1493: Kolumbun Yaratdığı Yeni Dünya

Posted February 20th, 2012 at 11:54 am (UTC-5)
Leave a comment

1493-cü ildən əvvəl İtaliyada pomidor, Almaniyada kartof, Fransada siqaret, Floridada portağal, Ekvadorda banan, Macarıstanda paprika, Kolumbiyada qəhvə, Meksikada ulaq, Afrikada rezin ağacları, Tailandda istiot, İsveçrədə şokolad yox idi.  1493: Kolumbun Yaratdığı Yeni Dünya kitabının müəllifi Charles C. Mann ustalıqla Amerika yarımkürəsinin kəşf olunmasından bəri dünyada baş vermiş nəhəng insan, heyvan və bitki mübadiləsinə nəzər salır.  Bir çoxlarımız tarixə adətən siyasi yaxud hərbi olayların düzəni kimi baxır.  Amma dünyanı qarış-qarış gəzmiş Mann oxuculara tamam başqa – bioloji tarix tablosu təqdim edir.  Kolumb Mübadiləsi anlamı ətrafında cərəyan edən bu kitabı adam oxuduqca oxumaq istəyir.  Belə məlum olur ki, qlobalizasiya son onilliklərdə deyil, artıq orta əsrlərdən başlayıb.

XV əsrin sonlarında Karib Adalarına ayaq basan ispanlar yerli hinduların uzun trubkada qurudulmuş bitkini yandıraraq onun tüstüsünü ciyərlərinə çəkdiklərini görmüşdülər.  Artıq 1600-cü illərdə bütün Avropa və Çin əhli tənbəki çəkməyə aludə olmuşdu.  Kartof ilk dəfə Avropaya yol tapanda Roma papası onu “şeytan meyvəsi” adlandıraraq yeyilməsini qadağan etmişdi.  Bir qədər sonra Fransa kralı XVI Lüdoviq və xanımı Mari Antuanett kartof çiçəyini şlyapalarında, libaslarında gəzdiərərk bu qəribə tərəvəzi təbliğ edirdilər.  Müəllif Charles Mann özündə əksər vitaminləri ək etdirən kartofu avropalıların rifahının yüksəlməsində başlıca amil kimi görür.  Artıq 1800-ciü illərdə kiçik ərazidə, il ərzində dəfələrlə əkilə bilən, bol məhsuldarlığı ilə məşhurlaşan kartof İrlandiya əhlinin başlıca ərzağına çevrilmişdi.  Elə bu üzdən də kartof əkinlərinə mikrobun düşməsi burada on minlərlə adamın aclıqdan ölməsinə və hazırda Amerikada yaşayan milytonarla irlandın əcdadının Yeni Dünyaya köçməsinə səbəb oldu.

Amerikanın kəşfi dünyanın o biri tayında yerləşən Çin üçün də eyni dərəcədə əhəmiyyət kəsb edirdi.  And dağlarında nəhəng gümüş mədənlərinin kəşfi İspaniya İmperiyasını bütün dünyanın lal-cəvahirat anbarına çevridi.  İşlək pul vahidi sorağında olan çinlilər üçün isə gümüş əsl tapıntı idi.  Başqa qiymətli metal növləri kimi çürüməyən gümüşü kağız əskinaslardan fərqli olaraq hamı pul vahidi kimi qəbul edirdi və bununla Çin hökuməti öz maliyyə sistemini sabitləşdirmək imkanı əldə etdi.  1600-cü illərdə Filippinin kiçik Manila qəsəbəsi ispanlarla çinlilərin başlıca ticarət məntəqəsinə çevrildi.  İspan çinlilərə gümüş, çinlilər isə onlara ipək, ədava, keramika satırdılar.  Manilanın ispan məhəlləsi ilə çin şəhərciyi arasında toqquşmalar tez-tez baş verirdi, amma hər iki icma bir-birlərinə olan ehtiyacı dərk edir və əvvəl-axır ticarəti bərpa edirdilər.  Çinlilərin gündəlik həyatına ən böyük dəyişikliyi isə gümüş yox, Amerikadan qaynaqlanan şirin kartof və qarğıdalı gətirmişdi.  Doyurucu bitkilərin kəşfi o vaxtadək başlıca qida mənbəyi düyü olan çox sayda çinlilərə sahil bölgələrindən ölkənin içərilərinə doğru köçmək imkanı yaratdı.  Bir neçə onilliyin içərisində Çində kənd təssərüfatı rekord məhsuldarlığa nail oldu.  Əgər Çin əhalisnin niyə bir milyardı aşdığına cavab tapmaq istəyirsinizsə, Charles Mannın kitabında bu haqda ətraflı məlumat verilir.

Kolumb Mübadiləsi təkcə inkişaf yox, həm də qanlı, ölümlü, ağrılı dəyişiklik hekayəsidir.  Müəllif ispanların və ingilislərin hinduları öz torpaqlarından qovmalarını bu kitabda ustalıqla təsvir edir.  Charles Mann-ın təsvir etdiyi bir səhnədə Amazon tayfasının başçısı tropik yağış meşəsinə rezin dalınca gəlmiş Carlos Fitzcarralda nə ilə vuruşacağı barədə sual verir.  Fitzcarrald Winchester markalı tüfəngindən güllələri çıxarıb maşko tayfasının başçısının ovcuna qoyur.  Güllələri barmaqları ilə müayinə edəndən sonra bədəninə sürtən maşko sonra oxunu çıxararaq, onu sındırır və öz qoluna soxur.  Çıxan qanı gülərək Fitzcarralda göstərən lider yadelliyə güllələri götürüb geri qayıtmağı məsləhət görür.  Yarım saat sonra döyüşdə öldürülmüş tayfa başçısı və onun yüzlərlə adamının meyitləri kolonistlər tərəfindən çay kənarına düzülür.  İndi həmin yer Playa Maşko adlanır.  Əslində, yerli əhalinin əsas qənimi özlərini talançı qismində aparan ağdərililər deyil, onların özləri ilə gətirdikləri mikroblar idi.  Qızılca, vəba, vərəm, cüzam, yatalaq kimi xəstəliklər Amerikanın əksər yerlərində bu xəstəliklərə qarşı heç bir immuniteti olmayan yerli əhalini büsbütün yox edirdi.  Sürətlə məhv olan işçi qüvvəsini əvəzləmək üçün Afrikadan gətirilən qullar isə öz növbələrində Amerikaya malariya və sarı qızdırma kimi xəstəliklər gətirirdilər.  Bu xəstəliklər təkcə yerli əhalinin yox, həmçinin yaxşı həyat dalınca Yeni Dünyaya üz tutmuş avropalıların axırına çıxırdı.  1644-cü ilədək Şimali Amerikaya qədəm qoyan hər 10 ingilisdən 8-i cəmi bir ilin içərisində tələf olurdu.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Əsgər Möhsümoğlu

Əsgər Möhsümoğlu on ildən çoxdur ki, Amerikanın Səsində çalışır. Ali təhsilini Saint Olaf Kolleci, Stanford Universiteti və Maryland Universitetində alıb. Tarix elmləri doktorudur. "Vaşinqtonun Nəbzi" azərbaycanlı oxuyucuları siyasi, iqtisadi və sosial mövzularda Qərbdə cərəyan edən müxtəlif debatlarla, mətbuat icmalları ilə tanış edir.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories