Həftəsonu “Moneyball” (Pul Topası) adlı filmə baxdım.  Film beysbol haqda olsa da, onun fəlsəfi süjet dairəsi xeyli genişdir.  Söhbət bir komanda menecerinin fərqli taktikaya üz tutaraq kiçik büdcəli, məhdud resurslu komandanı Amerika Beysbol Liqasının yüksək pilləsinə qaldırmasından gedir.  Real həyatda Oakland A komandasının meneceri olmuş Billi Beane-in obrazını ekranda tanınmış aktyor Brad Pitt canlandırır.

“Moneyball” filminin başlıca qayəsi bundan ibarətdir ki, ənənəvi beysbol bilicilərinin ötən əsr boyu oyun haqda düşüncələri subyektiv və qüsurludur.  Nəticəni kimin yaxşı, kimin pis oyunçu olması deyil, statistik göstəricilər, faizlər müəyyən edir.  Belə məlum olur ki, ənənəvi göstəricilər sayılan sürət və kontaktdan fərqli olaraq, oyunçunun bütün matç boyu əldə etdiyi beysi udmaq faizi hansı komandanın qalib çıxacağının ən düzgün proqnozçusudur.  Minlərlə oyun təcrübəsinə əsaslanaraq özlərini beysbol bilicisi hesab edən adamlar əslində oyuna elmi dəqiqliklə deyil, adi həvəskar kimi münasibət bəsləyirdilər.  Elə Bill Beane də belələrindən idi.  Amma bu meneceri başqlarından fərqləndirən onun Stanford Universitetini bitirmiş gənc statistik Paul DePodestaya qulaq asması və nöqtə-vergülünə toxunmadan verilən tövsiyələrə əməl etməsi oldu.

Epizodlardan birində növbəti bahalı oyunçunun başqa komandaya verilməsi xəbərini alan baş məşqçi Beanin üzərinə yeriyir.  “Sən bu komandanı məhv edirsən!” deyə o, dillənir.  Beane cavab vermir.  Soyuqqanlıqla komandada lazımi dəyişiklikləri edən menecer əmindir ki, onun beysbola statistik yanaşması bəhrə verəcək.  Statistikanın diktə etdiyi taktikaları icra edən Billi Beane oyunçulara onların göstəricilərinə müfaviq tapşırıqlar verməkdə davam edir.  Bir neçə ayın içərisində cəmi 41 milyon dollarlıq büdcəyə malik olan Oakland A komandası bütün ehtimalları adlayaraq liqanın 2-ci pilləsinə qalxmağa nail olur.  Ucuz oyunçulardan ibarət ulduz komanda düzəldən Billi Beane öz yığmasını New York Yankees kimi nəhənglərlə rəqabət aparmaq imkanına malik bir gücə çevirir.  Red Sox komandası Beani komandaya menecer qismində dəvət edərək idman tarixində ən yüksək maaş təklif edir.  Nəhayət, Bean-ni Oakland A komandasına tətbiq etdiyi fərqli yanaşma sonradan bütün beysbol komandaları tərəfindən qəbul olunur.  Beləliklə, ilk baxışdan dəyərli, amma əslində ziyanlı bilik və təcrübəsini arxa plana qoyaraq yeni düşüncəyə şans verən cılız bir komandanın meneceri beysbolda inqilab edir.