Fin Əsgəri

Posted January 13th, 2013 at 3:09 pm (UTC-5)
Leave a comment

1939-cu il, 30 noyabrda 450,000 sovet əsgəri sərhədi keçərək hücum edəndə Finlandiyanın uduzmaq üçün hər bir bəhanəsi var idi.  Sovetlərin üç dəfə çox əsgəri qüvvəsi, üç dəfə artıq təyyarəsi və yüzlərlə əlavə tankı var idi.  Cəmi 3.5 milyon əhalisi olan Finlandiya yüz milyonlarla vətəndaşı olan nəhəng Sovet İmperiyası ilə təkbətək qalmışdı.  Fin xalqına Qərbdə çoxları simpatiya bəsləyirdi, amma kömək edən yox idi.  Finlər vuruşdular.  Müharibəni udmadılar.  Amma sovetlərə kifayət qədər ağır zərbələr endirərək müstəqilliklərini qoruyub saxladılar.  Və dünyaya göstərdilər ki, güclü iradəsi və nizam-intizamı olan azlıq, qullardan ibarət çoxluqdan daha effektivdir.

Sovet İttifaqının Finlandiyaya hücumunun rəsmi səbəbi bu idi ki, Sovet-Finlandiya sərhədi 1918-ci ildə Bolşevik İnqilabından sonra Rusiyanın ən zəif vaxtında müəyyən edilmişdi. Rusların ikinci ən iri şəhəri olan Leninqrad (indiki Sankt-Peterburq) Finlandiya sərhədindən cəmi 40 kilometr aralıda yerləşirdi ki, bu da onu hərbi baxımdan müdafiə üçün əlverişsiz duruma salmışdı.  Həqiqi səbəb isə bundan ibarət idi ki, Rus-Sovet dövləti tarixi ənənələrinə sadiq qalaraq kiçik qonşularını hədə-qorxu ilə sıxışdırır və ələ imkan düşdükcə onlardan torpaq qoparmağa çalışırdı.  Ruslar bu oyunu onlarla sərhəd paylaşan bir çox millətlərin başına gətirmişdilər və sonradan gətirəcəkdilər.  Bundan əlavə, almanların “blitzkrieg” strategiyasından ilham almış İosif Stalin hesab edirdi ki, özündən qat-qat kiçik Finlandiyaya hücum etməklə SSRİ dünyaya güc nümayiş etdirəcək.  Hər şey əksinə oldu.

Təqribən 1000 kilometrlik cəbhə boyu hücuma keçən sovetlər finlər üzərində mütləq tank üstünlüyünə malik idilər. “Kəmiyyət özü bir keyfiyyətdir” prinsipinə əsaslanan Sovetlərin taktikası sadə idi.  Onlar say və təchizat üstünlüyündən istifadə edib qısa vaxt kəsiyində bacardıqca çox ərazi tutmağa və düşmənin iradəsini qırmağa çalışırdılar.  Finlər isə nəhəng rəqiblə mübarizədə mürəkkəb taktikalara üz tutmalı idilər  Müdafiə strategiyasının özəyində Mannerhaym müdafiə xətti dayanırdı.  Bütün döyüş əməliyyatlarının məqsədi sovet qoşunlarını bu xəttə cəlb etmək və burada onlara həlledici döyüş verməkdən ibarət idi.  Finlərin anti-tank silahları yox səviyyəsində idi.  Orduya cəlb olunanların böyük əksəriyyətini heç bir uniforması olmayan, silahı çatışmayan könüllülər təşkil edirdi.  Amma finlərin nəhəng bir üstünlüyü var idi: Onlar vətənləri uğrunda vuruşurdular, əsarətdə olan müxtəlif millətlərin nümayəndələrini təmsil edən sovet əsgərləri isə Stalinin imperialist ambisiyaları uğrunda.

Fin əsgəri əlində Molotov kokteyl tutub

Finlərin başqa üstünlükləri də var idi.  1930-cu illərdə 30,000-ə yaxın yüksək rübtəli sovet zabiti repressiyanın qurbanı olmuşdu.  Sovet ordusu, sovet cəmiyyəti kimi Stalinin zəhmi altında iflic vəziyyətə düşmüşdü.  Nəhayət coğrafiya və havalar da finlərin tərəfində idi.  Sovet-Fin sərhədi dünyanın ən keçilməz meşələri və relyefi ilə tanınırdı.  1940-cı ilin qışı isə son illərin ən soyuq, ən sərt qışı idi.  Məhz səbədən tarixdə Sovet-Fin müharibəsinə həmçinin “Qış Müharibəsi” kimi istinad olunur.  Finlandiya mövqelərinə başıpozuq şəkildə hücum edən sovetlər az qala hər hücumda minə yaxın itki verir, çoxlarını don vururdu.  Kiçik taqımlara bölünmüş və manevr müstəqilliyinə malik finlər fürsət ələ düşən kimi sovetləri pusquya salıb neytrallaşdırırdılar.  Bu günədək istifadəsi geniş yayılmış “Molotov” kokteyli də imkanları məhdud olan finlərin ixtirası idi.  Onlar müəyyən etmişdilər ki, içərisinə yanacaq doldurulmuş butulkaya sadəcə fitil qoyub onu tanka vuranda əsl bomba effekti alınır və tank sıradan çıxır.  Sovetlərdən fərqli olaraq əsgərlərinin qayğısına qalan fin hökuməti döyüşçüləri imkan daxilində qış üçün tələb olunan xizəklər, normal qida, hətta bəzi hallarda sauna ilə təchiz etmişdi.  Finləri sovetlərə qarşı amansız və effektiv edən həm də qəzəb faktor idi – paytaxt Helsinkinin sovet təyyarələri tərəfindən aramsız bombalanması finlərə müharibəni udmaq üçün çox zaman labüd olan mənəvi üstünlük vermişdi.

Bayaqları deyildiyi kimi, finlər müharibəni udmadılar.  12 martda – döyüş əməliyyatları başlanandan üç ay yarım sonra günbəgün güclənən rəqiblə meydanda tək qalmış finlər sülhə getməyə məcbur oldular.  Finlandiya ərazisinin əhəmiyyətli kəsimi sovetlər tərəfindən ilhaq olundu.  Amma bu üç ayda finlər çox şeyə nail oldular.  Onlar sovetlərin yüz minlərlə canlı qüvvəsini məhv etdilər.  Cəmi 20-30 tank itirən finlər 3500 sovet tankını sıradan çıxardılar.  Düşmənin 500-ə yaxın təyyarəsi vurulub salındı.  Ən mühümü isə, finlər dünyaya sübut etdilər ki, vətənini sevən və yüksək əhval-ruhiyyəyə malik əsgər məhdud resursla hansı şücaətlərə qadirdir.

Qış Müharibəsi bu baxımdan həm də mədəniyyətlər arasındakı təzadları əks etdirirdi.  Finlərdən fərqli olaraq sovetlər öz gəncinə hərbi təlimə ehtiyacı olan potensial döyüş maşını kimi yox, əlinə silah verilmiş iradəsiz qul kimi baxırdılar.  Fin ordusu rütbəcə ən aşağı səviyyədə belə müstəqil qərar vermə qabiliyyətinə yiyələnmiş, təlimli, effektiv və nəhayət vətənpərvər hərbçilərdən ibarət idi.  Sovet ordusu isə iradəsi qırılmış, hər şey üçün hərbi komandirin əmrini gözləyən və nəticədə, çox vaxt döyüş meydanında özünü itirən, manevr imkanları məhdud, təşəbbüs hissindən büsbütün xali adam yığınağı idi (Yeri gəlmişkən, hərbi ənənələr arasındakı bu kontrastı rejissor Zack Snyder 300 filmində əks etdirməyə çalışır).  Bir tərəfdə insanına ən dəyərli vəsaiti kimi baxan xalq, o biri tərəfdə isə əsgərinə tükənməz xammal kimi baxan nəhəng bir imperiya var idi.  Məhz bu səbəbdən SSRİ-nin Finlandiya üzərində qazandığı qələbə də Pirr qələbəsinə çevrildi.  Sovetlərin bu dərəcədə zəif olduğunu görən Almaniya diktatoru Adolf Hitler dərhal SSRİ-yə hücum etmək planını işə saldı.  Qarşıda sovet əsarətində olan xalqları milyonlarla itkilər gözləyirdi.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Əsgər Möhsümoğlu

Əsgər Möhsümoğlu on ildən çoxdur ki, Amerikanın Səsində çalışır. Ali təhsilini Saint Olaf Kolleci, Stanford Universiteti və Maryland Universitetində alıb. Tarix elmləri doktorudur. "Vaşinqtonun Nəbzi" azərbaycanlı oxuyucuları siyasi, iqtisadi və sosial mövzularda Qərbdə cərəyan edən müxtəlif debatlarla, mətbuat icmalları ilə tanış edir.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories