Birləşmiş Ştatlar təşəkkül tapandan bəri mühacirət başlıca debat mövzularından biri olub.  Ötən bir neçə ildə ispandilli mühacirlərin ölkəyə axını məsələni xeyli aktuallaşdırıb.  Bir çox təhlilçilər güman edirlər ki, Respublikaçı namizəd Mitt Romninin seçkilərdə prezident Barak Obamaya uduzmasına əsas səbəb məhz onun qeyri-qanuni mühacirətlə bağlı tutduğu mövqe oldu.  Belə ki, Romninin qeyri-qanuni mühacirlərə qarşı sərt mövqeyi ispandillilər arasında Barak Obamaya 71% səs qazandırdı ki,  Amerikanın dəyişkən demoqrafiyası fonunda bu faktor seçkilərin taleyini həll etdi.  Baxmayaraq ki, Romni ağlar arasında səs çoxluğu qazanmışdı (59%), onun etnik azlıqlar arasında göstəriciləri Respublikaçılar partiyasını Ağ Evə növbəti dörd ilə həsrət qoydu.

Seçkilərin ardınca həm Respublikaçılar, həm də Demokratlar anlayırlar ki, mühacirət məsələsi ilə bağlı nəsə etmək lazımdır.  Təxminlərə görə Amerikada hazırda 10 milyondan çox qeyri-qanuni mühacir yaşayır ki, onların ölkədə hüquqi statusu yoxdur.  Bu, isə o deməkdir ki, onlar normal qaydada işləyə, təhsil ala, bir sözlə cəmiyyətin əksər imtiyazlarından yararlana bilməzlər.  Demokratlar təklif edirlər ki, Amerikada uzun müddət yaşamış adamlara vətəndaşlıq əldə etmək üçün yol xəritəsi verilsin.  Təklifin əleyhdarları isə hesab edirlər ki, Amerikaya qeyri-qanuni gəlmiş adamlara vətəndaşlıq vermək gələcək qanunsuzluqlara rəvac vermiş olur və özbaşınalığa haqq qazandırır.

Washington Post qəzetində debatın tarixi köklərinə nəzər salan Elizabeth Cohen hələ Amerika dövlətinin ilk günlərində bu məsələnin gündəmdə olduğunu yazır.  “18-ci əsrdə ABŞ-da qeyri-qanuni mühacir yox idi, amma burada çox sayda daha təhlükəli bir qrup adam var idi ki, onlar Amerika Birləşmiş Ştatlarının mövcudluğuna hədə törədirdilər.  Bunlar Amerika İnqilabı zamanı Britaniya kralı tərəfində vuruşmuş Loyalistlər idi.  Cohenin yazdığına görə Loyalistlər həmin vaxt Amerika əhalsinin 20 faizini təşkil edirdilər.  Təsəvvür edin ki, hər beş nəfərdən biri yeni dövlətdə yaşamağa haqq etməmiş adamlardan ibarət idi.  Bəs hökumət problemi necə həll etdi?  1805-ci ildə Ali Məhkəmə bu adamlara vətəndaşlıq verilməsi barədə qərar çıxardı.  Qərar ona əsaslanırdı ki, koloniylar hələ müstəqilliyi müzakirə edəndə artıq bu insanların vətəndaşlıq əldə etməyə ixtiyarları çatırdı.  Bir az qəribə səbəbdir, amma Amerikanın kompromisə söykənən siyasi mədəniyyətinə büsbütün uyğun gəlirdi.

Ali Məhkəmənin qərarı əslində vətəndaşlıq üçün yeni fəlsəfi formul yaratdı: vaxt+yaşam+yaxşı mənəvi xarakter.  Həmin vaxtdan bəri Amerikada vətəndaşlıq və mühacirət qaydaları çox dəyişib.  Amma bu üç amil həmişə vətəndaşlığın özəyində dayanıb.  Amerikada vətəndaşlıq almaq istəyən adam bir müddət bu ölkədə yaşamalı, bu vaxt ərzində onun dəyərlərini əxz etməli və vətəndaşlığa layiq normal adam olmalıdır.  Vətəndaşlıqdan öncə müəyyən edilən 5 il ərzində adam bu cəhətlərə malik olduğunu göstərirsə onda həmin adama vətəndaşlıq verilir.

Məhkəmə kimi ABŞ-ın ilk Konqresi də bu fikirdə idi ki, vətəndaşlıq insanın Amerikaya sədaqəti ilə uzlaşmalıdır, və bunun əsas şərti ölkədə yaşayıb onun dəyərlərini qəbul etməkdir.  Gələcək prezident Ceyms Madison Virciniya Konqresmeni kimi yoxlama periodunun tərəfdarlarından idi.  Madison deyirdi ki, bu cür gözləmə müddətləri mühacirlərin amerikalılaşmasına yardım göstərir və onlarda seçdikləri yeni vətənə sədaqət hissini aşılayır.  Bu fikirlə razılaşan Teodor Zedvik hesab edirdi ki, gözləmə müddəti həm də mühacirlərə “köhnə rejimlərdə bəslədikləri dəyərlərlə vidalaşmağa və xalis respublikaçılığı ürəkdən qəbul etməyə” sövq edər.  Bu müddətdə yeni dünyanın dəyərlərinə yiyələnən adamlardan həqiqi mənada yaxşı vətəndaş çıxar.  Məhz Amerikada doğulan adamlara avtomatik vətəndaşlıq statusunun verilməsi və prezidentlik üçün tələb olunan Amerikada doğulmaq şərti də bu fəlsəfədən qidalanır: Əgər bu torpaqda dünyaya göz açmısansa, ona və onun dəyərlərinə şəksiz bağlılığın var.

İndi Amerikada qeyri-qanuni mühacirlərlə bağlı debatda nə kimi addımlar atılacağını proqnozlaşdırmaq çətindir.  Amma bütün hallarda Konstitusiyanın məramları aydın edir ki, vətəndaşlıq sadəcə vəsiqə, kağız pasport yox, insanın mənəvi dəyərlərini əks etdirən bir məfhumdur.  Amerikalıları etnik, irqi yaxud dini mənsubiyyətlər birləşdirmir, fundamental siyasi azadlıqlara və demokratiyaya inanc kimi dəyərlər birləşdirir.  Ölkənin gələcək rifahı naminə müəyyən edilməli olan başlıca kriteriya da insanların dəyər testindən keçib-keçə bilməməsidir.