.  Amma onu da nəzərə almaq lazımdır ki, sıx müttəfiq münasibətlərinə baxmayaraq, indiyədək heç vaxt ABŞ İsrailə birbaşa hərbi yardım göstərməyib.  Və əgər göstərərsə də, bir neçə günün içərisində baş verə biləcək qan-qadanın qarşısını almaq Amerikanın da imkanları xaricindədir.

İranın keçmiş prezidenti Əli Əkbər Haşemi Rəfsəncani bir vaxtlar demişdi ki, İran İsrailin atom hücumuna tab gətirə bilər, hətta əhalisinin yarısını itirsə də; amma İsrail İranın hücumundan sonra mövcudiyyətini itirəcək.  Ümid etmək olar ki, İranın indiki liderləri İsrailin məhvi müqabilində ölkə əhalisinin yarısını itirməyə razı deyillər.  Çünki yer üzündən silinmək təhlükəsi ilə üzləşəcəyi təqdirdə İsrail dövlətinin bundan da artığını reallığa çevrimək üçün kifayət qədər imkanları qalır.