Washington Post qəzetinin yazarı Kathleen Parker Whitney Houstonun ölümünə görə alkohol və narkotik maddələri yox, şöhrəti günahlandırır.  “İnsanlar niyə narkotikə aludə olurlar?  İnsanların bu həddə çatmasında ictimaiyyət hansı rol oynayır?” Parker sual edir.  Cavab Houstonun ictimai personası, cəmiyyətin ona adam yox, qeyri-bəşəri məxluq kimi baxmasıdır ki, bu, da müğənnini öz dünyasına qapılmaq üçün radikal vasitələrə əl atmağa sövq etdi.

Daim paparazzilərin əhatəsində olan Houstona göstərilən sevgi abstrakt müstəvidə mövcud idi.  Sadə insanlardan təcrid olunmuş Houson bəlkə də özü-özünə “Mənə sitayiş etməyin. Mən sadəcə Nyuarkdan çıxmış bir qızam,” deyərdi.  Yer kürəsinə gələn bu ecazkar səs Clive Davis onu alboma yerləşdirdikdən sonra artıq Houstona mənsub deyildi.  “Əlbəttə ki, biz bütün şöhrət sahiblərinin halına acımırıq.  Kim istəməz ki, onu kəşf etsinlər, böyük həyat yaşasın, qeyri-adi nailiyyət əldə etsin?  Amma bu şöhrətin bədəli yüksəkdir, xüsusilə əlahiddə istedadlı adamlar üçün.”

Elə bu üzdən də məşhurlar bir-birləri ilə təmas qurmağa üstünlük verirlər.  Yalnız bir-birlərinin yanında onlar özlərini normal hiss edə bilirlər.  Prezident Kennedy-nin xanımı Jackie Kennedy vaxtikən pəncərədən adamları binoklla seyr edərdi.  Bunun səbəbini o, sadə insanların normal davranışını müşahidə etmək həvəsi ilə izah edirdi.  Yoxsa, küçədə insanlar onu görəndə qəribə reaksiya verirdilər – kimi qışqırır, kimi gözlərini bərəldir, kiminsə nəfəsi gizlənirdi.

Narkotik maddələrin təsiri altında dünyasını dəyişən ulduzların sıraları genişdir.  Marylin Monroe, Elvis Presley, Heath Ledger, Amy Winehouse kimi bir çoxları şöhrətin gətirdiyi həyat tərzinə tab gətirə bilmədilər.  “Həvəskarlar çoxlu pul qazandırırlar, amma onlar insanın ruhunu əlindən alır.  Zirvə təkcə tənhalıq gətirmir.  Bəzən bu, ölüm də ola bilər.”