Asiyada Millətçilik

Posted August 21st, 2012 at 3:00 pm (UTC-5)
1 comment

“Tez-tez biz Şərqi Asiya dövlətlərinə iqtisadi perspektivdən baxaraq Çin, Yaponiya, Tayvan, Vietnam və Cənubi Koreya kimi ölkələrin iqtisadi uğurlarına heyran oluruq.  Amma bu millətlərin başqa, görünməyən tərəfi də var: millətçilik və etnik nifrət,”deyə siyasi təhlilçi Guy Sorman yazısına başlayır.   Müəllifin sözlərinə görə son aylarda Asiyada baş qaldırmış ərazi mübahisələri uzun müddət arxa plana keçmiş dağıdıcı emosiyaları yenidən üzə çıxarıb.  Yaponlarla koreyalılar arasında, çinlilərlə vyetnamlılar arasında və başqa Asiya millətləri arasında bəzən bom-boş adalar uğrunda mübahisələr ara vermir.

Nəzəriyyə bundan ibarətdir ki, ticarət millətlər arasında əsrlər boyu davam edən ədavəti soyudur və onları müharibədən çəkindirir.  Məsələn Avropada biz bunun şahidi olmuşuq.  Əslində, Asiya millətləri həqiqətən də bir-birləri ilə sıx əməkdaşlıq edirlər.  Bir məhsulun komponentlərinin ayrı-ayrı Asiya ölkələrində yığılması təəccüb doğurmur.  Amma indiyədək də Cənubi Koreya hökuməti Yaponiya ilə hərbi əməkdaşlıqdan imtina edir və buna əsas kimi iki ölkə arasında insan yaşamadığı adalar qrupu üzərindəki mübahisəni göstərir.  Koreyalılar bu adalara Dokdo, yaponlar Takeşima deyirlər.

O biri tərəfdən də çinlilər yaponların Senkaku adlandırdığı adalara əl qoyurlar.  Bir qədər cənubda, Spratli arxipelaqında isə münaqişə ehtimalı daha böyükdür.  Burada iki deyil, bir neçə ölkə – Çin, Vyentam, Filippin, Tayvan və Malayziya hərəyə bir iddia ilə çıxış edir.  Ola bilsin ki, Spratlidə təbii qaz yataqları yerləşir.  Amma Guy Sormanın fikrincə qarşıdurmaya başlıca səbəb enerji resursları deyil, millətçi sentimentlərdir. Hələlik məsələlərin nəzarətdən çıxmasının qarşısını ABŞ-ın Sakit Okeandakı 7-ci donanması alır.  Amerikalıların buradakı mövcudluğu hər kəsə xəbərdarlıqdır ki, status-kvonu zor gücünə dəyişmək olmaz.

Müəllif üçün ən maraqlısı odur ki, Sakit Okeanda cərəyan edən gərginliklər başqa konvensional deyimi – “demokratik ölkələr arasında hərbi konflikt ola bilməz” – deyimini səhv çıxarır.  Demokratik Cənubi Koreya və demokratik Yaponiya xırda biznes və ticarət məsələlərində razılığa gələ bilmirlər.  Ən pisi isə odur ki, Seulun hazırkı mövqeyi onu diktatorial Şimali Koreya və Çinlə daha yaxın mövqeyə qoyur, nəinki demokratik Yaponiya ilə.  Belə görünür ki, qan yaddaşı və dil birliyi hazırkı siyasi reallıqları və iqtisadi maraqları da üstələyir.

One response to “Asiyada Millətçilik”

  1. Maraqlı mövzudur. Amma Guy Sorman nəzərə almayıb ki, əslində Cənubi Koreyanın demokratiya sisteminin hesabına indiyəcən Şimali Koreya rejiminin ata biləcək provokasiya tipli hücumları olmayıb. Keçən il Şimali Koreyanın Cənubdakı adaya atəş açması və nəticədə dinc əhalinin həlak olması mən bilən yaddan çıxmayıb. Ondanda əvvəl Cənubi Koreyalıların gəmisinin batırılması hərbi toqquşmaya yaxınlaşdırmışdı. Ona görə düşünürəm Cənubi Koreya Şimaldakı rejimlə müqayisə oluna bilməz.

    Hətta 2 milyardlıq əhalisi ilə hərbi imkanı olsa belə Çin hökümətidə sistem və prinsiplərinə görə açıq qarşıdurmaya getməz. Özümüzdə bilirik ki, seçki qabağı həm Yapon və həmdə digər demokratik ölkələrin siyasətçiləri bu millətçilik kartından məharətlə istifadə etməyə çalışırlar. ABŞ və Fransanı misal götürsək qərb ölkələrinin arasında, sağçı partiyaların nümayəndələridə bu gür emosional amillərdən istifadə edib seçicilərə müraciət edirlər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Əsgər Möhsümoğlu

Əsgər Möhsümoğlu on ildən çoxdur ki, Amerikanın Səsində çalışır. Ali təhsilini Saint Olaf Kolleci, Stanford Universiteti və Maryland Universitetində alıb. Tarix elmləri doktorudur. "Vaşinqtonun Nəbzi" azərbaycanlı oxuyucuları siyasi, iqtisadi və sosial mövzularda Qərbdə cərəyan edən müxtəlif debatlarla, mətbuat icmalları ilə tanış edir.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories