İnqilabi Qəzəb

Posted July 14th, 2012 at 10:46 am (UTC-5)
Leave a comment

Fransa İnqilabını səciyyələndirən əsas xüsusiyyətlərdən biri onun tükürpədici zorakılığıdır.  1789-cu il, iyulun 14-də Bastiliya qalasının alınmasının ildönümü hər il Fransada möhtəşəm inqilabın başlanğıcı kimi qeyd olunur.  Amma, məsələn, çoxları bilmir ki, izdihamın zülm simvoluna çevrilmiş qalaya hücum çəkdiyi zaman orada cəmi 6 məhbus var idi.  Həmin gün öldürülən dövlət məmurlarının sayı isə qat-qat artıq idi.

İlk qurbanlar qəzəbli kütlənin qarşısına çıxan həbsxana keşikçiləri oldular.  Daha sonra təslim olan həbsxana rəisi Markiz de Launayın başını kəsdilər.  Onun və Jak de Flessel kimi başqa məmurların başlarını nizəyə taxan kütlə Paris küçələri boyunca irəlilədi.  Növbəti həftələrdə Fransada qan su yerinə axmağa başladı.  Bir neçə ay ötmüş Mari Antuanettin içərisində yaşadığı Versal Sarayı kütlə hücumunun hədəfinə çevrildi.  “Haradadı o fahişə?  Onun boynunu sındırıb, ürəyini bədənindən çıxaracağıq,” deyə gecə saat ikidə Antuanettin otağına girən bir qrup qadın çığırırdı.  Bu, həmin xalq idi ki, bir neçə il öncə Parisə gəlin gəlmiş 15 yaşlı Avstriya şahzadəsinə hədsiz sevgisini izhar edirdi.  Çox keçməmiş kütlə öz arzusunda yetişdi.  Mari Antuanett də, onu kral əri XVI Lüdoviq də, və üstəlik minlərlə hakim zümrə üzvləri müxtəlif cür dəhşətli formalarda sonluqlarına çatdılar.

Fransa İnqilabını bəşər tarixində unikal fenomenə çevirən onun təkcə zorakılığı deyil, bütün mövcud ictimai normalara inkaredici münasibəti  idi.  Köhnə rejimi büsbütün rədd edən fransızlar bu eranın dayaqları hesab etdikləri hər şeyi – hər şeyi – hədəf alırdılar.  Onların gözündə insan kimliyi, din, hətta təqvim də əsrlər boyu xalqı əsarətdə saxlayan siyasi quruluşu təmsil edirdi.  Məsələn, edam edilən Kral Lüdoviqin adı “vətəndaş Lui Kapet” olmuşdu.  Onun edam olunmasına səs vermiş (və az sonra özü edam edilən) əmisi oğlu Filippin soyadı Eqalite (bərabərlik) idi.  İnqilabçıların başlıca hədəflərindən biri din və dindarlar idi.  On minlərlə keşiş katolik təriqətini tərk etməyə və yeni vətəndaş dinini qəbul etməyə vadar olunurdular.  Dövrün tələbinə riayət etməyənlər cəld ölümlə üzləşirdilər.  Üzərində xaç olan nə vardısa hamısı qadağan edilmişdi.  İnqilabi düzən hətta təqvimi də dəyişmişdi.  1792-ci il 1-ci il hesab olunurdu.  İl adları dəyişdirilmiş 12 aya (məsələn, Termidor (istilik), Brümer (çən), Nivose (qar) və s.), həy ay isə üç ongünlük həftəyə bölünürdü.  Həftənin əlavə günlərinə Düha Günü, Əmək Günü, Mükafat Günü kimi adlar verilmişdi.

İnqilab fransızlara istədikləri demokratiya deyil, əvvəlcə Robespyer kimi qaniçən psixopatı, ondan sonra isə Napoleon Bonapart kimi meqalomanyakı bəxş etdi.  İrrasional zorakılıq boranında itən zəkadan yalnız bu növ adamlar bəhrələnə bilərdilər.  Yəqin ki, günahı sadə fransızlarda yox, əsrlər boyu insanları sinfi əsarətə məhkum edərək fizioloji quruluşuna qədər müəyyən edən (qidalanma fərqlərinə müvafiq olaraq yoxsul fransızları zadəganlardan boy ucalığına görə ayırd etmək olurdu)  rejimdə axtarmaq lazımdır.  Ortada bu qəzəbi, bu nifrəti, bu amansızlığı doğuran fundamental səbəblər olmalı idi.

Bu baxımdan okeanın o biri tayında amerikalı kolonistlərin ingilis kralına qarşı üsyanında sezilən fərqlər dinamikaya dəlalət edir.  Zülm nə qədər ağır olursa, ona reaksiya da bir o qədər şiddətli, amansız olur.   Müqayisə üçün General Corc Vaşinqtonun əsgərlərinə müraciətindən bir parçaya nəzər salmaq kifayət edər: “Zabitlər və əsgərlər, bilin ki, siz azad insanlarsız, Hürriyətin nemətləri uğrunda vuruşursunuz – və əgər özünüzü kişi kimi aparmasaz, köləlik sizin qismətiniz olsun.” Amerikalıların devirdikləri rejimə nifrəti fransızlardakı həddə deyildi.  Zatən İngiltərə kralı da buna haqq etməmişdi. Bəlkə o səbəbdən indinin özündə də qocaman Amerika şəhərlərində “Kral Corc”, “Kraliça Anna”, “Şahzadə Vilyam” kimi inzibati adlara rast gəlmək olar.  Məsələn, mən Maryland ştatının Şahzadə Corc qraflığında yaşayıram.

Bu günlərdə Suriyadan daxil olan dəhşətli xəbərlər, onlarla adamın bir gündə qətlə yetirilməsi istər–istəməz Fransa İnqilabının qanlı təcrübəsini xatırladır.  Bir tərəfdə on illərlə xalqa zülm etmiş rejim, o biri tərəfdə isə tank və artilleriyaya qarşı az qala əliyalın vuruşan insan kütlələri.  Vaxt var idi ki, suriyalılar öz etirazlarını dinc nümayişlərdə ifadə etməyə çalışırdılar.  Vaxt var idi ki, onlar hökumət əsgərlərini pusquya salıb öldürmürdülər.  Vaxt var idi ki, Bəşər Əsəd prezident postundan istefa verib özünü və ətrafındakıları xilas edə bilərdi.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Əsgər Möhsümoğlu

Əsgər Möhsümoğlu on ildən çoxdur ki, Amerikanın Səsində çalışır. Ali təhsilini Saint Olaf Kolleci, Stanford Universiteti və Maryland Universitetində alıb. Tarix elmləri doktorudur. "Vaşinqtonun Nəbzi" azərbaycanlı oxuyucuları siyasi, iqtisadi və sosial mövzularda Qərbdə cərəyan edən müxtəlif debatlarla, mətbuat icmalları ilə tanış edir.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories