Sərkərdə Qoçaq Olsa

Posted November 30th, 2012 at 10:22 am (UTC-5)
Leave a comment

Prezident seçkilərinin nəticələrindən şoka düşmüş Respublikaçılar məğlubiyyətin səbəblərini araşdırırlar.  Bir çoxları Mitt Romninin az səs toplamasını demoqrafik faktorlarla izah edirlər.  Onların fikrincə adətən Respublikaçı namizədlərə səs verən ağların sayı azaldıqca, irqi-etnik azlıqlar siyasətdə daha böyük rol oynamağa başlayıblar.  Afro-amerikalılar, ispandillilər və başqa bir çox azlıqlar bir qayda olaraq Demokratlara üstünlük verirlər.  Bu cür izahat ABŞ siyasətində daimi tektonik dəyişikliyin baş verməsinə işarə edir, və belə çıxır ki, Demokratların ABŞ siyasətindəki dominantlığı əbədi xarakter almaqdadır.

Washington Examiner qəzetinin köşə yazarı Noemie Emery isə kifayət qədər sadə bir nəzəriyyə ilə çıxış edir: Hansı partiyanın namizədi siyasi baxımdan istedadlıdırsa, seçkiləri həmin partiya qazanır.  “İdeologiyalar daim dominantlıqlarını qoruya bilmirlər.  Proqnozları düz çıxaran yeganə meyar budur: Müasir siyasi erada keçirilən hər seçkidə Ağ Ev həmişə ən yaxşı siyasətçinin namizədliyini irəli sürən partiyaya nəsib olur.”  Məsələn, vaxtikən çoxları 69 yaşlı Ronald Reyqanın prezidentlik üçün qoca olduğunu, zəmanəyə uyğun gəlməyən radikal siyasi baxışlara abunəçi olduğunu hesab edirdi.  Amma indi, geiryə baxırkən, aydın görünür ki, Reyqan 20-ci əsr Amerika tarixinin ən parlaq siyasi ulduzularından biri olub.

Reyqanın ardınca siyasi səhnəyə iki texnokrat – Corc Herbert Buş və Maykl Dukakis çıxdılar.  Xarizmadan xali bu iki namizədin arasında Corc Buş qalib çıxmağa nail oldu.  Onun rəqibi Dukakis həyat yoldaşının zorlandığı təqdirdə nə edəcəyi sualına belə düz-əməlli cavab verə bilməmişdi.  Beləsini məğlub etmək elə də çətin iş deyildi.  Amma 1992-ci il seçkilərində Bill Klinton kimi əlahiddə qabiliyyətlərə malik namizədlə üz-üzə gələndə Buşun ikinci dönəm üçün prezidentliyə ümidləri çilik-çilik oldu.  İnsanlarla təmas qurmaqda fantastik bacarığa, yüksək intellektə malik Klinton siyasətdə uzun illər çürütmüş qocaman senator Bob Doulu 1996-cı ildə asanlılqa məğlub etdi.

Corc W. Buş haqda onun əleyhdarları çox mənfi fikirlər səsləndiriblər.  Amma Noemie Emery-nin sözlərinə görə fakt budur ki, Buşun rəqibləri Al Gore və Con Kerri amerikalıların rəğbətini qazana biləcək xarizma sahibləri deyildilər.  Onlar bəlkə də yaxşı idarəçi olardılar.  Amma seçicilərin dəstəyini qazanmaq başqa məsələ idi.  Yəqin ki, eyni sözləri 2012-ci il seçkiləri və Respublikaçı namizəd Mitt Romni haqda da demək olar.  “2008-ci ildə Demokratlar Barak Obamanın timsalında istedadlı natiq və ən yaxşı universitetlərdə təhsil almış yarı afro-amerikalı namizəd əldə etdilər.  Bu adamın alnına amerikalıların dəstəyini qazanmaq yazılmışdı.”  Mitt Romni bacarıqlı biznesmen, uğurlu milyoner idi.  Amma təbii instink və istedad olmayan yerdə onun həyatı boyu özündə bəslədiyi çalışqanlıq, intizam Respublikaçşı namizədi yalnız müəyyən nöqtəyədək apara bilərdi.  Müvəffəq olmaq üçünsə sadəcə yaxşı siyasətçi olmaq lazımdır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Əsgər Möhsümoğlu

Əsgər Möhsümoğlu on ildən çoxdur ki, Amerikanın Səsində çalışır. Ali təhsilini Saint Olaf Kolleci, Stanford Universiteti və Maryland Universitetində alıb. Tarix elmləri doktorudur. "Vaşinqtonun Nəbzi" azərbaycanlı oxuyucuları siyasi, iqtisadi və sosial mövzularda Qərbdə cərəyan edən müxtəlif debatlarla, mətbuat icmalları ilə tanış edir.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories