Bu günlərdə maraqlı xəbər oxudum: 1963-cü ildən bəri ilk dəfədir ki, ABŞ paytaxtı Vaşinqtonda illik qətllərin sayı 100-dən aşağı düşüb.  Bir zamanlar Amerikanın “qətl paytaxtı” kimi tanınan Vaşinqtonda dekabr ayınadək cəmi 79 qətl aktı qeydə alınıb.  Bir çoxlarına bu rəqəm özü də çox görünə bilər.  Amma təkcə 1991-ci ildə Vaşinqtonda 479 adamın öldürüldüyünü nəzərə alsaq, indiki rəqəm əslində böyük nailiyyətdir.

Rəsmən “Vaşinqton, Kolumbiya Mahalı” (Washington, District of Columbia) kimi tanınan paytaxt təbii yaşayış məntəqəsindən daha çox, inzibati dövlət idarələrinin yerləşdirilməsi məqsədilə salınmış şəhərdir.  Amerika müstəqillik qazandıqdan az sonra Corc Vaşinqton qərara gəlmişdi ki, 13 koloniyanın ortaq nöqtəsində idarəçilik işlərinə baxılması üçün şəhər tikilsin.  Şəhərin romb şəkilli xəritəsi də məhz onun planllı köklərinə dəlalət edir.  Yəqin elə bu üzdəndir ki, son illərədək Vaşinqtonun əhalisi başqa Amerika şəhərləri ilə müqayisədə xeyli az olub.  1950-ci ildə əhalisi 800 mini ötən Vaşinqton növbəti on illər ərzində sakinlərinin dörddə birini itirdi.  Təsəvvür edin ki, superdövlətin paytaxtı dünya paytaxtları arasında yeganə şəhər idi ki, bu yaxınlaradək əhalisi azalırdı.

Belə görürnür ki Vaşinqton şəhərində ötən onilliklərdə cinayətin artmasında başlıca faktor məhz şəhər əhalisinin azalması və bunun müşayiət etdiyi demoqrafik-sinfi dəyişikliklər olub.  Başqa mühüm faktor kimi ekspertlər 1980-ci illərdə yayılmağa başlamış kristal kokain epidemiyasını göstərirlər.  Həmin periodda hər il Vaşinqtonda qətlə yetirilənlərin sayı 400-dən az olmurdu.  Dünyada böyük siyasi nüfuz sahibi olan ABŞ paytaxtında polis asayişi təmin etməkdə aciz qalmışdı.  Maraqlıdır ki, 2007-ci ilədək Vaşinqton ABŞ-da yeganə iri şəhər idi ki, burada Konstitusiyanın ikinci maddəsinə zidd olaraq silah saxlamaq qadağan olunmuşdu.

Çoxları Vaşinqtonda zorakı cinayətin azalmasını ümummilli tendensiyalarla izah edir.  Fakt budur ki, 2000-ci illərdə bütün iri Amerika şəhərlərində polisin aqressiv taktikaları, sakinlərin sayıqlığı artırması, cinayətə qarşı cəmiyyətdə tolerantlığın azalması sayəsində qətl və qarət halları azalıb.  Konkret Vaşinqtonda gəldikdə qətl reytinin azalmasında təkmilləşmiş travma mərkəzləri qeyd olunur ki, burada güllə yarası qurbanlarına göstərilən tibbi xidmətin keyfiyyəti son illərdə xeyli yaxşılaşıb.  Başqa səbəb kimi artan sayda gənc peşəkarların Vaşinqtona köçməsi göstərilir.   Yüksək maaşlı gənclərin paytaxtda özünə yer etməsi getidkcə yoxsul və cinayətə meylli zümrələrin şəhərdən sıxışdırılması ilə müşayiət olunur.  Əlbəttə, burada Vaşinqton Polis Departamentinin icra etdiyi yeni əməliyyat planını da yaddan çıxarmaq olmaz.  Şəhər idarəçiləri ən çox cinayətin baş verdiyi altı əsas dairədə intensiv patrul xidməti qurmaqla cəzasızlıq mühitini aradan qaldırıblar.  Müxtəlif müsbət faktorların toplumu sayəsində Vaşinqton cinayətkarlar üçün cazibədarlığını itirir.