1960-cı il. Qalmaqallı prezident seçkilərindən bir neçə gün sonra. Respublikaçı namizəd Riçard Nikson Demokrat namizəd Con F. Kennedi ilə telefonda görüş təyin edir. “Dəstəyi qoyub nahar stoluna tərəf irəlilədikcə qəfildən anladım ki, son bir neçə dəqiqədə mən misilsiz söhbətlər serialının iştirakçısı olmuşam. Cəmi 10 dəqiqə ərzində mən sabiq ABŞ prezidenti, indiki prezident və gələcək prezidentlə danışmışam,” deyə Nikson öz xatirəsində yazır. Cüzi səs fərqi ilə seçkiləri uduzmuş Riçard Nikson son anadək təslim olmaqdan imtina edir və rəqib düşərgəni seçkilərdə saxtakarlıqlara yol verməkdə ittiham edirdi. Sabiq prezident Herbert Huverdən gələn telefon zəngi Niksona aydın etdi: “Zənnimcə biz dünyada kifayət qədər problemlərlə üzləşirik, və milli vəhdət nümayişi təkcə arzuolunan deyil, həm də vacibdir,” deyə Huver partiyadaşını inadından dönməyə səslədi. Bir neçə dəqiqə sonra Nikson prezident Duayt Ayzenhauerə telefon açdı və Huverin təklifi haqda düçüncəsini soruşdu. “Əgər təslim olmasan, onda acı cığal kimi görünəcəksən,” deyə Ayzenhauer təqribən eyni fikri vitse-prezidentinə çatdırdı.

Təsvir olunan mənzərə Nancy Gibbs və Maykl Duffy-nin birgə yazdıqları Prezidentlər Klubu kitabın mahiyyətini dolğun əks etdirir. Maraqla oxuduğum bu son kitab Amerikada möhtəşəm prezident institutunun tarixdəki funksiyasını ətraflı sənədləşdirən araşdırmalardan biridir. Prezidentlər vəzifədən getdikdən sonra nə edirlər? Onların arasında hakimiyyətdə olarkən, və hakimiyyətdən sonra nə kimi münasibətlər olur? Sabiq prezidentlər hakimiyyətdə olan prezidentlərə nə kimi nəsiyyət verirlər? Eks-prezidentlərin Amerika cəmiyyətindəki funksiyası nədən ibarətdir? Bu, və sabiq prezidentlərə dair istənilən suala cavablar Harry Truman dönəmindən indiyədək olan periodu əhatə edən Prezidentlər Klubunda cavablandırılır.

Amerikada əksər başqa siyasi ənənələr kimi prezidentlər klubunun da kökünü ilk prezident Corc Vaşinqtonun irsinə əsaslandırmaq olar. Belə ki, Vaşinqton hakimiyyəti könüllü şəkildə tərk etməklə Birləşmiş Ştatların ilk eks-prezidenti olmuşdu. Bu baxımdan qeyri-formal olaraq Amerikada prezidentlər arasında həmişə fərqli dərəcələrdə münasibətlər mövcud olub. Amma ilk dəfə bu münasibətləri təsisat halına salan şəxs prezident Harry Truman olub. Məhz onun İkinci Dünya Müharibəsindən sonra Avropadakı yenidənqurma işlərinə sabiq prezident Herbert Huveri cəlb etməsi bu alicənab praktikanın institutlaşdırılması ilə nəticələndi. Franklin Ruzveltin az qala saya almadığı Huverə 1932-ci ildən sonra Böyük Depressiyaya görə heç Respublikaçılar da qahmar çıxmaq istəmirdilər. Amma vaxtikən Rusiya və başqa Avropa ölkələrindən milyonlarla adamı aclıqdan xilas etmiş Huver post-müharibə Avropasında aclığın qarşısını almaq üçün əsl tapıntı idi. Huveri Ağ Evə dəvət edən Truman onu iş başına qoymaqla təkcə partiyalar arasında sərhədləri adlamamış, həm də müəyyən vaxt kəsiyində eyni yükün daşıyıcı olmuş şəxsiyyətlər arasında vəhdət yaratmışdı.

Əlbəttə, prezidentlər arasındakı münasibətləri yalnız xoş məramlarla, hörmət-izzətlə xarakterizə etmək reallıqdan xeyli uzaq olardı. Nəzərə alanda ki, siyasətdə rəqabət faktoru fundamental elementlərdən biridir, prezidentlər arasında ixtilaflar da yaşanırdı. Məsələn Harry Trumanı vəzifədə əvəzləyən Duayt Ayzenahuer uzun müddət sələfi ilə yolə getmədi. Hakimiyyətdə olduğu səkkiz il ərzində bir dəfə də olsun Trumani Ağ Evə dəvət etmədi. Sonradan bu, həmin Ayzenhauer idi ki, Con F. Kennedinin təcrübəsizliyindən gileylənər və vaxtında Niksona onu məğlub etmək üçün yardım etməməsindən peşmançılıq keçirərdi. Əksər başqa gənc prezidentlər kimi, Kennedi əmin idi ki, Ayzenhauer köhnə eranı təmsil edir və idarəçilikdə inqilabi dəyişikliklər lazımdır. Hakimiyyətə gəldikdən cəmi bir neçə ay sonra Kennediyə tələskənliyi əyan oldu. Donuzlar Buxtasında Kommunist Kubasına müdaxilənin iflasa uğraması Kennedini sabiq prezidenti Ağ Evə dəvət etməyə və onunla məsləhətləşməyə vadar etdi.

Ayzenhauer: “Niyə sən Kubaya Amerika əsgərlərini göndərmədin?”
Kennedi: “Ehtiyat etdim ki, Sovetlər buna reaksiya verərək Berlinə hücum edərlər”
Ayzenhauer: “Tamamilə yanlış fikirdir. Sovetlər gücə hörmət edirlər. Sən Kubada Kastro hökumətinə son qoymaqla onlara mesaj göndərərdin ki, Amerikanın həyətində hoqqabazlığa yol verməyəcəyik. Amma indi ki, bu müdaxilə iflasa uğrayıb, Sovetlər quduracaqlar,” deyə eks-prezident peyğmbəranə şəkildə bildirdi. Cəmi iki sonra Nikita Xurşçev Kennedinin zəif olduğunu güman edərək Kubada atom raketləri yerləşdirəcək və dünyanı nüvə müharibəsinin iki addımlığına yaxınlaşdıracaqdı. Əlbəttə ki, Kennedinin onunla məsləhətləşdiyini dəyərləndirən Ayzenhauer prezidenti ictiamiyyət qarşısında tənqid etməkdən maksimum çəkinirdi. Amma özəl söhbətində “Mən uğursuz hücumlar etmirəm” deyə 1944-cü ildə Normandiya Hücumunun müəllifi olan sabiq general öz göstəricilərini Kennedininki ilə müqayisə etmişdi.

Kitabda Riçard Niksonun daim özünə rəqib saydığı Ronald Reyqan və Gerald Fordun Cimmi Karterlə münasibətlərinə dair maraqlı ştrixlər var. Respublikaçılar partiyasının anti-kommunist qanadına rəhbərlik edən və idealist kimi ad çıxarmış Reyqanın intellektinə Nikson az hörmət bəsləyirdi. Niksonun nəzərində Reyqan aktyordan başqa bir şey deyildi. Amma sonradan Nikson prezident Reyqanın yaxın məsləhətçisinə çevrildi. İroniya doğuran idi ki, 1986-cı ildə Sovet lideri Mixail Qorbaçovla danışıqlarda “Détente” siyasətinin müəllifi Nikson bir vaxtlar qatı anti-kommunist mövqeyi ilə tanınan Reyqana sadəlövh olmamağı və ruslara çox etibar etməməyi tövsiyə edirdi. O biri tərfədən Cerald Ford onu prezident seçkilərində məğlub etmiş və son dərəcə acığı gəldiyi Karterlə qətlə yetirilmiş Misir prezidenti Ənvər Sədatın dəfninə gedərkən əsl dost münasibətləri qurur. 1980-ci illərdə onlarla layihə üzərində birgə çalışan prezidentlər bir-birlərinə kim birinci ölsə o birinin dəfn mərasimində elegiya deyəcəyinə söz verir. 2006-cı ildə Karter dostu Forda verdiyi vədə əməl edir.

Müəllifləri ofisində qarşılayan sabiq prezident Bill Klinton öz kitabxanasında ABŞ prezidentlərinin bioqrafiyalarını göstərir. Burada Abraham Linkolndan tutmuş Teddy Roosevelt, Franklin Pierce və Rutherford Hayes haqda kitablar var. Ən çox darıxdığı şəxsi – Riçard Niksonu xatırlayan Klinton vəfat etməzdən bir ay öncə Niksonun ona Rusiya haqda yazdığı məktubu xatırlayır. “Elə gözəl, axıcı yazılmışdı ki… Bir onu, bir də Corc Herbert Walker Buşun mənə yazdığı varis məktubunu hər il yenidən oxuyuram,” deyə Klinton gülümsəyir.