Fironlar və Fasadlar

Posted May 16th, 2012 at 1:50 pm (UTC-5)
1 comment

1940-cı illərdə məşhur psixoloq Abraham Maslou ehtiyaclar piramidası adlanan bir nəzəriyyə ilə çıxış etmişdi ki, bu piramidada insan ehtiyacları ierarxik struktura tabe edilir. Masloun fikrincə insanın ən ümdə ehtiyacı fiziki (yemək, yatmaq, sığınacaq), daha sonra təhlükəsizlik (sağlamlıq, sosial sabitlik, iş), məhəbbət və mənsubiyyət (ailə, dostlar), və özünə inamdır (nailiyyətlər, başqalarının hörməti). Ən uca pillədə isə insanın özünü aktuallaşdırması dayanır ki, bu anlama əsasən başqa bütün ehtiyaclarını ödəmiş adam kreativ potensialından yararlanmağa başlayır. Bir sözlə, ürəyi istəyəni edir.

Masloun nəzəriyyəsinə çoxları Qərb cəmiyyətinə şamil ediləcək bir konsept kimi baxırlar. Amma avtoritarizmin kök saldığı məkanlarda bu piramida özünü daha bariz nəzərə çarpır. Maraqlıdır ki, piramida anlayışının özü yüz minlərlə insanın həyatı bahasına tikilmiş Misir ehramlarından qaynaqlanır. Amma fironlar təkcə Misir tarixinin bir parçası deyillər. Müasir tarixdə diqqəti cəlb edən fironlar da özlərini aktuallaşdırmaqla tarixə düşüblər. Məsələn Rusiya imperatoru Böyük Pyotr. Pyotrun ən böyük nailiyyətlərindən biri Sankt Peterburq şəhərinin inşası idi. Avtokrat lider imperiya paytaxtını Avropanın bir addımlığına köçürməklə Rusiyanın üzünü Qərbə çevirmək istəyirdi. İntəhası, adətən çay sahillərində tədricən və təbii qaydada təşəkkül tapan Qərb şəhərlərindən fərqli olaraq Peterburq tamamilə əlverişsiz, bataqlıq bir ərazidə tikilirdi. Üstəgəl, şəhəri onun gələcək sakinləri deyil, prosesdə milçək kimi qırılan təhkimçi qullar inşa edirdilər. Əlbəttə, Rusiyanı Qərbləşdirməkdə qəti olan Pyotr öz əməllərindəki aşkar ironiyanı sezmirdi.

Pyotrun vəfatından iki əsr sonra qanlı inqilabın hakimiyyətə gətirdiyi Sovetlər də təqribən eyni xətti tutmuşdular. Bütün anti-kapitalist və anti-Qərb şüarlarına baxmayaraq İosif Stalin dünyanın artıq o zaman ən qabaqcıl dövləti sayılan Amerikaya həsəd aparırdı və çalışırdı ki, onun qurduğu Sovet dövləti də texnoloji inkişafda ABŞ-a oxşasın. Stalin aclıq çəkən Sovet vətəndaşlarının boğazından kəsib taxılı xarici bazarda satır və əldə etdiyi valyuta ilə Sovet İttifaqına amerikalı mühəndislər və texniki ekspertlər gətirirdi. 1920-30-cu illərdə amerikalı mühəndislər Sovet İttifaqında əksər sənayelərin ərsəyə gəlməsində fundamental rol oynadılar. Amma tarixdən bildiyimiz kimi, Sovet İttifaqı heç vaxt ABŞ olmadı. Süd və ət kimi adi ərzaq məhsullarının qıt olduğu SSRİ material çatışmazlıq girdabında 1991-ci ildə süqut etdi.

Təsadüfi deyil ki, Rusiyanın tiranik irsini paylaşan ölkələr hətta müasir zəmanədə eyni problemlərlə üzləşməkdə davam edirlər. İstibdad altında inləyən bu ölkələrdə Masloun ehtiyaclar pilləsinin zirvəsinə yüksəlmiş tiranlar çox vaxt insan cəmiyyətlərini oyuncaq evciklərlə səhv salırlar. Onlara elə gəlir ki, yuxarıdan göstəriş verməklə, məhz xarici firmaların labüd iştirakı ilə dəbdəbəli göydələnlər, otellər, stadionlar inşa etməklə cəmiyyətlərini irəli aparırlar. Həqiqətdə isə Qərbin imitasiyası gedir. Başa düşülmür ki, insanı azad, hökmlü olmayan cəmiyyətdə qurulan hər şey səthi xarakter daşıyır. Bəlkə elə bu üzdən 19-cu əsrin əvvəlində Rusiyaya səyahət etmiş fransız zadəgan Markiz de Küstin Rusiyanı “fasadlar ölkəsi” adlandırmışdı.

One response to “Fironlar və Fasadlar”

  1. Cənab Maslovunun nəzəriyyəsi insanların həyatdakı nailiyyətlərini əldə etmək üçün həvəsləndirilməsinin psixi və fiziki durumunundakı vəziyyətlə əlaqələndirir. Bu nəzəriyyə piramidasını faraon və yaxud diktator rejimləri ilə müqayisə olunması maraqlıdır. Amma diktatorlar bu piramida göstərilən müəyyən addımların üstündən keçməklə natamam adam kimi yetişirlər.

    Maslovun məqsədi bu nəzəriyyəni irəli sürməkdə sözsüz cəmiyyətdə daha çox azad təşəbbüskarların yaranmasına xidmət etmək idi. Amma diktatorlar isə ikinci səviyyəni keçəndən sonra gələn dəyərləri bir hissəni kənara atmaqla bəşəriyyətin inkişafını ləngidirlər. Məsələn sevgi hissi çox məhdud olur, başqalarına hörmət yox dərəcəsindədir, mənəviyyatdan danışmağa isə dəyməz.

    Ən böyük problem isə bu aşağıdan inkişaf edən piramidada diktatorun və yaxud faraonun hər şeyi öz əlinə yığması cəmiyyətdə layiqli insanların özünə yer tapmasına və ölkənin təkamülünün qarşısını alır. Ona görədə Azərbaycanın misalında piramidanın yuxarısında oturanların dayaqlarına baxanda çox zəifdir və özlərinin ucaltdıqları tikintilər kimi bir titrəyişə bağlıdırlar. Hətta onları tarixdə olan faraonlarlada müqayisə etmək olmur.

    Hikmət müəllim öz Vaşinqtondakı çıxışında dediyi kimi, kosmetik gözəllik daxildə baş verən üfunətdən xəbər vermir. Ona görə ümüd edək ki, bir gün Azərbaycan xalqı Maslov nəzəriyyəsindən həqiqətən bəhrələnə bilər və dünyada onun piramidasının zirvəsinə öz zəhməti ilə yüksələn oğulları və qızları ilə fəxr edə bilər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Əsgər Möhsümoğlu

Əsgər Möhsümoğlu on ildən çoxdur ki, Amerikanın Səsində çalışır. Ali təhsilini Saint Olaf Kolleci, Stanford Universiteti və Maryland Universitetində alıb. Tarix elmləri doktorudur. "Vaşinqtonun Nəbzi" azərbaycanlı oxuyucuları siyasi, iqtisadi və sosial mövzularda Qərbdə cərəyan edən müxtəlif debatlarla, mətbuat icmalları ilə tanış edir.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories