“İqtisadi azadlığın əhəmiyyətini avstriyalı iqtisadçı Fridrix Hayek kimi dərk edən ikinci mütəfəkkir yoxdur,” Con Teylor City Journal məcmuəsində yazır. Teylor hesab edir ki, hazırkı qlobal iqtisadi böhrandan çıxış yolu tapmaq istəyənlər Təhkimçiliyə Gedən Yol (1944) və Hürriyətin Konstitutsiyası (1960) kitablarının müəllifinin düşüncələrinə yenidən nəzər salsalar, tuneldə işıq görmüş olarlar.  İqtisadi azadlıq anlayışını Hayek insanların istədiklərini istehsal etməkdə, almaqda, istədikləri yerdə işləməkdə və başqalarına necə yardım etmək metodunu seçməkdə azad olması kimi anlayırdı.  Bu, isə məhdudlaşdırılmış hökumət tələb edir ki, Con Teylorun fikrincə Amerika vaxtikən onu möhtəşəm etmiş bu ideyalardan uzaqlaşmağa başlayıb.

İqtisadi azadlıq gözləntilərdə maksimum stabillik tələb edir.  Hər dəfə hökumət iqtisadiyyata sərt müdaxilə edəndə gözləntilər, və o üzdən də hesablamalar dəyişir.  Nəticədə insanlar çaş-baş qalır və bir çox hallarda əlləri işdən soyuyur.  Buna nümunə olara Teylor Böyük Depressiya ərəfəsində Federal Ehtiyatların pul artımını qəfil dayandırmasını, depressiya zamanı vergiləri qaldırmasını və tarifləri yüksəltməsini misal çəkir.  “Sərbəst bazar prinsiplərini pozan bu addımlar hökumət üzərinə qoyulan məhdudiyyətləri də adlamış oldu.  1960-70-ci illərdə də federal hökumət maaşlara və qiymətlərə nəzarət kimi qısa dönəmli çarələrə üz tutdu.  Nəticə: ikirəqəmli işsizlik, iqtisadi geriləmə və Böyük İnflyasiya.  Hələ xeyli müddət əvvəl Hayek bu növ ölçüləri iqtisadçının öz peşəsinə xəyanəti və sivilizasiyaya təhlükə kimi dəyərləndirmişdi.

Teylorun nəzərində Amerikanın hazırkı iqtisadi böhranı və yüksək işsizlik səviyyəsi məhz Hayekin prinsiplərinin qulaqardına vurulması sayəsində davam etməkdədir.  2007-ci ilin borc böhranından öncə hökumət bankları ipoteka haqqını ödəyə bilməyəcək yoxsul zümrələrə borc verməyə vadar edirdi.  Süni bərabərləşdirmə amalını rəhbər tutan hökumət rəsmiləri daim xalqa yeni nəsə vəd etməklə hakimiyyətdə qalmağa çalışır.  Vəd edilənlər isə heç də iqtisadi məntiqə həmişə uyğun gəlmir.  Nəhayət, böhran meydana çıxandan sonra da ilkin reaksiya hökumət xərcləmələrini artırmaq və hökumətin iqtisadi sektordakı rolunu genişləndirmək oldu.    Təhkimçiliyə Gedən Yol kitabında Hayek yazırdı: “Azad ölkəni arbitrar hökumətlərin idarə etdiyi məkanlardan fərqləndirən başlıca xüsusiyyət Qanun Aliliyi deyilən prinsipdir.    Bütün texniki aspektlərini kənara qoysaq, bu, o deməkdir ki, hökumət bütün hərəkətlərində qanunlar tərəfindən tənzimlənir – o qanunlar ki, onlar qabaqcadan müəyyən edilib və şəraitə uyğun olaraq hökumətin istədiyi vaxt dəyişilə bilməz.  Belə bir mühit insana öz fəaliyyətlərini qabaqcadan planlaşdırmaq imkanı verir.”  Siyasi liderlər mövcud qaydaları dəyişdikcə fərdlər üçün biznesə əlverişli mühiti də korlayır.

Fridrix Hayek Aristotel və Sisero kimi filosofların insan azadlıqları ilə qanun arasındakı tellər haqda düşüncələrini paylaşırdı, o mənada ki, “azadlıq qanunun bir sıra atributlarından asılıdır – onun ümumiliyndən və qətliyindən və rəhbər səlahiyyətlilərin üzərinə qoyduğu məhdudiyyətlərdən.”  Hayek həmçinin ingilis filosofu Con Loka istinad edərək qanunun məqsədinin çəkindirici amili aradan qaldırmaq deyil, azadlıqları qorumaq və genişləndirmək olduğunu deyirdi.  Nəhayət, Hayek Ceyms Madison və başqa Amerika siyasi liderlərini nümunə kimi göstərərək  onların bu ideyaları siyasətə tətbiq etdiyini göstəriridi.  Bu mütəffəkirlər hökumət rəsmilərinə azadlığın qoruyucusu kimi baxmırdılar – onlar bunun üçün daha çox qanun aliliyinə arxalanırdılar.