“Məşqdə nə qədər çox tər töksən, döyüşdə bir o qədər az qanın axar,” məşhur rus sərkərdəsi Aleksandr Suvorov əsgərlərinə deyərdi.  Oktyabrın 3-də Respublikaçı prezidentliyə namizəd Mitt Romni ilə Demokrat prezident Barak Obama arasındakı debatı izlədikcə bu fikir xatirimə gəldi.  Həmin debata baxanların 72 faizi bu qənaətdə idi ki, debatın qalibi Romni idi.  Rəy sorğularında geridə qalan Romniyə bu debatda qələbə hava-su kimi lazım idi.  Parlaq qələbə isə yarışın gedişatını dəyişdirdi.  Siyasi ekspertlər Romninin debatdakı qələbəsini yüksək hazırlıq və təcrübə ilə, Obamanın çıxışını isə bu hazırlığın yoxluğu ilə izah edirlər.  Romni namizədlik iddiasını ortaya atandan bəri onlarla debata qatılıb, bəzən öz mövqeyini 7-8 rəqib qarşısında müdafiə edib.  Prezident Barak Obamaya isə son dörd ildə güldən ağır söz deyən olmamışdı.  Mitt Romninin hücumları ilə üzləşən prezidentin sifətindəki təəccüb və kinayə bu reallığı açıq büruzə verirdi.

İndi növbədə vitse-prezidentliyə iddialılardır.  Birinci debatın effekti adətən arxa planda qalan vitse-prezidentliyə namizədləri diqqət mərkəzinə qoyub.  Ən çox təzyiqi isə yəqin ki, gənc Respublikaçı konqresment Paul Ryan hiss edir.  Robert Costanın yazdığına görə Ryan yeganə vitse-prezidentliyə namizəddir ki, özü vaxtikən vitse-prezidentliyə namizədi hazırlaşdırıb və lazımi dərsləri öyrənib.  26 yaşında ikən Ryan 1996-cı ildə vitse-prezidentliyə namizəd olan Cək Kempin siyasi müşaviri idi.  Onun yaxşı xatirindədir ki, Al Qorla üzləşəcək Kemp həmin vaxt debata ciddi hazırlıq görmür və ümumən bu qarşılaşmanı vaxt itkisi hesab edirdi.  Debat günü Kemp iflasa uğradı.  İlk baxışdan görünürdü ki, o, debat üçün tələb olunan biliyə, faktlara, rəqəmlərə sahib deyil.  “Hamı gördü ki, Cək Kemp hazırlıqsızdır,” deyə Ed Gillespi həmin olayı xatırlayır.  Bəlkə bu üzdəndir ki, Paul Ryan opponenti Co Baydenlə debata əməllicə hazırlaşmaq üçün Virciniya dağlarında, sakit bir kurort guşəsinə çəkilib.

Siyasətdə spontan hadisələr olur.  Amma əksər təcrübəli siyasətçilər spontanlığı minimuma endirməyə çalışırlar.  Reaksiyanın mükəmməlliyi hazırlıq tələb edir.  Spontan hadisələrə spontan reaksiyalar isə adətən peşmançılıq olur.  Bir də, hazırlıq təkcə siyasətə şamil olunmur.  İstisnalar kitabında məşhur psixoloq Malcolm Gladwell Almaniyada tanınmış musiqiçilərin həyatına nəzər salaaraq bu qənaətə gəlib ki, tarixdə iz buraxmış ifaçılar bir qayda olaraq peşələrinə 10 min saat vaxt ayırmış adamlar olur.  Bir sözlə, Mozartı, Beethoveni və yüzlərlə məşhuru başqalarından fərqləndirən onların əlahiddə istedadı deyil, öz üzərlərində durmadan işləmələri olub.  Bu həqiqəti dərk etməyən adamlar çox zaman əsassız özünə-arxayınlığı əsl bacarıqla səhv salırlar.  Əsl bacarıq isə, göründüyü kimi, çoxlu vaxt və səy tələb edir.  Hətta ABŞ prezidentliyinə iddialı olan adamlardan da.