Ötən həftəsonu Miçiqan ştatının şimalında idim.  Səfər əsnasında ABŞ-Kanada sərhədində yerləşən Sault Ste. Marie şəhərinə getdim.  Əsası 1700-cü illərdə qoyulmuş bu şəhər əslində ikiyə bölünmüş şəhərdir.  Bir hissəsi Kanadada, o biri tayı isə ABŞ hüdudlarında yerləşir.  Sərhəd xətti St. Mary çayının ortası ilə keçir.  Əslində bu, dünyanın ən iri şirin su gölü olan Superior Gölünü Huron Gölü ilə birləşdirən təbii su hövzəsidir.  Çayda gəmi səyahətində olarkən məlum oldu ki, bu kanal dünyanın ən məşğul əmtəə daşıyıcısıdır.  Kanadada xam yaxud istehsal olunmuş mallar Amerika ərazisinə əsasən bu kanal vasitəsilə gətirilir.

Kanalın ən maraqlı cəhəti odur ki, Superior Gölü Huron gölündən səviyyəcə 8-10 metr hündürlükdə yerləşir.  Əvvəllər burada şəlalə var idi.  Amma su səviyyələrinin uyğunsuzluğu gəmiçilik nəqliyyatı üçün problem yaratdığına görə sənayeçilər unikal “qıfıl” sistemi icad ediblər.  Bu sistemə əsasən gəmilər müəyyən bərabərləşdirmə sektoruna daxil olur və getidkləri istiqamətdən asılı olaraq suyun səviyyəsi ya endirilir, ya da qaldırılır.  Məsələn, biz Superior Gölünə gedərkən “qıfıla” daxil olduqdan sonra suyun səviyyəsi sürətlə qalxdı və biz Huron Gölündən Superior-a daxil olduq.  Qayıdanda isə bunun əksi baş verdi.

Kanalın üstü ilə inşa edilən körpü sərhəd keçid məntəqəsidir.  Əvvəllər Amerikadan Kanadaya gedib gəlmək üçün sadəcə sürücülük vəsiqəsi göstərmək kifayət edərdi.  Amma indi gərək öz üzərində pasport gəzdirəsən.  Bu şərt 2001-ci il 11 sentyabr terror hücumlarından sonra həyata keçirilən məhdudiyyətlərdəndir ki, pasportsuz sərhədə gəlib çıxan bir çox amerikalılar hələ də bundan bixəbərdirlər.  Əlbəttə, inkişaf səviyyələrinə görə uyğun gələn Kanada və ABŞ arasında visa-filan yoxdur.  Vaxt var idi ki, 1 ABŞ dolları 1.55 Kanada dollarına bərabər idi.  Amma Kanada iqtisadiyyatının sürətli inkişafı və yenicə aşkar olunmuş təbii sərvətlərin istismarı sayəsində indi bu fərq büsbütün aradan qalxıb.  Əksər ekspertlərin nəzərində Kanada iqtisadiyyatı Amerikanınkından daha sağlamdır.

Kanada ilə Amerika arasındakı hazırkı münasibətləri qardaş münasibətlərə bənzətmək reallığa uyğun olardı.  Bu iki ölkə Kanadanın fransızdilli Kvebek vilayətini çıxmaq şərtilə eyni dilin, eyni mədəniyyətin məhsullarıdır.  Qayda-qanunları, siyasi sistemləri xeyli oxşardır.  Əsas fərq ondadır ki, Amerika Britaniya İmpersiyasına qarşı müstəqillik müharibəsi aparanda kanadalılar imperiyanın bir hissəsi olaraq qalmaqdan kifayət qədər məmnun idilər.  Ona görə də amerikalılardan fərqli olaraq kanadalıların tarixində möhtəşəm konstitusiya qurultayı, azadlıqlar bəyannaməsi yaxud Vətəndaş Müharibəsi kimi məqamlar yoxdur.  Və bir də, Kanada Amerikadan fərqli olaraq özünü fövqəldövlət hesab etmir və bu statusa iddialı deyil.  Yəqin 1812-ci ildə ABŞ-ın Kanadanı zəbt etmək cəhdini geri oturtmaq kimi nailiyyət əksər kanadalıların milli qüruru üçün kifayət edir.