Hannibalın Xələfləri

Posted January 8th, 2013 at 1:08 pm (UTC-5)
1 comment

“Ərəb Baharından faydalanmağa şanslı bir ölkə varsa, o, Tunisdir,” Şimali Afrika ölkəsindən yenicə qayıtmış Maykl J. Totten yazır.  Yaxın Şərqi qarış-qarış gəzmiş Tottenin müsəlman aləmi haqda düşüncələrini oxumaq həmişə maraqlıdır.  Bir çox müxbirlərdən fərqli olaraq Totten adətən müşahidə etdiklərini bütün dərinlikləri ilə anlamağa çalışır və bu praktika onun Tunis barədə yazısına da böyük dəyər verir.  2010-cu ilin sonunda Məhmməd Buəzizi adlı göyərti-satan gəncin polis özbaşınalığından bezərək özünü yandırması Tunisi Ərəb Baharının qığılcım nöqtəsinə çevrimişdi və təsadüfi deyil ki, Maykl Totten kimi Ərəb Baharının taleyi ilə yaxından maraqlanan adamlar barometr kimi bu ölkənin demokratik inkişafını izləyirlər.

İlk baxışdan aydındır ki, Ərəb Baharından ən üzüağ çıxmış ölkə Tunisdir.  Misirdə Hüsnü Mübarəkin devrilməsi islamçıların hakimiyyətə gəlməsi ilə nəticələnib və hazırda həmin ölkədə şəriətin ali qanun olub-olmayacağı üzərində qızğın, bəzən də qanlı müabrizə gedir.  Bir vaxtlar Müəmmər Qəzzafinin totalitar idarəçiliyi altında inləyən Liviyada indi dövlət o qədər zəifləyib ki, onun mövcudluğu az qala hiss olunmur.  Suriyada qan su yerinə axır.  Tunisdə isə… “Tunisdə heç kəs yaxud heç bir partiya hakimiyyətin bütün qollarına nəzarət etmir.  Vətəndaşlar azaddırlar, eləcə də mətbuat,” Totten yazır.  Düzdür, burada da başqa ərəb ölkələrində olduğu kimi islamçıları təmsil edən Ennahda Partiyası səsvermədə uğur qazanıb, amma onun səslərin yarıdan azını qazanması diktə edir ki, Ennahda başqa dünyəvi-liberal qüvvələrlə birlikdə koalision hökumət qursun.

Maykl Totten hesab edir ki, Tunisin demokratiyaya başqa ərəb ölkələrindən bunca yaxın olması ortada mövcud olan tarixi-mədəni fərqlərdən qaynaqlanır.  Tunis Avropaya kifayət qədər yaxındır.  İtaliyaya məxsus Sardiniya və Siciliya adaları Tunis sahillərindən vur-tut 130 kilometr aralıdadırlar.  Siciliyanın ən iri şəhəri olan Palermo Tunisə Romadan daha yaxndır.  Bu coğrafi yaxınlıq təbii ki, siyasi-mədəni yaxınlığa da sirayət edir.  Zatən həmişə də edib.  Totten xatırladır ki, Tunis yaranmazdan uzun illər öncə bu ərazidə Karfagen adlı dövlət mövcud idi ki, bəşər tarixinin ən qüdrətli dövləti olan Roma İmperiyası ilə rəqabət aparırdı.  Görkəmli Karfagen sərkərdəsi Hannibal möhtəşəm ordusu və cəsarəti ilə bütün Romanı lərzəyə salmışdı.  Onun keçirdiyi döyüş əməliyyatlar hərb tarixinin incilərindən sayılır.  Amma Karfagen təkcə hərbi qüdrətinə görə tanınmırdı.  300,000 sakini olan Qədim Karfagendə vaxtikən altı-mərtəbli binalar  tikilir, binalarda mürəkkəb kommunal mexanizm fəaliyyət göstərirdi.  Müəllif qədim dövrün Karfagenini müasir Manhattana bənzədir.  “Ərəb dünyasının geridə qalmış  və yoxsul hissələrində indiyədək də Karfagendə mövcud olmuş kommunal sistem yoxdur.”

“Tunis 1000 il Qərb Sivilizasiyasına mənsub olub ki, bu da, ABŞ-ın mövcudluğundan dörd dəfə uzun bir vaxtdır.  Karfageni Qərbə gətirən romalılar orada təkcə binalar deyil həm də legitim hökumət irsi, inkişaf etmiş urbanizasiya qoyub getdilər ki, bu iki məsələdə müasir ərəb dövlətləri hələ də axsayırlar.”  Tarixi-mədəni baxımdan Qərbin bir parçası olmuş Tunis 1881-ci ildə Fransanın kolonizasiyası ilə yenidən bu siyasi məkana qayıtdı.  Təsadüfi deyil ki, ölkənin ilk prezidenti Həbib Burgiba Türkiyəni Türkiyə etmiş Mustafa Kamal Atatürk tipli bir lider idi.  “Atatürk kimi Burgiba da istəyirdi ki, vətəni üzünü Qərbə istiqamətləndirsin.  Təhsil dilini fransız dili edən Burgiba sosializm iflasa uğradıqdan sonra dərhal bazar iqtisadiyyatına keçdi.  Nəticədə neftsiz başqa bütün ərəb dövlətləri arasında Tunis yeganə ölkədir ki, əhalinin 60 faizi orta sinfə daxildir.  Burgiba həmçinin qadınlara bərabər hüquq verdi və çadranın dövlət binalarında və məktbələrdə geyilməsinə qadağa qoydu.

Təbii ki, Tunis başqa ərəb dövlətlərinin ürcah olduğu avtoritarizm bəlasından qurtula bilmədi.  1987-ci ildə hakimiyyətə yiyələnən Ben Əli korrupsioner bir diktator id.  Ölkəni oğru kimi idarə edən Ben Əli nə var idisə ona əl qoyur, qarşısında dayananları əzirdi.  Amma bütün hallarda Ben Əli İraq lideri Səddam Hüseynin, yaxud Suriya liderləri Hafiz və Bəşar Əsədlərin tayı deyildi.  Ola da bilməzdi.  Çünki Ben Əlinin idarə etdiyi cəmiyyət, Tottenin təbiri ilə desək, “müasir, proqressiv, liberal və tolerant” idi.  Əslində cəmiyyətin zəkası onu idarə edənin təfəkküründən xeyli irəlidə idi.  İnqilabın məhz burada baş verməsi də cəmiyyətin Qərb dəyərlərinə yaxınlığı, intellektual təkamülündən qaynaqlanırdı.  Əlbəttə, qarşıda Tunisi çox sınaqlar gösləyir.  Mümkündür ki, islamçılar ölkənin demokratik inkişafına əngəl törətməyə cəhd göstərsinlər, zorakılığ əl ataraq siyasi proseslərin sivil yolla tənzimləməsini inkar etsinlər.  Haaqında danışdığımız yetkin, püxtələşmiş cəmiyyət buna imkan verəcəkmi?  Sualın cavabı xeyli illər aparacaq. “Amma əgər Tunis əvvəl-axır demokratiya olarsa və başqa ərəb dövlətləri üçün nümunəyə çevrilərsə, bunun üçün biz Karfagen və Romaya minnətdar olmayılıq,” deyə Totten yazısını bitirir.

One response to “Hannibalın Xələfləri”

  1. […] Əsgər Möhsümoğlu […]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Əsgər Möhsümoğlu

Əsgər Möhsümoğlu on ildən çoxdur ki, Amerikanın Səsində çalışır. Ali təhsilini Saint Olaf Kolleci, Stanford Universiteti və Maryland Universitetində alıb. Tarix elmləri doktorudur. "Vaşinqtonun Nəbzi" azərbaycanlı oxuyucuları siyasi, iqtisadi və sosial mövzularda Qərbdə cərəyan edən müxtəlif debatlarla, mətbuat icmalları ilə tanış edir.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories