Geridəqalmış Cəmiyyətin Əxlaqi Əsasları

Posted October 6th, 2012 at 9:47 am (UTC-5)
Leave a comment

Mənə həmişə qəribə gələrdi ki, kollektiv ruhu zəif olan cəmiyyətlərdə kommunizm yaxud sosializm ideyaları daha böyük dəstək tapır – sanki insanlar ruhi boşluğu sərt ideologiya ilə doldurmağa, fərdi acizliyi məstedici doqma ilə kompensasiya etməyə çalışırlar.  Yəqin bu səbəbdən Eduard Banfield-in kitabının müqəddiməsi diqqətimi cəlb etdi: “Bu kitab siyasi toplumun mədəni, psixoloji və əxlaqi durumu haqdadır.  Bu yanaşma bizim [Amerika] mədəniyyətimizdən fərqli olan mədəniyyət haqdadır ki, birgə fəaliyyətə əngəl törədən faktorları nəzərdən keçirir… Bu kitab cənubi İtaliyada yoxsul və geridəqalmış kənd haqdadır.  Birbaşa və maddi maraqlarını adlayaraq ümumi rifah uğrunda fəaliyyət göstərə bilməyən cəmiyyət haqda…”

İnkişaf etmiş cəmiyyətlə geridəqalmış cəmiyyət arasındakı fərqi tanınmış amerikalı politoloq Eduard Banfield ailə maraqlarının cəmiyyət maraqları ilə toqquşduğu məkanda axtarir.  1955-ci ildə İtaliyanın cənubundakı Monteqrano (əsl adı Chiaramonte Gulfi) kəndində bir müddət vaxt keçirən politoloqun gəldiyi qənaətlər üstündən nə qədər vaxt keçsə də kifayət qədər maraq doğurur.   Geridəqalmış Cəmiyyətin Əxlaqi Əsasları kitabında Banfield bir kəndi mikrokozm kimi götürərərk uğursuz cəmiyyətin portretini çəkir.  Müəllifin tablosu cənubi İtaliya mədəniyyəti, fırçası isə “amoral ailəçilik” adlandırdığı anlamdır.  “Amoral ailəçilik” deyəndə Banfield ən dar mənada ailə maraqlarından savayı ümumi fəaliyyət sərgiləyə bilməmək problemini nəzərdə tutur.  Bu mühitdə insanları yalnız özləri və ən yaxın ailə üzvləri düşündürür.  Geniş anlamda ətraf cəmiyyət və toplumun rifahı onların vecinə deyil.

Monteqranonun 3,400 nəfər əhalisi var.  Buranın sakinləri əsasən fermer yaxud günəmuzd işləyən adamlardır.  Bu kənddə qəzet dərc olunmur.  Rəsmi elanlar hökumətin inhisarında olan tənbəki dükanında divara vurulur.  Şəhərin 20-25 nəfərlik elitası bütün günü bir yerə yığışıb domino oynamaqla vaxt keçirir.  Bundan savayı onlar heç bir faydalı işlə məğul olmurlar.  Monteqranonun tacirləri bilirlər ki, kəndə yol lazımdır.  Amma heç kim uzaq hökumət idarəsinə məktub yazmır, çünki çoxları haqlı olaraq hesab edir ki, bunun xeyri yoxdur.  Monteqranoda heç bir xeyriyyəçi təşkilat yoxdur.  Rahibələrin idarə etdiyi yetimxana dövlət tərəfindən maliyyələşir.  Kənd əhalisi buraya bir qəpik də ianə vermir.  Kənddə iki kilsə var ki, onlardan birinə siciliyalı kəndlinin oğlu, o birisinə varlı tacirin oğlu başçılıq edir.  Bu kilsələrin xeyriyyə işləri ilə heç bir əlaqəsi yoxdur.  Bazar günü moizə zamanı gəzdirilən ianə boşqabına çoxları pul atmır, atan da adətən yarım sentdən çox pul qıymır.  Yaxşı iş görmək istəyən adamı da hamı şübhə və ya paxıllıqla qarşılayır.  “Hətta müəqəddəslər də təvazökarlıqlarına baxmayaraq ancaq özlərinin qayğısına qalırdılar.  Hər halda insan çiy süd əmib,” deyə gənc müəllim kənddə altruizmin yoxluğunu izah edir.

Ola bilsin Monteqrano kəndinin bərbad durumunu başqa ənənəvi səbəblərlə izah etmək olar: Məsələn, Monteqranoluların çoxu kasıbdır, yeməyə çörəkdən başqa bir şey tapmırlar.  Yoxsul adamların dolanışıq qayğılarından başqa heş nəyə vaxtı yoxdur.  Yaxud, kəndli savadsızdır, heç nə qanmır.  Biliksiz adamlar toplumundan bundan artıq nə gözləmək olar.  Marksistlər deyə bilərlər ki, kənd sinfi mübarizənin qurbanıdır.  Belə ki, yuxarı sinif aşağı sinfi əsarətdə saxlayır, onlara dirçəlməyə imkan vermir.  Kommunist deyər ki, torpağı olan kəndlilər status-kvonu qorumaqda maraqlıdırlar; ona görə də kollektiv əməl mümkün deyil.  Tarixçilər iddia edə bilərlər ki, əsrlər boyu insanlara edilən zülm onları impotent hala salıb – zavallılar indiyədək də özlərinə gələ bilməyiblər.  Amma Banfield-in gözündə bunlar səbəblər səbəbdən daha çox bəhanə xarakteri daşıyır.  Bu insanlar öz rifahlarını yaxşılaşdırmaq üçün əllərində olan imkanlardan belə yararlanmırlar.  Onları bərbad duruma salan təkcə obyektiv faktorlar yox, həyata münasibət, əxlaqi dəyərlər, ümumi mədəniyyətdir.  Fakt budur ki, sökülmüş məktəb divarını təmir etmək, yaxud qabığı soyulmuş kilsə qapısını rəngləmək üçün Monteqranolularda kifayət qədər vaxt və bacarıq var.  Amma heç kim bunu etmir, əvəzində hamı kimisə günahlandırmağa, qeyri-effektiv hökumətdən şikayət etməyə üstünlük verir.

Banfiled-in yaşadığı İtaliyada Amerika silahının sayəsində II Dünya Müharibəsindən sonra demokratiya var – yəni Monteqranolular öz hökumətlərini seçməkdə azaddırlar.  Amma insanların siyasətə münasibəti qeyri-ciddidir.  Vətəndaşlar bir gün Xristian Demokratlara səs verir, o biri gün sosialistlərə, başqa gün də kommunistlərə.  Siyasi partiyalar əhəmiyyətli rola malik deyillər.  Dr. Franko Cino 1945-ci ildən sonra Sosialist Partiyasının yerli dayağını yaratmağa qərar vermişdi.  Amma partiyaya üzvlük haqqı gündəmə gələn kimi Monteqranoda maraq öldü.  Partiya işinə cibindən bir az pul qoyduqdan sonra Dr. Cino təngə gəlib hər şeyə tüpürdü. “Çalışırdım ki, əməkçiləri bir yerə yığım, həmkarlar ittifaqı yaradaq, nəsə edək.  Amma burada ruh yoxdur.  İnsanlarda birgə işləmək hissi yoxdur.”  Monteqranoda elə olmur ki, siyasətçi vəzifəyə seçildikdən cəmi bir neçə ay sonra hamı onun əleyhinə çıxmasın.  Sabiq tərəfdarları çox vaxt haqlı olaraq demokratik seçkilərdə qalib gəlmiş rəsminin sonradan yekəxana, korrupsioner və ancaq özünü düşünən bir məxluq olduğunu aşkar edir.  Gözlənti və nəticə daim burada bir-birini doğruldur.

Italiyanın cənubunda bürokrat etinasızlığı normadır.  “Çalşqan məmur ağ milçək kimi nadirdir,” deyə 49 il hökumət qulluğunda çalışmış adam dillənir.  Ölkənin prezidentindən tutmuş ən adi italiyanadək insanlarda heç bir borc hissi yoxdur – ələlxsus məhsuldar iş görmək üçün borc hissi.  Monteqranoda məktəb müəllimlərində işə həvəs yoxdur.  Müəllim üçün işə gəlməmək, yaxud gecikmək adi hal alıb.  Uzaqbaşı müəllim dörd saat dərsini deyir və ondan sonra uşağın həyatına heç bir maraq göstərmir.  Özünü solçu sosialist kimi təqdim edən əczazçı də işinə borc hissi ilə yanaşmır.  Onun fikrincə dərman təchizatı tapmaq, lazım olan adamlara bu dərmanları çatdırmaq onun işi deyil.  Monteqranesilərdən heç yaxşı əsgər də çıxmaz.  Nə qədər cəsur da olsalar “amoral ailəçilər” adətən döyüşdə qalib gəlmirlər.  Əsgərləri vuruşduran mənsub olduqları quruma, ən azı yoldaşlarına olan sədaqət hissidir, xudbin özünəqulluq yox.

Amoral ailəçilərin cəmiyyətində təşkilat qurmaq yaxud onu saxlamaq olduqca çətindir.  İnsanları təşkilata xidmət etməyə sövq edən xüsusiyyət qeyri-eqoistik, qeyri-materialist motivlərdən qaynaqlanlır.  Uğurlu təşkilatın başlıca cəhəti odur ki, onun üzvləri bir-birlərinə etibar etsinlər.  Yüksək əxlaqı olan təşkilatda belə anlanılır ki, hamı təşkilatın ümumi rifahı naminə kiçik və bəzən də böyük fədakarlılqlara gedəcək.  Avropalıları amerikalılarla müqayisə edən  Alexis de Toqueville o zaman yazırdı: “Ümumilikdə düşünmürəm ki, bizdə xudbinlik Amerikadakından çoxdur.  Fərq ondadır ki, orada xudbinlik maariflənmiş hal alıb.  Amerikalı özəl maraqları ictimai maraqlara qurban verməyin vaxtını bilir.  Biz isə hər şeyi əldə saxlamaq istəyirik.  Nəticədə hər şeyi itiririk.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Əsgər Möhsümoğlu

Əsgər Möhsümoğlu on ildən çoxdur ki, Amerikanın Səsində çalışır. Ali təhsilini Saint Olaf Kolleci, Stanford Universiteti və Maryland Universitetində alıb. Tarix elmləri doktorudur. "Vaşinqtonun Nəbzi" azərbaycanlı oxuyucuları siyasi, iqtisadi və sosial mövzularda Qərbdə cərəyan edən müxtəlif debatlarla, mətbuat icmalları ilə tanış edir.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories