Terrorçu Yoxsa Kriminal

Posted April 24th, 2013 at 1:37 pm (UTC-5)
Leave a comment

Boston marafonunda partlayış törədən qardaşların kimliyi üzə çıxanda onların Merilenddə yaşayan əmiləri Ruslan Tsarni qısa mətbuat konfransı keçirdi.  “Onlar burada özlərinə yer tapmış adamlara nifrət hissi ilə dolu uğursuzlardır,” deyə qəzəbli Ruslan qardaşı övladlarını təsvir etdi. Washington Examiner qəzetinin köşə yazarı Gene Healey Ruslan əminin dediklərini Tamerlan və Cövhər Tsarnayev qardaşlarının motivlərinin ən səhih izahı hesab edir.

“Ruslan əminin dedikləri ilə Respublikaçıların Amerikanın döyüş meydanına çevrilməsi haqda dedikləri ilə təzada diqqət yetirin.  Onlar tələb edirlər ki, ABŞ vətəndaşlığı almış 19 yaşlı Cövhərə “düşmən əsgəri” damğası vurulsun.”  Libertar təmayüllü Healey bu növ çağırışları “qeyri-qanuni, lüzumsuz və qeyri-müdrik” adlandırır.

Terror hücumlarından cana doymuş Amerika ötən 10 ildə bu növ hadisələrin qarşısını almaq üçün sərt ölçülər götürüb.  Bunların sırasında terror aktı törədən adamlara Amerika məhkəmələrində şübhəlilərə verilən imtiyazların aradan qaldırılması daxildir.   Bu sentimentlərin nəticəsi olaraq bir çox amerikalılar hesab edir ki, Cövhər Tsarnayev kimi mühacirlərə konstitutsional hüquqlar şamil edilməməlidir.  O biri tərəfdən, ABŞ qanunları vətəndaşlar arasında fərq qoymur.   Hər bir ABŞ vətəndaşı əlahiddə imtiyazlara malikdir ki, bunların sırasında vəkillə təmin edilmək, sükut saxlamaq və başqa vacib hüquqlar var.

Gene Healey kimi bəziləri isə Amerika vətəndaşının məhkəməsiz-filansız istintaqa cəlb olunmasına heç bir əsas görmürlər.  Onlar ümumiyyətlə bir ovuc terrorçunun ucbatından Amerikadanın hüquq sisteminin, yaşam tərzinin yerlə-yeksan edilməsi ideyasını rədd edirlər.  “Biz terrorçulara imkan verməməliyik ki, bizi öz mövcudluğumuzu dəyişməyə qorxutsunlar.  Terrorizm zəiflərin silahıdır.  XX əsrdə 100-dən çox adamın ölümünə səbəb olan terror aktlarının sayı 20-ni ötmür.  Orta amerikalının terrorda ölmək şansı 20 milyonda 1-dir.  Bu o deməkdir ki, bizim təsadüfən öz üstümüzə televizor yaxud mebel salaraq ölməyimiz ehtimalı daha böyükdür.”

Fakt budur ki, terrorçuların böyük əksəriyyəti həyata marağını itirmiş insanlar olur.  Amalı olan, sevinc, sevgi hissi ilə yaşayan heç bir adam başqa insanların həyatına son qoymaqla öz həyatını söndürmək amacında ola bilməz.  Konkret bu halda, Tamerlan Tsarnayev təkcə özünün bədbəxt həyatına deyil, qardaşının gənc həyatına qəsd etmiş oldu.  Günün sonunda da isə nailiyyət sıfırdır.

Təyyarədə partlayış törətməyə çalışan Richard Reid həbs olunduqdan sonra məhkəmə qarşısına çıxarılmaq üçün lokal aeroporta gətiriləndə orada heç bir jurnalistin, media mənsubunun olmamasından təəccüblənmişdi.  Ona elə gəlirdi ki, o qlobal müharibənin əsgəri olaraq mühüm bir adamdır.  Özünü qəhrəman kimi göstərməyə çalışan Reidi ömürlük həbs cəzasına məhkum edən hakimin qərar verdiyi zaman dedikləri çox maraqlı idi:  “Burada müharibədən-filandan danışmağa ehtiyac yoxdur.  Sən düşmən döyüşçüsü deyilsən.  Sən terroristsən.  Heç bir müharibənin əsgəri də deyilsən.  Səni əsgər adlandırmaq yalnız statusunu qaldırmış olardı.  Sən sadəcə bir neçə adamı öldürməyə cəhd etmiş kriminalsan.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Əsgər Möhsümoğlu

Əsgər Möhsümoğlu on ildən çoxdur ki, Amerikanın Səsində çalışır. Ali təhsilini Saint Olaf Kolleci, Stanford Universiteti və Maryland Universitetində alıb. Tarix elmləri doktorudur. "Vaşinqtonun Nəbzi" azərbaycanlı oxuyucuları siyasi, iqtisadi və sosial mövzularda Qərbdə cərəyan edən müxtəlif debatlarla, mətbuat icmalları ilə tanış edir.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories