“Möhtəşəm hürriyətin bədəli nə olursa olsun, onun üçün dünyaları verməyə dəyər,” deyə fransız mütəfəkkir Monteskyö bəyan etmişdi.  Uzaq keçmişə baxdıqca müşahidə etdiyim məqamlardan biri ingilis və fransız filosofların azadlıq məfhumuna son dərəcə önəmli yer vermələridir.  Bu baxımdan Valter Bagehotun 1869-cu ildə yazdığı Fizika və Siyasət kitabı maraqlıdır.  Təkcə ona görə yox ki, müasir korrektəlikdən uzaq olan bu kitabda dünya millətləri bəlağətsiz təhlil olunur.  Addımbaşı ingilisləri başqalarından müsbət mənada fərqləndirən müəllif eyni zamanda azadlıq və tiraniya kimi geniş məfhumlar barədə orijinal fikirlər irəli sürür.

Valter Bagehot dünyada mövcud olan millətləri iki qismə bölür.  Birinci və dünya toplumunun böyük əksəriyyətini təşkil edən qismi o “barbar” kimi təsvir edir.  Bu barbarları sivilizasiyalı millətlərdən ayıran başlıca xüsusiyyət onların adət və ənənələrə hədsiz dərəcədə aludə olmalardır.  Primitiv cəmiyyətlərdə adətlərin çoxu tayfa başçısının arbitar şəkildə çıxardığı qərarlar əsasında formalaşır ki, bunun əsas funksiyası insanları asanlıqla idarə etməkdir.  Yaxından tanıdığı kolonial hindu cəmiyyətini nümunə göstərən Bagehot burada mövcud olan saysız-hesabsız, əksər hallarda praktik faydası olmayan adət-ənənələri cəmiyyət üçün buxov kimi xarakterizə edir.  Bu ənənələr cəmiyyətdə durğunluğa, dəyişməzliyə ifrat həvəs yaradır ki, bu, müəyyən mənada insan təbiətindən qaynaqlanır  – amma başqa tərəfdən onun inkişafının qarşısını alır, insanların əl-qolunu bağlayır.  Müəllif etiraf edir ki, nə vaxtsa onun mənsub olduğu ingilis milləti də eyni durumda olub.  Amma dəyişkənliyə, yeniliyə meyl göstərən ingilislər bu mərhələni arxada qoymağa müyəssər olublar. “Nailiyyətli millətin əsas cəhəti onun sivilizasiyanın birinci mərhələsindən çıxaraq ikinci mərhələyə keçməsidir – o mərhələdə ki, insanların ən çox veridkləri dəyər daimilik yox dəyişkənlik olur; Proqresin niyə belə ləng olduğunu görmək üçün insan təbiətinin nə qədər konservativ və dəyişikliyə müqavimətli olduğunu dərk etmək lazımdır.”

Valter Bagehotun bu xüsusda ədəb-ərkan haqda yazıdqları diqqət cəlb edir.  “Ədəb-ərkan Şərqdən Qərbə tərəf gəldikcə pisləşir.  Ən yaxşı ədəb-ərkan Asiyada olur, ən pis isə Avropada.  Buna səbəb odur ki, ədəb normaları cəmiyyətin adətlərini dondurmağa xidmət edir, onu itaətkarlığa alışdırır.” “Ağır otur, batman gəl!” “Ulunun sözünə baxmayan ulaya-ulaya qalar.” “Danışmaq gümüşdürsə, susmaq qızıldır.”  İngilis mütəfəkkir hesab edir ki, susmağı ali dəyər kimi qəbul etmiş cəmiyyətlər demək olar ki, həmişə danışan cəmiyyətlərə məğlub olurlar, istər hərbi müstəvidə, istərsə də iqtisadi inkişaf baxımdan.   Bagehotun fikrincə ədəb qaydalarına göstərilən yüksək ehtiram əksər hallarda cəmiyyətin qabiliyyətli, bacarıqlı nümayəndələrinin qarşısında şlaqbaum rolu oynayır – küt, bacarıqsız, varlı zümrədə qərar tutmuş insanların öz mövqelərini qorumasına xidmət göstərir.  Buna misal olaraq o, farsların “kaida-e nişeste-o berxəst” – yəni, oturma mədəniyyətinə nəzər salır.  İrana səfəri zamanı mənasız etiketlərlə beyni doldurulmuş ingilis müəllif bu qaydalara İran cəmiyyətində böyük önəm verildiyini, amma əslində bu normaların daşlaşmış ierarxiya reallıqlarını əks etdirdiyini qeyd edir.  “Bu qaydalar çoxlarına mənasız görünə bilər, amma bu ölkədə qaydalara necə riayət olunması adamın cəmiyyətdə nə qədər mühüm mövqe tutmasından xəbər verir.  Ənənəvi cəmiyyətlərdə ərəb-ərkan qaydaları kodunda öz əksini tapıb ki, bunun da başlıca hədəfi cəmiyyətdə qəbul olunmuş normaları qorumaqdır, onları zəiflətmək deyil.”  Təəccüblü deyil ki, Bagehotun bu sözləri qələmə almasından150 il keçmiş İran cəmiyyətində qadınlar küçəyə başıaçıq çıxa bilmir.

Bagehot insanların yeni ideyaya açıqlığını inkişafın başlıca amili adlandırır.  O biri tərəfdən tolerantlıq yalnız müzakirələrin mövcud olduğu məkanda meydana çıxa bilər.  O yerlərdə ki, idarəçilik diskussiyalarla həyata keçirilir, həmin yerlərdə insanları susduran tabular da dağılmağa başlayır.  “Tabu ilə diskussiya bir araya sığmır. İstənilən mövzunu müzakirəyə qoyanda artıq onun toxunulmazlıq statusu aradan qalxır.  Bununla da etiraf edilir ki, müqəddəs ideya yoxdur – heç kəsi Allah yaxud başqa bir adət insanlara rəhbər təyin etməyib ki, hamı ona tabe olsun.”  Müəllifin yazıdğına görə o mövzu ki, artıq müzakirəyə çıxarılır, orada sirr və müəmma yox olur.  Insanlar sərbəst şəkildə öz düşüncələrini paylaşır və bu mükalimələr nəticəsində cəmiyyət zəkanın – tayfa başçısının arbitrar diktəsi ilə yox – gücü ilə irəliyə doğru hərəkət etməyə başlayır.

Bagehotun nəzərində “diskussiyalı hökumət” ideyasının təntənəsini sübut etmək üçün çox uzağa getməyə ehtiyac yoxdur.  Onun təmsil etdiyi ingilis milləti Dalğalar Hökmranı sayılan Britaniya İmperiyasını qurmuşdu – elə bir imperiya ki, günəş heç zaman onun əraziləri üzərində batmırdı.  Məhz həmin İngiltərə dünyaya Vilyam Şekspir, İsaak Nyuton,  Frensis Beykon və Con Lok kimi dühaları verə bilərdi.  Əlbətə ki, diskussiyalı hökumət ideyası ingilislərlə başlamamışdı.  Bundan çox-çox əvvəl, qədim yunanlar və romalılar diskussiyalı hökumət ideyasını həyata keçirmişdilər.  Yunan demokratiyasının qüdrətini anlamaq üçün fizikadan tutmuş həndəsəyə, tarixdən tutmuş fəlsəfəyədək əksər dünya elmlərinin köklərinə baxmaq kifayət edir.  Növbəti dəfə Qobustan qayalarına yolunuz düşəndə isə Roma legionerlərinin cızdıqları yazını oxuyun və Bagehotun “diskussiyalı hökumət” ideyasını yada salın.