Misirdə Seçkilər: Bir Adam, Bir Səs, Bir Dəfə?

Posted June 27th, 2012 at 11:39 am (UTC-5)
Leave a comment

Qərb Dünyasında müsəlman Şərqində demokratiya ilə bağlı narahatlıqların kökündə İkinci Dünya Müharibəsindən sonra geniş miqyasda müşahidə olunan  “Bir Adam, Bir Səs, Bir Dəfə” praktikası olub.  Dəfələrlə hakimiyyətə böyük xalq dəstəyi ilə gələn qüvvələr sonrada hakimiyyətdən ikiəlli yapışaraq onillərlə xalqa zülm etmiş və demokratik idarəçiliyin təşəkkül tapmasına əngəl törətmişlər.  Əslində demokratiyanın əsas problemi ədalətli seçki keçirmək deyil, bu seçkiləri müntəzəm məcraya oturtmaqdır.  Hakimiyəti bir dəfə dəyişmək elə də çətin deyil, mürəkkəb olanı hakimiyyətin mütəmadi qaydada xalqın periodik iradəsinə əsasən dəyişməsini təsbit edən mexanizm qurmaqdır.  Bu sarıdan isə müsəlman aləmində ciddi bir problem mövcuddur.

Misirdə prezident seçkilərinin nəticələrini müşahidə edən The New Republic məcmuəsinin müxbiri Erik Trager Müsəlman Qardaşlarının qələbəsindən keçirdiyi təlaşı gizlətmir.  “Təhrir Meydanında hələ son nəticə açıqlanmazdan əvvəl gedən ölüm-itim söhbətindən sezilirdi ki, Müsəlman Qardaşları və onların müttəfiqləri baş hər hansı nəticəni qəbul etmək niyyətində deyildilər.  Onlar ya prezidentliyi birbaşa udacaqdılar, ya da savaşaraq bunu əldə edəcəkdilər.  Başqa sözlə, hərçənd ki, Müsəlman Qardaşları bu seçkiləri demokratik yolla uddular, biz güman edə bilmərik ki, bu özü-özlüyündə demokratik təşkilatdır,” deyə Trager yazır.  “Əgər Əhməd Şafiq udsa, mən öləcəyəm,” deyə Fatih Aqiz amerikalı müxbirə bildirdi.  “Axıradək vuruşacağam!”

Bəlkə də Təhrir meydanına toplaşmış islamçıların dediklərində ifrat təəccüblü bir şey yoxdur.  Müəyyən mənada seçkilər vətəndaş müharibəsinin sivil formasıdır.  Əgər bir qrup seçki qutularında başqasının haqqını yeyirsə, saxtakarlığa əl atırsa, onda rəqabət avtomatik olaraq siyasi müstəvidən çıxmış olur.  Misir və müsəlman ölkələrinin böyük əksəriyyəti elə məkanlardır ki, burada əsrlər boyu xalqın özünü idarə etmə hüququ əlindən alınıb.  Əksər Şərq ölkələrində keçirilən seçkilər sırf formal xarakter daşıyıb və daşımaqdadır.  Bu, isə o deməkdir ki, bir çox beyinlərdə siyasi hakimiyyətin yalnız zorla alınıb-verilməsi prinsipi həkk olunub.  Beləliklə vəhşi bir sikl yaranır.  Hakimiyyəti zorla, itkilər bahasına almış qüvvə onu savaşsız təhvil vermək istəmir.  Hakimiyyətin sivil yolla, qansız təhvil verilməsi qeyri-mümkün olur.  Ümid etmək olar ki, Misir və inqilab etmiş başqa millətlər bu sikldən yaxa qurtara biləcəklər.  Ancaq bu yönümdə indiyədək yaşanılmış təcrübə ürəkləndirici deyil.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Əsgər Möhsümoğlu

Əsgər Möhsümoğlu on ildən çoxdur ki, Amerikanın Səsində çalışır. Ali təhsilini Saint Olaf Kolleci, Stanford Universiteti və Maryland Universitetində alıb. Tarix elmləri doktorudur. "Vaşinqtonun Nəbzi" azərbaycanlı oxuyucuları siyasi, iqtisadi və sosial mövzularda Qərbdə cərəyan edən müxtəlif debatlarla, mətbuat icmalları ilə tanış edir.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories