Do You Speak English?

Posted December 10th, 2012 at 12:14 pm (UTC-5)
Leave a comment

İngilis dili universal dildir.  Bütün başqa imtiyazlarla yanaşı bu dili bilmək müasir dünyada bilik xəzinəsinə vəsiqə verir.  Amma siz bilirdiz ki, vaxt var idi İngiltərə elitası bu dildə danışmağı özünə yaraşdırmırdı?  Yaxud ingilisləri idarə edənlərin çoxu bu dildə heç danışa bilmirdi?  Mən də bilmirdim.  O üzdən Ian Mortimerin Orta Əsrlər İngiltərəsinə Səyahət Bələdçisi kitabında dilə aid oxuduğum parça diqqətimi cəlb etdi.

1066-cı ildə Normanların İngiltərəni fəth etməsi ilə aristokratiya fransız-dilli zümrəyə çevrildi.  Hələ üstündən iki əsr keçmiş, Gloucester Roberti yazırdı ki, “bu cəmiyyətdə fransız dilini bilməyən adamlara yuxarıdan aşağı baxırlar.”  Əgər sən fransız dilində danışmırsansa, nə zadəganlar arasında, nə də yerli icmada heç kəsin hörmətini qazana bilməzsən, çünki fransız dilini bilməmək həm də dünyagörüşünün məhdudluğundan, savadsızlıqdan xəbər verir.  “Cəmiyyətin çox az yuxarı təbəqəli adamı ingiliscə sərbəst danşa bilirdi.  İngilis dilində heç kim ədəbi əsər yazmırdı.  Yazılanlar da ruhani və zadəganları hədəf alan protest ədəbiyyatı idi.”

1350-ci ildə dinamika dəyişməyə başlayır.  Aristokratlar öz övladlarına ingilis dilində danışmağı öyrətməyə başlayırlar.  Ian Mortimer bu prosesi millətçi baxışlara malik kral III Eduardın xidmətləri ilə izah edir.  1362-ci ildə o, məhkəmədə ingilis dilindən istifadəyə icazə verir.  Bu vaxtadək rəsmi hökumət idarələrində, o cümlədən məhkəmədə, yalnız fransız dilində yazıb-danışmaq olardı.  Həmin ildə Parlamentin ilk iclası ingilis dilində nitqlə açılır.  1399-cu ildə IV Henri tacqoyma mərasimində ingiliscə danışır.  1409-cu ildə kral öz vəsiyyətini ingiliscə yazdırır.  İki millətçi hökmdar – III Eduard və IV Henrinin səyləri nəticəsində İngiltərədə ingilis dili hakim dilə çevrilir.

Əlbəttə, bu oxuduqlarmın mənim üçün maraqlı cəhətlərindən biri erkən yaşlarda Sovet Azərbaycanında müşahidə etdiyim proseslərlə əlaqədir.  1980-ci illərin Azərbaycanında yuxarı zümrəyə məxsus çox az adam övladlarını Azərbaycan türkcəsində oxutdururdu.  “Perspektivsiz əyalət dilində” təhsil alanların çoxu isə bunu əlacsızlıqdan edirdi – evdə rusca danışan yox idi.  O biri tərəfdən cəmiyyətdə yüksək mənsəb əldə etmək üçün özünü-ruslaşdırma kampaniyası o həddə çatmışdı ki, artıq bu növ ailələrdə böyümüş uşaqların əksəriyyəti qədim ingilislər kimi öz ana dillərində heç danışa bilmirdilər.  Yadımdadır ki, 1993-cü ildə Azərbaycandan Amerikaya gələn ilk tələbə qrupunda mütləq əksəriyyət Azərbaycan türkcəsində bir cümlə belə qurmaqda çətinlik çəkirdi.  Onu da qeyd edim ki, rus dilində boya-başa çatmış bu uşaqlar yüksək intellektə malik idilər.  Totalitar Sovet məhdudiyyətləri çərçivəsində də olsa rus dilini bilmək onların dünyagörüşünü qismən genişləndirmişdi.

Maraqlıdır ki, müstəqillik qazanıldıqdan sonra, Azərbaycan türkcəsinin təşviqi üçün dövlətin geniş, bəzən ifrat səylərinə baxmayaraq, Azərbaycanda rus dilində danışa bilməyənlərə bəzi hallarda hələ də Orta Əsrlərdə İngiltərədə fransız dilində danışmayanlara baxılan kimi baxılır.  Azərbaycan artıq 20 ildir ki, Rusiyanın müstəmləkəsi deyil.  İnternetin genişlənməsi və qloballaşma ilə bərabər bütün başqa yerlərdə olduğu kimi Azərbaycanda da ingilis dilini bilmək rus dilindən daha çox informasiyaya çıxış vəd edir.  Amma insanların rus dilinə instinktiv ehtiramı, onun ictimai psixologiyada tutduğu zirvə qalmaqdadır.  Belə görünür ki, milli öndər demişkən, bu özü də bir təbii prosesdir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Əsgər Möhsümoğlu

Əsgər Möhsümoğlu on ildən çoxdur ki, Amerikanın Səsində çalışır. Ali təhsilini Saint Olaf Kolleci, Stanford Universiteti və Maryland Universitetində alıb. Tarix elmləri doktorudur. "Vaşinqtonun Nəbzi" azərbaycanlı oxuyucuları siyasi, iqtisadi və sosial mövzularda Qərbdə cərəyan edən müxtəlif debatlarla, mətbuat icmalları ilə tanış edir.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories