Tez-tez olur ki, Valentin Günü haqda söhbət düşəndə kimsə bu bayramın sırf kommerisal mahiyyət daşıdığını qeyd edir.  Bir sıra başqa bayramlar kimi kapitalist cəmiyyətində hədiyyələrlə müşayiət olunan Valentin Gününü insanların başını aldatmaq üçün fəndgir maqnatlar tərəfindən ortaya atılan fenomen kimi izah etməyə çalışanlar neo-marksist tapıntılarından bir az da qürrələnirlər.  Sanki, əsl məhəbbətin və sevginin Valentin bayramına, gülə, hədiyyəyə dəxli yoxdur.

Əlbəttə, sevgi subyektiv bir fenomendir.  Hər kəs öz sevgisini bir cür ifadə edir, və hər kəs də sevgini bir cür qəbul edir.  Bu məsələdə arbitr rolunu öz üzərinə götürərək obyektiv dəyərləndirmə vermək çətindir.  Yəqin lazım da deyil.  Amma bayramı qeyd edənləri dayazlıqda ittiham edib, bayrama görə kapitalizmi günahlandırmağı anlamaq çətindir.  Nəzərə alanda ki, azad bazar insanların təlabatına uyğun istiqamətdə hərəkət edir, sahibkarların Valentin Günündən yararlanaraq pul qazanmaqlarında qəbahət olmamalıdır.  İnsanların ildə azı bir dəfə öz məhəbbətlərini bayram etməsi təqdirəlayiq haldır.

Valentin Gününün kökü Qədim Roma dönəmində təqib olunan xristian keşişdən qaynaqlanır.  Arxyepiskop Ternili Valentin həmin vaxt qaydalara zidd çıxaraq Roma əsgərlərini evləndirir, onların nikahına xeyir-dua verirdi.  İkinci əsrin sonlarında İmperator Aurelian pasifist düşüncələrinə görə dövlətə təhlükə sayılan xristianları kütləvi şəkildə təqib etməyə başladı.  Rəvayətə görə Valentin onun saxlandığı həbsxana rəisinin qızını xilas etmiş və edam olumazdan bir az öncə qıza yazdığı məktubu “Sənin Valentinin” imzası ilə bitirmişdi.  Sonralar Valentin öz fədakarlığına görə xristian ənənəsində müqəddəslik statusu aldı.  Əsrlər keçdikcə Valentin Avropada, daha sonra isə Asiyada və Latın Amerikasında məhəbbət simvoluna çevrilməyə başladı.

Etiqadından asılı olmayaraq çoxları fevralın 14-nü öz sevgilərini qeyd etmək üçün münasib gün hesab edir.  Onları buna kapitalizmin vadar etdiyini düşünmək yanlışdır.  Bütün vaxtlarda, bütün yerlərdə normal insanlar əks cinsin nümayəndələrinə sevgi bəsləyib və bu sevgini ifadə etmək üçün yollar arayıblar.  Hətta Sovet İttifaqı kimi totalitar cəmiyyətdə də 23 fevral, 8 mart kimi bayramlar qeyd olunur, insanlara bir-birlərinə sevgilərini ifadə etmək üçün fürsət verilirdi.  Əlbəttə, sovetlər diyarında bu bayramlar xalis siyasi mahiyyət daşıyırdı.  Məsələn 23 fevral Sovet hərbi donanmasının yarandığı gün, 8 mart isə sosialistlərin qadınlar üçün təsis etdikləri köksüz-ənənəsiz bir bayram idi. Valentin Günündən fərqli olaraq bu günlərin ilhamverici hekayəsi, insani bucağı yox idi.  Əslində bu bayramların sevgi-məhəbbətə də çox elə aidiyyatı yox idi.  Təsadüfi deyil ki, insan təbiətindən uzaq, nomenklaturanın müəyyən etdiyi bu bayramlar kapitalizmlə də yola gedə bilmədilər.  Çünki kapitalism – bütün əgər-əksikliklərinə baxmayaraq – insan azadlığının, insan təbiətinin, insan ruhunun çağırışına hay verən iqtisadi düzəndir, siyasi yığıncaqlarda təsdiq olunan qərarlara yox.