Atom Bəlası, Yoxsa Atom Duası? [Video]

Posted March 21st, 2013 at 10:00 am (UTC-5)
Leave a comment

Yapon artist İsao Haşimoto bu yaxınlarda unikal bir video yaradıb.  Bu videoda Manhattan layihəsinin ilk “Üçlük” testindən başlamaqla 1945-ci ildən 1998-ci ildə Pakistanın nüvə sınaqlarınadək dünya boyu həyata keçirilmiş 2053 atom sınağının xronikası təqdim olunur.  Hər bir millət nüvə sınağı keçirəndə ekranda ona müvafiq rəng parlayır və ekranın kənarlarında hesablar toplanır.  2003-cü ildə layihəyə başlamış Haşimoto məqsədin “atom bombalarının dəhşətini və törətdiyi təhlükəni göstərmək” olduğunu deyir.

Belə bir layihənin məhz Haşimoto tərəfindən həyata keçirilməsi başa düşüləndir.  Artistin təmsil etdiyi Yaponiya dünya tarixində atom bombası hücumlarına məruz qalmış yeganə millətdir.  İkinci Dünya Müharibəsinin gedişatında ABŞ-ın Hiroşima və Naqasakiyə atdığı atom bombalarının dəhşəti əksər yaponların milli yaddaşına qanla həkk olunub.  Atom bombaları bir neçə dəqiqənin içərisində on minlərlə mülki vətəndaşı məhv etdi.  Amma hücumdan illər keçmiş radiasiya almış hücum qurbanları hələ də ölməkdə davam edirdilər.  Yaponlar üçün müharibənin ağrı-acısı 1945-ci ildə sentyabrın 2-də təslim aktı ilə bitmədi.  Başqalarından fərqli olaraq yaponlar atom bombasının qüdrəti və vahiməsi haqda kifayət qədər real təsəvvürə malikdirlər.

Atom bombası təkcə İkinci Dünya Müharibəsinin son akkordlarını çalmadı.  Videoda göstərildiyi ki, o, həmçinin 1945-ci ildən sonra yaranan dünya düzənini, beynəlxalq münasibətlərin xarakterini büsbütün müəyyən etdi.  Azad dünya ilə müqayisədə qat-qat yoxsul olan Sovet İttifaqının Amerika ilə rəqabətə girməsinə başlıca səbəblərdən biri də kommunist dövlətin atom qüdrətinə çevrilməsi idi.  Atom bombası hərbi məğlubiyyətə qarşı mütləq sığortaya çevrildi.  Onu əldə edən istənilən dövlət əmin ola bilərdi ki, atom hücumu təhlükəsi qarşısında başqa dövlətin təcavüzü ilə üzləşməyəcək.  Məhz elə bu səbəbdəndir ki, Şimali Koreya və İran kimi rejimlər kütləvi qırğın silahı əldə etməyə can atırlar.  İraqda Səddamın taleyini görmüş hər bir diktator əmin olmaq istəyir ki, boynuna ilkək salan olmayacaq.

Atom bombasının haqqında çox az danışılan bir aspekti də diqqət cəlb edir.  İkinci dünya müharibəsi qüdrətli dövlətlərin bir-biri ilə döyüş meydanında üz-üzə gəldiyi son müharibə olub.  O vaxtdan indiyədək kiçik dövlətlər arasında, hətta böyük və kiçik dövlətlər arasında çox hərbi münaqişə olub.  Amma 1939-45 miqyasındakı kimi böyük qüdrətlər arasında müharibə baş verməyib.  Soyuq Müharibə dönəmində belə bir ssenari MAD (Mutually Assured Destruction) abreviyatürası ilə tanınırdı – yəni, Qarşılıqlı Mütləq Məhv.  ABŞ, Rusiya, yaxud Çin kimi dövlətlərin rəhbərləri yaxşı anlayırlar ki, əgər onların arasında müharibə başlasa bu müharibədən qalib çıxan olmayacaq – bu ölkələr atom zərbələrinin təsiri nəticəsində radiasiyalı səhraya dönəcək.

Soyuq Mühiarbənin qızğın çağında ABŞ Senatoru Hubert Hamfrini Kremldə qəbul edən Sovet lideri Nikita Xruşov Amerika şəhərlərini göy karandaşla dairəyə alaraq Sovet İttifaqının mümkün hədəflərini göstərmişdi.  “Sən yaxşı oğlansan, sənin şəhərini vurmayacağıq,” deyə Xruşov Minneapolisdən olan amerikalı ilə lovğa zarafat etmişdi.   “Təəssüf ki, biz bu iltifatın əvəzini ödəyə bilməyəcəyik,” deyə senator Hamfri nüvə müharibəsi baş verdiyi halda Moskvanın vurulacağına işarə etmişdi.  Bəlkə elə bu üzdən idi ki, Soyuq Müharibə heç vaxt odlu müharibəyə çevrilmədi.  Düzdür, atom bombası Yaponiyada yüz mindən çox adamın həyatına son qoyub və milyardlarla adamı məhv etmək imkanına malikdir.  Amma nəzərdən qaçırmaq olmaz ki, bu bombanın sayəsində milyonlarla insan 20-ci əsrdə olduğu kimi konvensional müharibələrin mənasız qurbanlarına çevrilməyib.  Yəqin bu səbəbdən məşhur alim Albert Eynşteyn müşahidə etmişdi: “Üçüncü Dünya Müharibəsinin hansı silahlarla vuruşulacağını deyə bilmərəm, amma əminəm ki, Dördüncü Dünya Müharibəsi çubuqlar və daşlarla vuruşulacaq.”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Əsgər Möhsümoğlu

Əsgər Möhsümoğlu on ildən çoxdur ki, Amerikanın Səsində çalışır. Ali təhsilini Saint Olaf Kolleci, Stanford Universiteti və Maryland Universitetində alıb. Tarix elmləri doktorudur. "Vaşinqtonun Nəbzi" azərbaycanlı oxuyucuları siyasi, iqtisadi və sosial mövzularda Qərbdə cərəyan edən müxtəlif debatlarla, mətbuat icmalları ilə tanış edir.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories