Ani qərarlar çox vaxt uzun məsləhətləşmənin ardınca verilən qərarlar qədər düzgün olur.  Psixoloq Malcolm Gladwell-in Blink (Qırpım) kitabı elmi təcrübələrlə yanaşı, həkimlər, generallar, musiqiçilər, məşqçilər və hətta maşın satıcılarının hekayələrinə nəzər salmaqla bu arqumenti sübut edir.  Müəllifin fikrincə əksər hallarda ilk 2 saniyə ərzində qəbul edilən qərar saatlar, həftələr və ya aylarla davam edən müşahidələr qədər faydalı olur.  Belə ki, insanın təhtəlşüuri düşünmə qabiliyyəti, götür-qoya əsaslanan qərarvermə qabiliyyətindən heç də geri qalmır.  Əksinə, bəzi hallarda insanlar öz instinktlərinin əleyhinə getməklə xətaya yol verirlər.

1983-cü ildə Gianfranko Beççina adlı eksponat dəllalı Kaliforniyadakı J. Paul Getty muzeyinə  gələrək Miladdan əvvəl 6-cı əsrə mənsub olan mərmər heykəl satmağı təklif etdi.  Muzey əməkdaşları heykəlin detallı araşdırılmasına başladılar.  Elektron mikroskopdan tutmuş rentgenə qədər müasir arxeologiya elminə bəlli olan bütün metodlarla aparılan tədqiqat bu nəticəyə gəldi ki, heykəl xalisdir.  Heykəlin nazik üst qatını örtmüş kalsit aydın şəkildə göstərirdi ki, bu heykəl yüz və bəlkə də min illərin məhsuludur.  14 aylıq tədqiqatın ardınca Getty muzeyi eksponatı almağa qərar verdi.

Amma heykəlin bir problemi var idi.  Orada nəsə düz görünmürdü.  Bunu ilk dəfə dilə gətirən adam italiyalı incəsənət tarxiçisi Federiko Zeri oldu.  Zerinin nəzərində heykəlin dırnaqlarında bir qəribəlik var idi.  Sonra heykəli yunan heykəltəraşlığı üzrə ekspert Evelin Harrisona apardılar.  Pərdə üzərindən götürülən kimi Harrison dərhal şübhələndi.  Səbəbini aydın izah edə bilməsə də Harrisonun gözü bu heykəldən su içmirdi.  Nəhayət Nyu Yorkun Metropol Muzeyinin sabiq direktoru Tomas Hovinq şübhələri paylaşmağa başladı.  Heykəli görən anda Hovinqin beynindən bu fikir keçmişdi – “Təzə!”  Az müddət sonra aparılan əlavə araşdırmalar ortaya çıxardı ki, bu heykəl heç zaman torpaq altı görməyib və onun haqda muzeyə təqdim olunmuş bütün informasiyalar saxtadır.  Heykəlin özü kimi.  14 tədqiqatçının elmi nişanələrə əsalanaraq verdiyi qərarı, instinktiv mühakimə edən 3-4 təcrübəli alim puça çıxardı.

Məşhur tennis məşqçisi Vik Braden divanda uzanıb televizorda tennis matçlarına baxarkən ilk topu vuran oyunçunun pis vuracağını qabaqcadan müəyyən edirdi.  Vik Bradeni hövsələdən çıxaran o, idi ki, bunu necə etdiyini anlaya bilmirdi.  Bildiyi sadəcə o, idi ki, oyunçu topu raketka ilə vurmaq üçün havaya atdığı an o, “double fault” deyə qışqırırdı və haqlı çıxırdı.  Yaxud milyarder Corc Sorosun oğlu atasının səhm birjası barədə qərar verməyini belə təsvir edir: Atam oturub verdiyi qərarları uzun-uzadı müxtəlif nəzəriyyələrlər izah edəcək.  Amma hətta uşaq ikən atama baxıb fikirləşrdim ki, onun dediklərinin yarısı cəfəngiyyatdır.  Bilirdim ki, o, səhm bazarında nəyisə alıb- satmağa qərar verirkən bel ağrısı onu bərk incidir.  Bu spazm onun üçün bir işarədir.”

“Aydındır ki, Sorosun uğurunun əsasında məhz bu təhtəlşüuri qərarvermə qabiliyyəti dayanır,” deyə Malcolm Gladwell bildirir.  “Amma sən və ya mən heç vaxt Sorosun bel ağrısını əldə əsas tutub onunla birlikdə nəyəsə investisiya qoymarıq.”  Yaxud da ən uğurlu biznesmenlərdən sayılan Cək Uelçin memuarının başlığına nəzər salmaq kifayət edir – “Cək – Birbaşa İntuisiyadan” “Biz o faktı qəbul etməliyik ki, bəzi hallarda nəyisə düzgün hesab etdiyimiz və qəbul etdiyimizin səbəbini bilməmək mümkündür – və bəzən, belə daha yaxşıdır.”