17 yaşlı afro-amerikalı gəncin ötən ay Floridada qətlə yetirilməsi ABŞ-da ümummilli skandala səbəb olub.  Onlarla şəhərdə əsasən afro-amerikalı azlığın nümayəndələri etiraz aksiyaları keçirərək Treyvon Martinin məhəllə patrulu Corc Zimmerman tərəfindən güllələnməsini və qatilin polis tərəfindən həbsə alınmamasını pisləyirlər.  Onlar baş vermiş insidenti Amerikada qaradərililərə qarşı ayrıseçkiliyin təzahürü kimi qiymətləndirirlər.  Hətta baş verənlərə reaksiya verən prezident Barak Obama da əgər oğlu olardısa onun Treyvona oxşaya biləcəyini deyib.

Hadisənin detalları tam aydın deyil.  Məlum olanı budur ki, Treyvon televizorda izlədiyi basketbol oyunu fasiləyə çıxdıqdan sonra özünə konfet və soda almağa gedib.  Mağazadan qayıdanda yolda yağış yağmağa başlayıb.  Atasının yaşadığı qapalı mənzil kompleksində daldalanmağa çalışan Treyvon məhəllə patrulu Corc Zimmermanın diqqətini cəlb edib.  Tapança ilə silahlanmış Corc Treyvonu oğurluqda şübhəli bilərək təqib etməyə başlayıb.  Tərəflər bir-birləri ilə sözləşdikdən sonra əlbəyaxa başlanıb.  Savaşda Treyvon Corcu üstələməyə başlayıb.  Döyüldüyünü görən Corc tapançadan atəş açaraq Treyvonu öldürüb.  Hadisə yerinə gələn polis Corcun özünü müdafiə etməsi qənaətinə gələrək onu həbs etməyib.

Polis Corc Zimmermanı həbs etməmək qərarını Floridada bu yaxınlarda qəbul edilmiş “Stand Your Ground” yəni “Geri Çəkilmə” qanunu ilə əsaslandırıb.  Özünü müdafiə hüququnun ən sərt qoruyucusu hesab edilən Florida qanunu praktiki olaraq insana həyatına təhlükə hiss etdiyi anda təhlükə mənbəyini məhv etmək üçün geniş sərbəstliklər verir.  Corcun məhəllə patrulu olması və kapşonlu sviter geymiş Treyvonun onu vurması polisə əsas verib ki, Corcun hərəkətini özünümüdafiə kateqoriyasına şamil etsin.

Birləşmiş Ştatlar dünyanın azsaylı demokratik ölkələrindəndir ki, burada vətəndaşlara özlərini müdafiə etmək üçün geniş sərbəstliklər verilir.  Əksər ştatlarda evə girmiş qulduru öldürmək üstündə heç bir cəza müəyyən edilməyib.  Bu praktikanın kökləri Hüquqlar Bəyannaməsinin ikinci maddəsi və ümumilikdə amerikalı vətəndaşların özünə-arxalanma mədəniyyəti ilə əlaqələndirilir.  Söz və din azadlıqlarından sonra, Amerikada ən çox sayıqlıqla qorunan hüquq silah gəzdirmək hüququdur.  Ştatdan ştata silah gəzdirmə hüququ müəyyən qaydalarla tənzimlənir.  Amma federal qanun aydın edir ki, hər bir amerikalının silah gəzdirmək hüququ var və heç bir hökumət orqanı bu hüququ poza bilməz.

Deyilənə görə, bu hüququ Konstitutsiyada təsbit etməklə qurucu babalar amerikalıları siyasi tiraniyadan qorumağa çalışır, diktaturaya qarşı müqavimət imkanlarını qoruyub saxlamağın vacibliyini düşünürdülər.  Fərdi mənada isə hüquq o fəlsəfəni ehtiva edir ki, fiziki baxımdan özünü qoruya bilməyən insan siyasi azadlıqlarını qorumaq iqtidarında da deyil.  Həmin qanunun qəbulundan iki əsr keçmiş bəziləri bu yanaşmanı köhnəlmiş hesab edirlər.  Amma qanun qanundur.  Və azad düşüncəli amerikalıların əhəmiyyətli kəsimi bu qanunu dəstəkləməkdə davam edir.